Maşın, ev, pul üzərində qurulan ailə əlbəttə ki, boşanacaq
Cocuqların günahı nə?
Cütlükləri daha sevgi, hörmət, dəyər bağlamır
Maşın, ev, pul üzərində qurulan ailə əlbəttə ki, boşanacaq
Maşın, ev, pul üzərində qurulan ailə əlbəttə ki, boşanacaq
Uşaqlı ailələrdə boşanma halları artıb. Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb. Hansı ki, boşanmaya ən çox rəvac verən amillərdən biri kimi sonsuzluq səbəb göstərilirdi. Əgər övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur. Məhz bu düşüncə tərzi minlərlə ailənin dağılmasına səbəb olub. Statistik göstəricilərdən isə aydın olur ki, ötən illərdə uşağı olmayan ailələrdə boşanma halları nisbətən azalsa da, uşaqlı ailələr arasında boşanmaların sayı çoxalıb.
Klinik psixoloq Vəfa Rəşidova "Şərq"ə açıqlamasında boşanmalara əsas kimi sonsuzluğun göstərilməsi əsassız deyil. Onun sözlərinə görə, toydan bir ay sonra gəlin hamilə olmalıdır: "Uzaq başı iki-üç ay gözləyirlər və artıq ailədə ciddi problemlər, təzyiqlər yaranmağa başlayır. Ailədaxili müdaxilələr gənclər arasında da soyuqluq yaradır. Valideynlər toydan 2 ay sonra uşağı olmayan gəlini boşatmaq üçün yollar axtarır ki, yenisi gələn kimi uşağı olsun”.
Psixoloqun sözlərinə görə, boşanmaların başlıca səbəblərindən biri də ailələrdə emosional bağın olmamasıdır: "Praktikamda da müşahidə etmişəm ki, insanlar arasında səmimiyyət itib. Cütlüklər arasında sevgi bağlılığı yoxdur deyə, onlar bir-birinə kapital kimi baxır. Ailə daxilində bir balaca maddi sıxıntı yaranan kimi bütün ziddiyyətlər üzə çıxır. Bizim gənc qızlar ailə quranda şahzadə həyatı yaşayacaqlarını xəyal edirlər. Heç bir xanım maddi durumu zəif olan biri ilə evlənmək arzusunda olmur. Onlar üçün evlənmək ata evində gördüyü maddi sıxıntılardan azad olmaq deməkdir. Evliliyə bu cür yanaşma düzgün deyil, çox zərərlidir. 18-20 yaşlı gənc qız evlilik planı quran zaman ilk növbədə oğlanın evi olub-olmadığı ilə maraqlanır.
Hətta ərindən övladına nə qalacağını hesablayır. Qızlarımızın bu düşüncədə olması məni çox təəssüfləndirir. Evlilik iki mərtəbəli ev və xarici avtomobil üzərində qurulmur. Evlilik sevgi, hörmət, diqqət üzərində qurulmalıdır. Əks halda biz ildən-ilə boşanma statistikasının artmasına şahidlik edəcəyik. Ərə getmək xatirinə ailə quranların sonu dəhşətli bitir. Dediklərimdən elə çıxmasın ki, bu fikir yalnız xanımlara aiddir.
Kişilər də xanımın evinin, maşınının olmasına üstünlük verir. Maşın, ev, pul üzərində qurulan ailə əlbəttə ki, boşanacaq. Çünki onları sevgi, hörmət, dəyərlər bağlamır, maşın, ev, pul bağlayır. Pul isə gəldi-gedər. Onlar gedəndə isə ortada ailəni bağlayacaq bağ olmadığı üçün boşanırlar. Ailə qurmaq istirahət, kamforta qovuşmaq, cah-cəlalda yaşamaq demək deyil. Evlənməyin ağır, məsuliyyətli tərəflərini düşünmədən ailə quran cütlüklər daha çox boşanmağa meyl edir və boşanırlar. İnsan maddiyyətə daha çox fikir verəndə mənəviyyat geridə qalmış olur. Nəticə etibarı ilə də ailələr xoşbəxt ola bilmir”.
Bu yaxınlarda 3 il əvvəl pasiyenti olan bir yeniyetmənin evlilik xəbərini eşitdiyini vurğulayan psixoloq deyib ki, cəmi 18 yaşı var, ailəsi onu evlənməyə vadar edib:
"İndi anası yenidən mənə müraciət edərək kürəkəninin narkoman olduğunu və qızının boşandığını deyib.
Hansı ki 3 il əvvəl o ailə mənimlə əlaqəni kəsməsəydi, mən o qızın evlənməsinə göz yummaz, valideynlərinə səhv addım atdıqlarını izah edərdim. Valideynlərimizi erkən evlilik barəsində məlumatlandırmaq lazımdır. Boşanmaların bir səbəbi də budur. Evlilik zamanı yaş çox önəmlidir. Yaşı az olanlar evlənməyə tələsməsinlər. Təhsil alsınlar, intellektlərini, dünyagörüşlərini zənginləşdirsinlər ki, başlarına bir bədbəxt hadisə gələndə öz ayaqları üstündə dayanmağı bacarsınlar”.
V.Rəşidovanın qənaətincə, evliliyin ilk 3-5-7 ili böhranlı illər hesab olunur. Ayrılan cütlüklərin əksəriyyəti bu böhrana hazır olmadıqları üçün problemlərin öhdəsindən əl-ələ verib gələ bilmirlər. Bəzi insanlar var adaptasiya dövrü çox qısa olur, bəziləri isə var ki, çox uzun olur. Belə bir paradoks ailələrdə boşanmalar olur. Burada hər iki tərəfə pay düşür, hər iki tərəf nizamlanmalıdır. Çünki hər zaman deyirik, xanımlar da maariflənsinlər: "Bəzən xanımlar evliliyi davam etdirməyin mümkünsüz olduğunu iddia edirlər.
Bir psixoloq olaraq əksini düşünürəm. Hər kəsin pis və yaxşı tərəfi var. Nəyə görəsə biz ancaq insanlarda mənfi nüansları axtarırıq. Evli şəxslər bir- birinin yaxşı cəhətini tapıb üzə çıxarmalıdır. Nədənsə, insanlar bir-birinə güzəştə getmək istəmir. Əgər bir xanımın həyat yoldaşından narazılığı varsa, bu barədə anası, bacısı, xalası, rəfiqələri, az qala bütün qohum-əqrəbası ilə danışır. Bircə dəfə əri ilə üzbəüz oturub dərdini ona başa salmır. Bəlkə danışsalar, bir-birini başa düşərlər. Çalışıb ailəyə kənar müdaxilənin qarşısını almaq lazımdır.
Ya oğlanın, ya da qızın ata-anası gənclərin münasibətinə müdaxilə edib, onların qərarlarına təsir edirsə, gec-tez o ailə dağılacaq.
İki insan arasında yaşanan problem onların arasında da qalmalıdır. Böyük məsləhətinin əleyhinə deyiləm, amma bizim valideynlər məsləhət yox, diktə etməyi sevir. Ailə institutunun özü bu gün möhkəm deyil. Əvvəllər ailənin özü-özünü qoruma mexanizmi vardı.
İndi o da yoxdur. Oğul anaları elə düşünür ki, onların müdaxiləsi olmasa, gənc ailə ayaqda dura bilməyəcək. Bu, sevgi deyil, eqodur. Bir mütəxəssis olaraq valideynlərdən xahiş edirəm, övladlarınızın ailəsinə müdaxilə etməyin. Sizin onlara verdiyiniz dəstək də, etdiyiniz müdaxilə də o ailənin möhkəmlənməsini ləngidir. Siz olmayanda onlar artıq təkbaşına qərar verməkdə çətinlik çəkirlər. Aralarında ciddi anlaşılmazlıq yaranır və bu yol onları boşanmaya qədər aparır”.
Şəymən