Ciddi mətləb : Vikipediyamızda erməni ad və soyadları niyə artır ? – Əlibəyliyə CAVAB





Ötənlərdə tanınmış teleaparıcı Elçin Əlibəyli "El bizim Sirr bizim” verilişində maraqlı məqama toxunub. Aparıcı Azərbaycana məxsus vikipediya səhifələrində erməni ad və soyadlarının çoxaldığını qeyd edib.Və bunun çox təhlükəli tendensiya olduğunu diqqətə çatdırıb. Hətta aidiyyəti qurum və şəxslərdən bu məsələyə nəzarəti gücləndirmələrini istəyib.

Əlbəttə, erməni ad və soyadlarının vikipediyada çoxalması kifayət qədər ciddi mətləblərdən xəbər verir. Biz də "Sherg.az”a olaraq bu məsələnin ciddiliyini nəzərə alıb, vikipediya idarəçisi Araz Yaquboğlu ilə əlaqə saxladıq. O qeyd etdi ki, əgər vikipediyada axtarışa verilən şəxs ensiklopedikdirsə, istənilən şəxs həmin erməni haqqında yaza bilər:

"Qarabağdakı yer adlarının erməniləşdirilməsi ilə bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Düzdür, məsələnin həllinə nail ola bilmədik. Ukraynca, rusca, fransızca olan vikipediyada bizim Laçın rayonun adı "Beltzor” gedir. Amma adın dəyişdirilməsinə nail ola bilmirik.

Düşmənimiz və ya dostumuz olmağından asılı olmayaraq vikipediya açıq ensiklopediya olduğundan istifadəçilər hansı mövzunu istəyirsə yaza bilər. Məsələn, mənim maraq dairəmdə toponimlərdirsə axtarışa toponimləri yazıram. 

Başqalarının marağındakı şəxslər, hərbiçilər, tarixi və coğrafi adlardır. Kim istəsə erməni haqqında yaxud da gürcü haqqında yaza bilər. Mütləq mövzu ensikpoledik olmalıdır. Bu zaman erməni və digər adların verilməsində problem yoxdur. Kiməsə deyə bilmərik ki, "sən erməni haqqında niyə yazmısan?”. Biz sadəcə, qeyri-rəsmi olaraq deyə bilərik ki, "gəlin ermənilərdən yazmayaq” ”.

A.Yaquboğlu vurğuladı ki, gənc nəslin məlumatlı olması üçün ermənilərlə bağlı tənqidi mövzuda vikipediyaların yaradılması vacibdir:

"Erməni ad və soyadlarının, erməni vəhşiliklərinin vikipediyada əks olunması birmənalı qarşılanmalıdır. Məsələn, erməni özü haqqında təriflər yaza bilər. Amma biz onun tərcümeyi halında məsələnin tənqidi tərəfini daha çox yaza bilərik. Həmin şəxsin gördüyü işləri isə mənbələrə əsaslanaraq qeyd edirik. Çünki vikipediyada hər bir məlumat mənəblərə əsaslanır, öz təxəyyülümüzlə heç nəyi yaza bilmərik. Hər bir cümlə nəyəsə istidan olunmalı və təsdiqini tapmalıdır”.

Yeganə Bayramova