Con Bolton "907"-ci düzəlişi niyə qabartdı?
Bu addım Vaşinqtonun Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə hesablanıb
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Ən əsası isə bu səfər Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır. Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı tvitter hesabında müsbət fikirlər yazması da göstərir ki, Amerika rəsmisi Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu baxımdan Trampın müşaviri keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb.
O, Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə edib. Dəfələrlə vurğulayıb ki, Azərbaycan regionda sülhə, regional əməkdaşlığa və təhlükəsizliyə töhfə verən ölkədir. Məlum səbəblərə görə Ermənistan istisna olmaqla, Azərbaycanın region ölkələri ilə işgüzar dostluq münasibətləri var və ABŞ Azərbaycanın bu siyasətini anlayışla qəbul edir.
Bolton Ermənistanda olan zaman bildirdi ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Azərbaycan da dəfələrlə bu mövqeni ifadə edib ki, Ermənistanın normal dövlət kimi inkişafı yalnız münaqişənin həllindən sonra mümkündür. Boltonun toxunduğu ən mühüm məsələ isə Azərbaycana silah satışını əngəlləyən 907-ci düzəliş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı səsləndirdiyi fikir olub. Trampın müşaviri 907-ci düzəlişin ləğvi barədə Trampın qərar verə biləcəyini vurğulayıb: "Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk”. Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun səfəri fonunda Azərbaycan-ABŞ əlaqələrini "Şərq”ə dəyərləndirən "Sülh və Münaqişələrin” Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə hesab edir ki, prezident Donald Tramp Azərbaycana qarşı 907-ci düzəlişi aradan qaldırarsa, bu birbaşa Vaşinqtonun dövlət yardımının alınmasına gətirib çıxara bilər. Ekspertin sözlərinə görə, Con Boltonun "907” düzəlişi və silah ticarətini açıq şəkildə qabartması Vaşinqtonun Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə hesablanıb:
"Donald Trampın yürütdüyü siyasətdə iqtisadi maraqlar əsas xəttdir. Hazırda ABŞ böyük silah ticari sövdələşmələrinə gedir. Görünür, Tramp administrasiyası Azərbaycanla da silah sövdəşləməsinə getmək niyyətindədir. Bir tərəfdən Amerika qazanc əldə edəcək, digər tərəfdən də Rusiyanın silah bazarını əlindən almaqla, regionda güclənəcək. Con Boltonun Azərbaycanın ABŞ-dan silah ala biləcəyi barədə açıqlaması və Rusiya silahlarının zəif olması barədə qeydləri mühüm məsələdir. Əslində, silah alışı barədə Boltonun açıqlamaları xüsusilə Azərbaycana mesajı idi. ABŞ administrasiyası yaxşı bilir ki, Ermənistanın maliyyə vəziyyəti Amerika silahlarını almaq gücündə deyil. Bolton simvolik olaraq Ermənistanın adını çəkdi”.
Analitik bəyan edib ki, Azərbaycan ABŞ-la bu istiqamətdə diplomatik danışıqlar aparmalı və Trampın silah ticarəti siyasəti ilə sövdələşməyə gedərək Ermənistana qarşı siyasi cəhətdən möhkəmlənməlidir:
"Ölkəmizin imkanları genişdir. Əgər rus silahları yerinə daha keyfiyyətli ABŞ silahları alınarsa, müdafiə qabiliyyətimiz daha da güclənər. Vaşinqton, həmçinin ona görə Azərbaycana silah satışında maraqlıdır ki, regionda şərtlər dəyişir. Boltonun təbirincə desək, ABŞ-ın xüsusi strateji tərəfdaşı olan Azərbaycan gələcək perspektivdə aqressiv qonşularından müdafiə olunmalıdır. Məlumdur ki, ABŞ-ın ölkəmizə silah satışı bəzi şirkətlər tərəfindən həyata keçirilib. Amerika istehsalı olan bir neçə hərbi təyinatlı helikopterlər buna misaldır. Böyük silah müqaviləsi Bakı və Vaşinqtonu yaxınlaşdıra bilər. Bu da ölkəmizin İsrail kimi ABŞ-ın Cənubi Qafqazda müttəfiqi ola bilər. ABŞ-ın Azərbaycanla müttəfiqliyi Qarabağın azad olunmasına dəstək deməkdir”.
İsmayıl