Ciddi rəqiblərimiz var

“Şirkətlərə, yük tranzitinə, iş adamlarına “yaşıl koridor” yaratmalıyıq”



"Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanması üçün artıq heç bir əngəl qalmayıb”. Bunu Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım deyib. Nazir açıqlamasında bildirib ki, dəmiryol xətti tarixi "İpək yolu” üzərindəki önəmli mərhələni təşkil edir.

Onun sözlərinə görə, adıçəkilən dəmir yolunun açılışından sonra Avropa ilə Çinin Qafqaz üzərindən biri-birinə bağlanması kimi çox mühüm bir iş reallaşdırılacaq: "Layihədə arzulanmayan gecikmələr baş verdi. Ancaq bütün bu gecikmələri geridə qoyacaq tədbirlər gördük. Bu ilin sonunda dəmiryol istismara veriləcək. Bu dəmir yolu ilə ilkin mərhələdə yük, ardınca sərnişinlər də daşınacaq”. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ilə bağlı saziş 3 ölkənin dövlət başçısı arasında 2007-ci il fevralın 7-də imzalanıb. Bu layihə üzrə tikinti işlərinə isə həmin il noyabrın 21-də başlanılıb.

Layihənin gecikməsindən və gələcək perspektivindən danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dəmiryol xəttinin yubanması iki məsələ ilə bağlıdır: "Birinci problem maliyyədir. Bilirsiz ki, Azərbaycan tərəfi layihənin böyük bir hissəsini öz üzərinə götürüb. Gürcüstana 200 milyon dollar məbləğində 20 illik faizsiz kredit verib. Gecikmənin ikinci səbəbi isə ekoloji məsələdir. Dəmiryol xəttinin keçdiyi bəzi yerlərdə, xüsusən Gürcüstan ərazisində ekoloji problemlər ortaya çıxdı. Gürcü ictimaiyyəti bununla bağlı etiraz aksiyası keçirdi. Ona görə də marşrutda bir sıra dəyişikliklərə ehtiyac duyuldu. Eyni zamanda beynəlxalq maliyyə institutları bu layihəyə ciddi maraq göstərmədilər. İlkin olaraq beynəlxalq maliyyə qurumlarından kredit alınması düşünülürdü. Amma bu baş vermədiyi üçün Azərbaycan liderliyi öz əlinə aldı və layihənin böyük bir hissəsinin xərclərini özü ödədi”. Layihənin əhəmiyyətindən danışan iqtisadçının sözlərinə görə, Azərbaycan tərəfi yüklərin keçidi üçün münbit şərait yaradarsa, Çindən ta Londona qədər böyük ərazini əhatə edəcək yeni "İpək Yolu”nu formalaşdıra bilər: "Bunun üçün çox ciddi işlər görməliyik. Yüklərin sərhəddən daha rahat, sərbəst və tez keçməsi üçün infrastrukturları yeniləməliyik. Həmçinin, rəqib layihələri diqqətə almalıyıq. Çindən daşınan mallar Qazaxıstan-Rusiya yolu ilə Avropaya aparıla bilər. İran yeni təkliflə çıxış edərək yük daşımalarında tranzit ölkə olmağa iddialıdır. Yəni ciddi rəqiblərimiz var. Bu baxımdan şirkətlərə, yük tranzitinə, iş adamlarına "yaşıl koridor” yaratmalıyıq. Azərbaycan üzərindən nə qədər çox yük daşınarsa, gəlirlərimiz bir o qədər çox olar. Düzdür, burada külli miqdarda vəsaitdən söhbət getmir, amma ən azından ilkin mərhələdə 50 milyon dollar civarında gəlir götürə bilərik. Mövcud koridorla ildə 5 min ton yük daşınması nəzərdə tutulur, ancaq biz bu dövriyyəni 20 min tona çatdırmaq imkanına sahibik”.

İsmayıl