Çox zərərlidir: “Əhali selofan torbalardan imtina etməlidir” - SOS

Mətbuatda plastik qablar və polietilen torbalardan istifadənin insan sağlamlığına və ekologiyaya zərəri haqda müzakirələr artmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də bu torbalardan tədricən imtina edilməsi istiqamətində işlər aparır.
Əsasən də mağazalarda müştərilərə pulsuz verilən sellofan torbaların ödənişli olması ilə bağlı məsələ gündəmdədir. Güman edilir ki, bu torbalar pullu olsa, müştərilər ondan az istifadə edər. Məsələ ilə bağlı ETSN əhaliyə tövsiyyə xarakterli müraciətlər etsə də, torbalardan istifadə yenə var. Ekspertlər atılan addımları ekoloji mühitin qorunması baxımından müsbət hesab edirlər. Bəs, polietilən torbaların tamamilə yığışdırılmasına dair təbliğat işləri hansı formada aparılmalıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az”-a açıqlamasında bildirib ki, MDB məkanında bu cür sellofan torbalar pulludur.
Onun sözlərinə görə, əgər pullu olarsa, əhali bir müddətdən sonra ev torbalarından istifadə edəcək: "Düşünürəm ki, bu nazirlik tərəfindən düzgün yanaşmadır. Hər halda ətraf mühiti çirkləndirməmək üçün gərək bu addım atılsın. Ən yaxşı alternativ kisə materialından və ya parçadan tikilən zənbillərdir. Həsir zənbillər də ekoloji baxımdan təmizdir.
Müvafiq dövlət orqanları bu işdə maraqlı olmalıdırlar. Ekologiya Nazirliyi bununla bağlı ciddi iş aparmalıdır ki, əhali torbalardan imtina etsin. Xüsusilə üzərində yazı olan torbalardan istifadə edilməsi düzgün deyil. Çünki yazılarda müəyyən rənglər olur və bu insanların sağlamlığı üçün təhlükəlidir. İnsanların və gələcək nəsillərin sağlam olması üçün bu məsələdə sona qədər gedilməlidir”.
Yeganə Bayramova