"Çox istedadlı gənclər var ki, ali təhsillərini davam etdirə bilmirlər" - Reallıq







"Təhsil kreditlərinin ayrılması çox yaxşı haldır. Bu, gələcəyə qoyulan investisiyadır”.

Bu barədə "Sherg.az”a "Maarifçi" Tələbə Kredit Fondunun gələcəkdə magistr pilləsində təhsil alanlara güzəştli kreditlər verməyi planlaşdırmasından danışarkən filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Rafiq İsmayılov bildirib.

O qeyd edib ki, bu məsələdə fondun öz maliyyəsi haqqında da düşünmək lazımdır:

"Çünki tələbələr sonradan həmin kreditləri qaytarmalıdırlar. Yəqin ki, kredit təşkilatının öz meyarları olacaq və buna uyğun namizədləri seçəcək. Bu kredit müqaviləsi şərtlərində özünü göstərir.

Ümumilikdə çox istedadlı gənclər var ki, ali məktəbdə təhsillərini davam etdirə bilmirlər. Bu onlara kömək olar. Bankın bu məsələdə işini necə qurması, risklərini necə azaltması isə artıq onun qurduğu strategiyadan asılıdır”.

Tələbələrin ali məktəbləri bitirdikdən sonra işlə təmin olunmasına gəlincə, R.İsmayılov söyləyib ki, əksər müəssisələrdə iş üçün müraciət edən namizədlərdən təcrübə tələb edilir:

"Mən özüm nəşriyyat sahəsində çalışıram. Bir adam işləmək üçün müraciət edəndə mən də həmişə namizədin indiyə qədər harada işləməsinə baxıram. Müsahibələrdə elə şəxslər olur ki, baxırıq bacarıqlıdır, lakin CV-sində hansısa sahədə işləməsi özünü göstərmir. Belə olanda müəssisə rəhbəri, dövlət idarəsi tərəddüd edir.

Buna görə, yenicə ali məktəbdən ayrılmış tələbələr çalışmalıdır ki, maaşa çox fikir verməsinlər. Hətta bir müddət könüllü işləməyə başlasınlar. Bir çox sahələrdə onlar özlərini göstərərsə, normal CV qazana bilərlər. Həmin tələbə işə başlayanda, özünü yaxşı göstərəndə bəzən müəssisə rəhbəri, biznesmen ondan asılı qalır. Baxır ki, o elə işlər görür ki, yerinə başqasını gətirə bilməyəcək. Belə olan halda sözsüz ki, şəxsin maaşı da artır.

Ona görə, iş axtaran tələbələrə ilkin dövrdə, yeni işə başlayanda maaşın dərəcəsinə baxmamağı tövsiyə edirəm. Düzdür, başa düşürəm çətindir. Ali məktəbi bitirən şəxslər, artıq 22-23 yaşında gənclərdir və valideynlərdən maddi asılı qalmaq istəmirlər. Amma bunun başqa əlacı yoxdur. Onlar əvvəl təcrübə qazanmalı, özlərini göstərməlidirlər ki, layiqli yerlərini tuta bilsinlər”.

Qeyd edək ki, fond gələcəkdə magistr pilləsi eyni zamanda, fərqli istiqamətlər üzrə kreditlərin təqdim olunmasını planlaşdırır. Kredit növləri və şərtləri isə hələlik müəyyənləşdirilməyib.

Aysel Aslan