Çox gözlə, az pul xərclə...

Şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı iş asanlaşdırıldı



Dekabr ayının 1-dən etibarən şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan dövlət rüsumu artırılıb. Sənədə əsasən, vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi maksimum 10, minimum 1 gündə həyata keçiriləcək.

Rüsumlara edilən dəyişikliklərə görə, şəxsiyyət vəsiqəsi on gün müddətində verildikdə 5 manat, üç iş günü müddətində 25 manat, bir iş günü müddətində isə 35 manat rüsum nəzərdə tutulub. Dəyişikliklə bağlı "Şərq”ə danışan "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, son dövrlər qanunlarda müşahidə edilən bütün dəyişikliklər insanların rahatlığına xidmət edir: "Dövlət rəhbərliyi çalışır ki, insanlara göstərilən xidmətlərin keyfiyyəti artsın, vətəndaşlarla nəzakətlə davranılsın. Eyni zamanda korrupsiya və digər qanunsuz sövdələşmələrə yol verilməsin və s. Ancaq nəzərə almaq lazımdır ki, xidmətin keyfiyyəti artdıqca, onun rüsumu da paralel olaraq artır. Əgər biz istəyiriksə ki, xidmət daha qısa müddətdə həyata keçirilsin, onda tələb olunan dövlət rüsumunu ödəməliyik. Çünki prosesin sürətləndirilməsi üçün müəyyən maddiyyat tələb olunur və əlavə resurslar cəlb edilir. Çox müsbət, pozitiv praktikadır. Xarici dövlətlərdə də prosedur belədir. Ölkədə xeyli insan bu və ya digər səbəblərdən sənəd işlərinin tez başa çatmasını arzu edir. Son dəyişikliklər də sırf bu məqsədlə həyata keçirilib. Burada alternativlər də var, müəyyən olunan rüsum insanların şəxsi seçiminə əsaslanır. Yuxarı qiymət kimisə qane etmirsə, həmin şəxs aşağı rüsumla öz işini görə bilər. Dövlət orqanlarının təklif etdiyi də budur”.

İsmayıl