“Çünki bizim qurşaqdan aşağı söhbətləri müzakirə etmək üçün böyük potensialımız var”
Çoxu baxırmış...
Sosial şəbəkələrin gündəmindən də məlum olur ki, “Maşın şou”ya baxanlar kifayət qədərdir
“Çünki bizim qurşaqdan aşağı söhbətləri müzakirə etmək üçün böyük potensialımız var”
“Çünki bizim qurşaqdan aşağı söhbətləri müzakirə etmək üçün böyük potensialımız var”
"Mövzu ciddi olandan sonra o verilişi Murad Dadaşov yox, Andrey Maloxov aparsın, yenə baxmayacaqlar”
İlk buraxılışından etibarən geniş tamaşaçı kütləsi qazanan "Maşın şou” yenə gündəmi zəbt edir. Etiraf edək ki, artıq 16-ci sürəti yayımlanan bu realiti-şou hələ də baxımlı veriliş statusunu saxlaya bilib.
Əvvəlki illərlə müqayisədə televiziya kanallarına baxanların sayında xeyli azalma var. Səbəb sosial şəbəkələrin ön plana keçməsi, internet məkanının kütləvi hal almasıdır. Lakin "Maşın şou” ekranlarda yayımlanan gündən bəri televizor arxasına toplaşanların sayı kifayət qədər çoxdur. Şounun qurama olması barədə müxtəlif fikirlər səslənsə də, sosial şəbəkələrdəki müzakirələrdən izləyicilərin sayının çox olduğunu görürük.
Bəs, ictimaiyyət nümayəndələri arasında "Maşın şou”nu izləyənlər varmı?
Tanınmış tənqidçi Əsəd Cahangir Azərbaycan televiziyasında izlədiyi yeganə proqramın "Maşın şou” olduğunu dedi:
"Elə buraxılış olub ki, əvvəldən axıra qədər izləmişəm. Amma sonuncu buraxılışa bütün ardıcıllığı ilə baxa bilmirəm, vaxtım olmur. Mümkün qədər vaxt tapdıqca baxmağa çalışıram. "Maşın”a baxmağımın birinci səbəbi odur ki, şounu Azərbaycan teleməkanında ən maraqlı aparan Murad Dadaşov olub. Onun yüksək mədəniyyəti, ziyalılığı, insanları danışdırmaq bacarığı, tərəfsizliyi və obyektivliyi mənim üçün çox maraqlıdır. Həmçinin şouda kənardan izlədiyimiz, mahnılarını dinlədiyimiz və yalnız paltarlarından tanıdığımız insanların daxili aləmi açılır. Onların psixoloji dözümlülüyü, intellektual səviyyəsi, bir-birinə olan münasibəti, hörməti, ümumiyyətlə, çətin situasiyada insanın özünü aparmaq, ordan bir insan kimi çıxmaq qabiliyyəti görünür. Ona görə də "Maşın şou”nu izləmək mənim üçün maraqlıdır. Bu şoudan insanı öyrənirəm. Məni maraqlandıran o deyil ki, kimsə maşını uddu və ya kiməsə maşın qismət olmadı. Məni maraqlandıran odur ki, insan çətin situasiyada, gərgin, dramatik vəziyyətdə özünü necə aparır və necə aparmalıdır ki, ləyaqətini itirməsin? Bu nöqteyi-nəzərdən şouya baxıram, oxucuları da izləməyə çağırıram”.
Sosioloq Lalə Mehralı "Maşın şou”ya baxmadığını dedi: "Hərdən sosial şəbəkələrdə kadrları görürəm və orda baş verənləri ölkə telemakanının üz qarası kimi qəbul edirəm. O cür kobud danışıq, jarqon ifadələr, təhqirlər efirdən səslənir və əlaqədar qurum buna biganə qalır. Ora dəvət edilənlərin çoxunu şəxsən tanımıram, amma sanki hamısı bir-birinin eynidir. Rəqabət ola bilər, amma bunu mədəni şəkildə etmək lazımdır. Qarşılaşdığım kadrlarda nə ədalətli rəqabət, nə də mədəniyyət gördüm. O şouda iştirak edənlərin heç birinin o maşına ehtiyacı yoxdur, hamısının avtomobili var. Əgər belə bir layihə etmək istəyirlərsə, müsabiqə yolu ilə sadə vətəndaşları seçsinlər, dəvət etsinlər və avtomobili olmayan qazansın. O zaman məşhurların gətirdiyi ucuz qalmaqal və reytinq olmayacaq. Telekanal buna görə məhz məşhur adamları dəvət edir bu layihəyə. Buna qoyulan pulu "Milyonçu” şousuna qoymaq olmazdı? Həm səviyyəli, həm də intellektual yarış idi. Maliyyə olmadı deyə bağladılar o yarış proqramını”.
Yazar Cəlil Cavanşir "Maşın şou”nun yalnız 1 və 2-ci buraxılışlarını izlədiyini bildirdi: "Hardasa 8 ilə yaxındır televizora baxmıram, nadir hallarda özüm qonaq olduğum proqramlara baxmaq imkanım olur. Axırıncı dəfə nə vaxt televizor qabağında oturub hansısa bir şouya baxmağım yadıma gəlmir. Lakin "Maşın şou” barədə məlumatsız deyiləm, bilirəm ki, son buraxılış 16-cı sürətidir. Muradı çox maraqlı şoumen hesab edirəm. İndiki buraxılışda hansı proseslər gedir bilmirəm, amma Muradın konsepsiyası, reklam cəlb eləmək qabiliyyəti, şounu populyarlaşdırmaq bacarığı çox yüksək səviyyədədir. Əgər son dönəmlər "Maşın şou” sosial şəbəkələrdə çoxlu müzakirə olunursa, böyük ehtimalla baxımlı layihədir. Murad indiyə qədər apardığı bütün şoularda uğura nail ola bilib. Şou haqqında xoş olmayan sözlər deyilsə də, fırıldaqçılıqdan danışılsa da, layihə baxımlıdır və ona görə də geniş müzakirə olunur”.
Millət vəkili Fazil Mustafa heç vaxt bu qəbildən olan şoulara baxmadığını deyir: "Mən kitab oxuyan azərbaycanlı kateqoriyasına aidəm və bizim sayımız çox azdır. Ona görə "Maşın şou” təsadüfən rastıma çıxanda belə rədd edirəm, gedir”.
Heç vaxt "Maşın şou”nu izləmədiyini deyən "Həftə içi”qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanova şounun qeyri-ciddi olduğunu düşünür: "Təkcə bizdə deyil, digər toplumlarda da televiziyaya maraq azalıb. Ev telefonu, televizor - bunların erası artıq bitib. Amma "mən televizora baxmıram” söhbəti də mənasızlaşıb. Ən azından sosial şəbəkələr televizorda olanları gözümüzə soxurlar. Burada qəribə paradoks yaranır: televizora baxıb, oradakıları sosial şəbəkədə müzakirə etmək. Eyni vaxtda iki yerdə məşğul olursan. Deməli, sosiallaşma artıq televiziya marağımızı da özünə cəlb edir.
"Maşın şou”ya gəlincə, bildiyim qədərilə oradakı iştirakçıların çoxu şou adamları olur. Ən əsası orada ciddi söhbətlər getmir. Kütlənin marağına hesablanmış mövzular isə həmişə reytinq gətirir. Orada bircə saatlıq mövzunu dəyişib Qarabağla və yaxud ölkənin iqtisadi vəziyyəti ilə bağlı etsələr, inanın ki, heç kəs baxmayacaq. Mövzu ciddi olandan sonra o verilişi Murad Dadaşov yox, Andrey Maloxov aparsın, yenə baxmayacaqlar. Sosial şəbəkələrin gündəmindən də məlumdur ki, bizim qurşaqdan aşağı söhbətləri müzakirə etmək üçün böyük potensialımız var. "Maşın şou” bu potensialımızı nümayiş etdirmək üçün əla fürsətdir. Belə məlum olur ki, əksəriyyət baxır, çünki yazılan iki statusdan biri həmin şoudan olur. Yazılan statuslardan bilirəm ki, qalmaqallı proqramdır və haqqında çoxlu statuslar yazıldığından müəyyən edirəm ki, qeyri-ciddi, faydası olmayan bir şoudur. Vaxt itkisi yəni”.
Şounu izləmədiyini deyən psixoloq Elnur Rüstəmov buna səbəb kimi zamanının olmadığını dedi: "Maşın şou” haqqında sosial şəbəkələrdən məlumatlar alıram. İndi biz dinamik həyat yaşayırıq, ilk olaraq şounun konsepsiyasının fundamental olaraq qurulduğuna fikir vermək lazımdır. Konsepsiyanın fundamental qurulma səbəbi odur ki, şounu yaradanın özü psixoloqdur və bu sahədə böyük bir təcrübəyə malikdir. İştirakçıların seçiminə, şounun realiti və dinamik olmasına baxın. Şoudakı dinamika insanları baxmağa məcbur edir. "Maşın şou” ilk buraxılışdan etibarən baxımlı olub. Şou ayrı-ayrı telekanallarda yayımlansa da, izləyicilərini itirməyib.
İştirakçılar bir-birinə qarşı müxtəlif fikir səsləndirir, qalmaqallar yaranır, bu normaldır. Konkret şərt ondan ibarətdir ki, kim özünü qoruyar və daha fərqli istiqamət götürüb şouda qalib gələ bilər? "Maşın” realiti şoudur və aparılan müzakirələrdən də görünür ki, şouya baxanların sayı kifayət qədər çoxdur.
"Maşın şou”dakı dinamikanı digər proqramlarda da görə bilərik. Məsələn, Türkiyə televiziyasına diqqət yetirək. Orda Acunun rəhbərlik etdiyi proqramlar da çox baxımlıdır. Çünki həmin proqramlar realitidir, insan taleyi, ekstremal vəziyyətdə insan özünü necə aparır və necə reaksiya verir, çətinliyin öhdəsindən necə gəlir - bütün bunlar proyektləri baxımlı edir. İnsanın fərdi-psixoloji portretini bir var ekstremal vəziyyətdə, fərqli situasiyada görəsən, bir də var ki, rahatlıqda. Rahatlıqda fikir bildirməyə nə var ki? Ümumiyyətlə belə şouları maraqlı edən çoxlu məqamlar var. Verilişi aparan kifayət qədər təcrübəli adamdır, konsepsiya özü də fərqlidir”.
Yeganə Bayramova