Cümhuriyyət günü kütləvi cərimə aksiyası... - BNA qıcıq yaradır
İlqar Hüseynli: "Vətəndaşlarda belə bir səhv görüş formalaşa bilər ki, özəl günlərdə qayda pozmaq olar"
Həmkarımız Elşad Məmmədli 28 May - Respublika Günü ailəsi ilə gəzintiyə çıxıb və… narazı qalıb. Bakı Nəqliyyat Agentliyindən. Həmkarımız narazılığının səbəbini sosial şəbəkədə «BNA-dan xalqımıza Respublika Günü "töhməti" adı altında paylaşıb.
«Dünən dövlətimiz üçün əlamətdar gün - Respublika Günü idi. Camaat sevincini bölüşmək, bulvarda düzənlənən tədbirlərdə iştirak etmək üçün Dənizkənarı Parka axışırdı. Bakı Nəqliyyat Agentliyi isə kəmfürsətcəsinə bulvarın kənarında dayanmış yüzlərlə maşını cərimələməklə xalqımızın bayram sevincinə zəhər qatmaqla məşğul olurdu.
Bəli, razıyam, orada işarə var ki, maşın saxlamaq olmaz. Amma Bakı Nəqliyyat Agentliyi bu ətrafda maşın parklamaq üçün heç bir şərait yaratmayıb. Yalnız Azadlıq meydanının və "Park Bulvar"ın altında qarajlar var, orada da dünən saat 8-dən sonra maşın saxlamağa yer qalmamışdı. Bayram törəninə gələn şəxslər maşınlarını bulvar boyu Neftçilər prospektində səliqəli şəkildə saxlayıb, gəzintiyə gedirdi. BNA əməkdaşları isə gecə saat 9-dan sonra kəmfürsətliyinə salıb, kütləvi şəkildə cərimələr yazıb. Onlardan biri də mənəm.
Özlərinin çəkdikləri şəkildən görünür ki, çəkiliş 21:09-da aparılıb. Əvvəla, bayram günüdür, kütləvi tədbirdir, ikincisi, saat 9-dan sonra avtomobillər hansı hərəkətə mane olurdu?
Bəli, hüquqi baxımdan cərimələyə bilərdilər. Birincisi, məsələnin mənəvi tərəfi var, camaat ora Respublika Günü sevincini bölüşməyə gəlib, həmin gün camaat kütləvi cərimələndikdə təbii ki, əsəbiləşib Respublikanın kəmfürsət qurumu olan BNA-ya söyürdü, əsəbləri də pozulurdu. İkincisi, BNA öncə maşın saxlamağa yer düzəltsin, sonra cərimələr yazsın. Camaat maşını qucağında saxlaya bilməz. Üçüncüsü, "İctimai nəqliyyatdan, metrodan istifadə edin" tövsiyənizi də özünüzə saxlayın, mənim maşınım varkən, ictimai nəqliyyatdan niyə istifadə etməliyəm? Yaxşıdırsa, sizin rəhbəriniz özü düşüb gəzsin avtobusda».
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli «Şərq»ə açıqlamasında vətəndaşlarda qıcıq yaradan hadisəyə izah verdi:
- Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər hansısa qurumun fəaliyyətini təftiş etməzdən öncə, deməliyəm ki, hüquqi dövlətlərdə qaydalar qanunlara söykənir. Ölkə qanunlarla idarə olunur. Avtomobillərin dayanma-durma, parklanma ilə bağlı konkret qaydaları var, yol nişanları qoyulur və vətəndaş qanunlara riayət etməlidir. Riayət edilmədikdə təbii ki, cərimə yazılacaq və burada heç bir qanunsuzluq, hüquq pozuntusu da yoxdur. Bununla belə biz 28 May – Respublika Gününün xalqımız üçün özəl bir gün olduğunu nəzərə alıb məsələyə iki tərəfdən yanaşa bilərik. Birincisi, işin qanuni olan tərəfidir. Və parklanma qaydalarının pozulmasına görə BNA-nın cərimə tətbiq etməsi tamamilə qanunidir. Amma özəl gün olduğunu nəzərə alaraq humanizm prinsiplərindən də çıxış edilə bilər və bu da yalnız BNA-nın müstəsna səlahiyyətində olan məsələdir. BNA istəsə, 28 May Respublika Gününə xatir avtomobil sahiblərini kütləvi cərimə etməyə də bilər, həmin gün konkret ərazidə parklanma qaydası pozuntusuna görə yazılmış cərimələri silə də bilər. Amma bu da kütləvi qayda pozuntusuna aparıb çıxaracaq hal da ola bilər. Sosial psixologiya prinsipi baxımından. Vətəndaşlarda belə bir səhv görüş formalaşa bilər ki, özəl günlərdə qayda pozmaq olar. Bu da yanlışdır. Keçək məsələnin başqa tərəfinə. Vətəndaşlar məhz kütləvi gəzinti günlərində, əlamətdar tarixlərdə şəhər idarəçiliyinə, şəhər təsərrüfatında çalışanlara yardımçı olmalıdırlar. Məlumdur ki, şəhərdə beynəlxalq tədbirlərin, yarışların keçirildiyi günlərdə əlaqədar strukturlar vətəndaşlara müraciət edərək şəxsi avtomobillərdən az istifadə etməyi, ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edirlər. Burada lazımsız prinsipə qapılıb «özləri niyə ictimai nəqliyyatdan istifadə etmir» kimi bəyanatlar vermək, məncə, yerinə düşmür. Dövlətini, ölkəsini sevən onun qanunlarına riayət etməlidir. Kimsə qanuna riayət etmirsə, bu o demək deyil ki, kütləvi qanunsuz olmalıdır. Vətəndaş daha rasional davranmalı, vaxtına qənaət etmək, əsəblərini qorumaq, həm də gözləmədiyi (bəlkə də gözlədiyi?!) cərimələrə tuş gəlməmək üçün ictimai nəqliyyatdan istifadə etsə, daha yaxşı olmazmı? Söhbət dənizkənarı bulvardan gedirsə, o istiqamətə şəhərin az qala bütün ərazilərindən ictimai nəqliyyat işləyir. Metronun «Sahil» stansiyasından çıxdın, qarşında bulvardı. Üstəlik, hazırda çox sərfəli ucuz taksi xidmətləri var. İnanın, taksi sifariş etmək şəxsi avtomobilə səfər zamanı sərf olunan yanacaqdan daha sərfəlidir. Rahat gedirsən, nə «parkovka» barədə düşünürsən, nə tıxac barədə, əsəbiləşmirsən, istirahət edib qayıdırsan.
Vətəndaşlar bilir ki, özəl günlərdə şəhərin mərkəzi hissəsində hədsiz sıxlıq yaranır. Bu ərazilərdə infrastruktur imkanları da zəifdir. Harda ki, dayanacaq tikmək mümkün olub, onu ediblər. Şəhərin infrastrukturu lazımi sayda avtomobil dayanacağı inşasına da imkan vermir axı. Mərkəzi hissədə, Formula 1 yarışları zamanı inşa edilmiş dəmir konstruksiyalar da hələ yığışdırılmayıb. Hamımız görürük ki, mərkəz hissədə hərəkət məhdudiyyəti var. Bir tərəfdən də vətəndaşlar şəxsi avtomobilləri ilə axın edirsə, görün hansı vəziyyət yaranır. Ona görə də hesab edirəm ki, vətəndaşlarımız bu cür hallarda doğru qərar verməli və həm özlərinin rahatlığını təmin etməli, həm də şəhər idarəçiliyinə yardımçı olmalıdırlar.
Məlahət Rzayeva