"Çıxıram, nə bacarıramsa, sözümü deyirəm" - MÜSAHİBƏ




Xalq şairi Fikrət Qoca Sherg.az-a danışıb. Şairlə cəmiyyətdə baş verən mədəniyyət aşınmaları, Azərbaycan ədəbi mühitinin indiki durumu, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, gənc yazarların intiharı və s məsələlər ətrafında maraqlı söhbət apardıq.

Sherg.az müsahibəni təqdim edir:

- Son zamanlar yüngül əxlaq sahibi olan bəzi müğənnilərin efirlərdən ölkə ictimaiyyətinə, "ağıl vermə" meyli daha da artıb. Yəni heç bir milli, mənəvi, əxlaqi və mədəni dəyəri olmayan insan çıxıb efirdən Azərbaycan xalqına ailə dəyərlərindən, milli mənlik şüurdan dərs keçməyə çalışır. Əlbəttə, haqlı olaraq bu hal ziyalılar, intellektuallar və eləcə də sadə, siravi vətəndaşların etirazına səbəb olur. Xalq bu tövsiyəni ziyalılardan gözləyir. Ziyalılarımız harada qalıb, onlar niyə efirlərdə az görünür?

- Şəxsən məni nə vaxt efirə dəvət edirlər çıxıram və nə bacarıramsa, sözümü deyirəm. Həm də açığı çox danışmağa həvəsim yoxdur. O adamlar çox danışır ki, onlar elə bilirlər ki, hər şeyi bilirlər. Amma əslində heç nə bilmirlər. Dünyada, tarixdə nələrin olduğundan xəbərləri yoxdur. Baxın, adam oxuyub, öyrənəndən sonra anlamağa başlayır ki, hec nə bilmirmiş və ya çox az şey bilirmiş. Adam heç nə bilmədiyi halda cammata necə "siz elə etməyin, belə edin" deyib, ağıl öyrədə bilər? 

- Sizcə, xoşbəxt cəmiyyət qurmaq üçün nə etmək lazımdır? 

-Hərə xoşbəxtliyi bir cür anlayır. Biri xoşbəxtliyi vətən uğurunda döyüşməkdə görür, biri vətəni qoyub qaçmaqda. Bilmək olmur. Hər kəs öz taleyini yaşayır.Yaxşı olar ki, hər kəs özü - özünü tərbiyə etsin, başqasını deyil. Birinci növbədə dözmək lazımdır. Bunun da birinci adı səbrdir. Səbr dözə bilmək deməkdir. Həyat dözə bilməkdir. Həyat mümkün olan bacardığın yaxşı işlərə nail olmaqdır. Sən bundan ötəri dünyaya gəlmisən. Təssüf ki, pislik edən adamlar da olur. Pis adamların da qoyub getdiyi pislik olacaq. Hər kəsin nəsli -kökü var. Hamı yaxşı olsaydı, nə vardı ki. Hər torpağın altından qızıl çıxsaydı, onda qızılın qiyməti olmazdı. Dözmək lazımdır. Həyatı olduğu kimi qəbul etmək gərəkir. Sən çalış bacarığını ortaya qoy və bacardığın yaxşılığı et. Kimsə gəlib sənə yaxşılıq etməyə qadağa qoyursa, sənin yolunu kəsirsə, onda denən, qardaş sən kiməsə pislik edəndə mən yanında olmamışam, sənə maneə olmamışam. İndi imkan ver, mən yaxşlığımı edim. Məsələ buradadır. Həyata bu cür baxsaq, onda görərik ki, həyat yaşanmalıdır. Və belə olan halda cəmiyyət də xoşbəxt olar.  

-Bəzi ziyalılarımız, yazıçılar gənclərlə ziyalılar arasında uçurum yaradıldığını, gənclərlə ziyalılar arasında görüşlərin təşkil olunmadığını iddia edirlər. Bu fikirlərlə razılaşırsınızmı?

Razılaşmıram. Bu mövzu ilə bağlı bədbin danışa bilmərəm. Şikayət etməyəcəm. Belə görüşlərimiz çox olur. Bəlkə kimisə dəvət etmirlər, bu da ola bilər. Amma çalışıb elə məsələ qaldırmaq lazımdır ki, gənclik də maraqlı olsun. Onda səni dəvət edəcəklər. Hər kəs dünyadan istəyini götürür. Tələbənin dərsi o qədər çoxdur ki, bəlkə heç belə görüşlərə vatxı yoxdur. O, hər şeyi kitablardan öyrənirsə, bu, lap yaxşı. Burada pis nə var ki? Əgər yaxşı oxumayacaqsa, universitetdən çıxaracaqlar. Bunu niyə dərd etməliyik ki?

-Hazırda ədəbiyyata gələn gənclərimizin intellektual səviyyəsi necədir? Razısınızmı? Gələcəkdə ədəbiyyatımızı onlara həvalə edə bilərikmi?

- Bildiyim odur ki, çox gözəl gənclik var. Gəlin, müqayisə edək. Keçən əsrin əvvəllərində bir məktub alanda mirzə axtarırdılar. Bir məktub yazdıranda qocasından tutmuş, gəncinə qədər hamı mirzə axtarırdı. İndi Allaha şükür hamı yazır, pozur, oxuyur. Şeir yazırlar. Hansı əsasla deyə bilərəm ki, "yox gənclik pisdir" və ya "savadlı gənclər yoxdur". Hər dövrün özünün platforması, özəyi , bünövrəsi var. Bizim də dövrün bünövrəsi o cavanlardır. Onlar da bizim övladlarımızdır da. Öğlumuz şuluqlu edəndə çıxıb döyürük? Tərbiyəli adam övladını tərbiyə edib, tərbiyə ilə böyüdər. Hər şey öz formasını tapacaq. Necə ki, sel- su, öz axarını tapır və çay olur. Gənclik də elədir. Sel kimi gəlir və çox rənglidir. Pisi də var, yaxşısı da. Ələnib, yaxşılar seçiləcək.

- Sosial şəbəkələrdə davamlı olaraq Azərbaycan Yazıçılar Birliyinin ləğvinə dair fikirlər yazırlar. Bunlar nədən irəli gəlir?

- Belə adamlar yaxşı ev tikmək arzusu ilə öz evlərini sökürlər. Sonra da məlum olur ki, ev tikə bilmirlər və evsiz qalırlar. Birinci özlərinə yaşadıqları evdən yaxşı ev tiksinlər, sonra köhnəni söküb, hara istəsələr köçərlər və harada istəyirlər orada da yaşayarlar.

- Akademik Nizami Cəfərov müsahibələrinin birində çox maraqlı, eyni zamanda cəmiyyəti narahat edən bir məqama toxunub. Bildirib ki, gənc yazarların şeirlərində intihara meyllilik daha çox hiss olunur. Onlar əsərlərində, şeirlərində intiharı həyatın ayrılmaz tərkib hissəsi kimi göstərirlər. Doğrudanmı belədir?

- Məsələ budur ki, hamımız əsgərik. İntihar fərarilikdir. Hətta buna dair şeirim də var. Hər kəsin bu ölkədə görəcəyi işi var. İntihar işdən qaçmaqdır. Torpaqlarımız düşmənin tapdağı altındadır. Biz onu azad etməliyik. İntihar edən o döyüşdən qaçır. O işini qoyub qaçır. İşimiz təkcə şeir yazmaq deyil. Vətən torpağını qorumaq da bizim işimizdir. İntihar edəndə bundan qaçırıq. İntihar edən adam günaha batmış sayılır. Hətta qədimdə belə bir şey vardı ki, intihar edəni qəbristanlıqda dəfn etmirdilər. Çünki o adam Allahın verdiyi tapşırıqdan, canından qaçır. Allah sənə qismət verib, dünyaya gəlmisən, sən də qaçırsan. Nə var ki, sənin üçün yaşamaq çətindir. Ye-iç yat, dur, təzədən ye yat. Bu da iş deyil axı. Adam çətinlikdə çəkməlidir da."

Söhbətləşdi: Ayyət ƏHMƏD