Kamal Abdullanın təklifini millət vəkilləri dəstəklədi
Dünən Qafqaz Müsəlmanları İdarəsində "Xocalı soyqırımı xalqın qan yaddaşıdır! "Xocalıya ədalət!” adlı tədbir keçirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı faciəsinin Azərbaycanın qan yaddaşı olduğunu deyən QMİ sədri ermənilərin bizə qarşı apardıqları soyqırım nəticəsində çoxlu sayda şəhidlər verdiyimizi qeyd edib: "Bizim işimiz ondan ibarətdir ki, dünya ictimaiyyətinə ermənilərin xalqımıza qarşı apardığı təcavüzü, məscidlərimizi, mədəniyyət abidələrimizi dağıtdığı haqqında həqiqətləri çatdırmalıyıq. Soyqırım ilə bizim xalqımızı sındırmaq olmaz. Aprel döyüşləri, Cocuq Mərcanlının bərpası onu göstərir ki, Pezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tez bir zamanda geri qaytarılacaq. Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar bir məscid tikiləcək”.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin müşaviri Kamal Abdulla isə deyib ki, işğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı. Dağlıq Qarabağa qayıdışın Cocuq Mərcanlıdan başladığını vurğulayan K.Abdulla ümid edir ki, Cocuq Mərcanlıda muzey olaraq saxlanan evlər bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq.
Hər iki məsələ ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkilləri də Cocuq Mərcanlıda məscid tikilməsini və işğal muzeyi yaradılması ideyasının təqdirəlayiq olduğunu deyiblər.
Cocuq Mərcanlıda məscid tikilməsinin zərurət olduğunu vurğulayan deputat Fazil Mustafanın sözlərinə görə, Şuşa məscidinin maketində yeni bir məscid tikmək o qədər də asan olmaya bilər:
"Hesab edirəm ki, Cocuq Mərcanlıda Şuşa məscidinin eynisini tikmək bir az problemli olacaq. Amma istənilən halda orada məscid tikməyin tərəfdarıyam, Şuşa məscidinə oxşamasa da olar. Gün o gün olsun ki, Şuşa məscidini bərpa edək və istifadəyə verək”.
Kamal Abdullanın Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması məsələsinə gəldikdə isə F.Mustafa bunun da təqdirəlayiq və yerində olan bir təklif olduğunu deyib.
Cocuq Mərcanlıya qayıdan insanlar üçün kifayət qədər rahat şərait qurulub, məktəblər tikiləcəyini, iş yerləri açılacağını deyən millət vəkili Fəzail İbrahimli də hesab edir ki, bütün bunlar fonunda orada məscid tikilməsi müsbət addım olar:
"Hesab edirəm ki, bu məscid kəndin ən böyük atributlarından biri olacaq. Həmin məscidə üz tutan insanlar isə tanrıya iki dəfə dua edəcəklər”.
F.İbrahimli də Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması təklifinin maraqlı olduğunu və dəstəklədiyini deyib:
"Erməni vəhşiliyinin bir göstəricisi, onların amansızlığının sübutu kimi dağılan evlərdən bir neçəsini muzey olaraq saxlamaq zəruridir. Hesab edirəm ki, gələcək nəsillərin "erməni kimdir?” sualına bundan daha tutarlı cavab ola bilməz. Bir var Cocuq Mərcanlının ermənilər tərəfindən talandığına, yerlə-yeksan oldunduğuna dair tarixi faktları sadalaya, onlara yazılan məlumatları oxuyasan, bir də var ki, sadəcə şəhadət barmağınla dağılan evləri göstərəsən. Atalar boşuna deməyib ki: "Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Gənclərə milli vətənpərvərlik duyğularının, torpaq sevgisinin aşılanması istiqamətində bu cür addımların atılmasına ehtiyac var. Biz tariximizi yaşatmalı və gələcək nəsillərə çatdırmalıyıq”.
Şəymən