CHP-də rəhbərlik dəyişəcək

Kılıçdaroğlunun siyasi potensialının bitdiyini düşünənlər artır




Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasında gərginlik səngimir. 24 iyun seçkilərindən sonra sədr Kamal Kılıçdaroğlunu tənqid edən, prezidentliyə namizəd olmuş Məhərrəm İncəni dəstəkləyən yüzlərlə şəxs növbədənkənar qurultay çağırışları edərək, İncənin rəhbərliyə keçməsini istəyir. Bunun üçün imza toplama kampaniyasına başlayanlar, yetərli imzanı topladıqlarını bəyan edirlər.

Partiyanın bir qrup vəzifəli şəxsi isə qurultay arzusunda olanlara qarşı çıxırlar. CHP-li 129 millət vəkili və 59 şəhər təşkilatının başçısı qurultayın partiyaya zərbə vuracağı ilə bağlı birgə bəyanat veriblər: "Növbədənkənar qurultay üçün başladılan imza kampaniyası partiyamıza zərər verir. Qurultay müzakirələrinin imza yarışına çevrilməsinə qarşıyıq”. Bu açıqlamadan sonra CHP-nin əks cəbhəsinin cavabı özünü çox gözlətməyib. 

Partiyanın Məclis üzvü Qaye Usluer bölgə rəhbərlərinin iradəsinin nümayəndələrin seçimindən üstün olmadığını bildirib. Təşkilatdakı qurultay söhbətinə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə də münasibət bildirib. İncə partiyadakı hadisələri ibrətlə və məyusluqla izlədiyini söyləyib: "Kürsüyə yapışanlar qalxmamaq üçün hər yolu izləyirlər, hər yola əl atırlar. Hər şeyə baxmayaraq, ümid qalib gələcək, dəyişiklik çox yaxında baş verəcək. 16 il millət vəkili oldum, 4 il partiyada rəhbərlikdə çalışdım. Partiyadaxili proseslərdə funksionerin necə açıqlama verməli olduğunu yaxşı bilirəm. Vaxt gələcək, heç kim narahat olmasın, əleyhimə çıxış edənlərin də başqanı olacağam”.

Cümhuriyyət Xalq Partiyasında gedən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, rəhbərliyin dəyişməsi üçün növbədənkənar qurultayın çağırılmasına ehtiyac var:

 "İncənin tərəfdarları qurultayın baş tutması üçün imza toplama kampaniyası başladıblar. Yetərli imza topladıqlarını söyləsələr də, qarşı tərəf bunu təkzib edib. Hər halda partiyanın nizamnaməsinə görə, qurultay üçün lazım olan imzalar tamamlanarsa, sədr Kamal Kılıçdaroğlunun razılıq verməkdən başqa çarəsi qalmayacaq. Partiya daxilində Kılıçdaroğlunun siyasi potensialının bitdiyini düşünənlərin sayı çoxalmaqdadır. Onlar Kılıçdaroğlunun perspektivinə şübhə ilə yanaşırlar. Düşünürəm ki, qurultay keçirilərsə, rəhbərliyin dəyişilməsi qaçılmaz olacaq. Əgər müəyyən əngəllərlə sədr dəyişikliyinin qarşısı alınarsa, CHP parçalanma təhlükəsi ilə üz-üzə qalacaq. Bu isə ana müxalifət partiyasının zəifləməsinə, iqtidarın güclənməsinə səbəb olacaq”.

İsmayıl