“Cümhuriyyətin yubileyini ləyaqətlə qarşılamalıyıq”

Fəzail İbrahimli: “Sərəncam və Cümhuriyyətin yubiley tədbirləri hər birimiz üçün coşqu mənbəyi olmalıdır”


"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı hansı işlər görülməlidirsə, onlar Sərəncamda öz əksini tapıb”.

Bunu "Şərq”ə açıqlamasında millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib. 

Prezident İlham Əliyevin AXC-nin yüz illlik yubileyi ilə bağlı Sərəncamına münasibət bildirən deputat vurğulayıb ki, dövlət başçısının qərarı ilk növbədə Cümhuriyyətə göstərilən yüksək münasibətdir: 

"Müstəqil Azərbaycan Respublikası AXC-nin hüquqi varisidir. Bu dəyərli fikir ulu öndər Heydər Əliyevə məxsusdur. Prezidentin Sərəncamı babalarımıza, tarixi keçmişimizə olan müsbət münasibətdir, verilən dəyərdir. Bu münasibət hər zaman ayrı-ayrı fərdlər, qurumlar, eyni zamanda dövlət səviyyəsində özünü göstərib. Bir neçə sərəncamlara uyğun olaraq AXC-nin önəmli şəxsiyyətləri haqqında tədbirlər keçirilib. Əlbəttə, görülən bütün işlər ictimaiyyət tərəfindən şadlıqla, sevinclə qarşılanır. 100 illik yubileylə bağlı Sərəncam da Cümhuriyyətlə bağlı dövlətimizin atdığı növbəti addım kimi dəyərləndirilir”.
Millət vəkili bildirib ki, istər fərdlər, istərsə də qurumlar müstəvisində hər birimizin qarşısında duran əsas vəzifə Prezidentin Sərəncamına sözsüz əməl etməkdir: "Cümhuriyyətin yubileyini uğurla qeyd etməliyik. Azərbaycan Xalq Cümhuriyyətini quranlar xalqımızın azadlığı uğrunda özlərini qurban veriblər, Azərbaycanın şərəf və ləyaqətini qoruyublar. Onlar Avropanın demokratik düşüncəsinə və Rusiyanın qabaqcıl fikirlərinə yiyələnmiş insanlardır. Düşünmədən özlərini, övladlarını, var-dövlətlərini dövlət və millətin yolunda fəda ediblər. Tariximizə şərəfli səhifə yazıblar. İndiki Azərbaycan onların qurduğu dövlət üzərində bərqərar olub. Sərhədlərimiz, paytaxtımız həmin müstəvidə formalaşıb. Bu mənada Sərəncam və Cümhuriyyətin yubiley tədbirləri hər birimiz üçün coşqu mənbəyi olmalıdır. Hamımız gücümüzü ortaya qoyub, Cümhuriyyətin yubileyini ləyaqətlə qarşılamalıyıq”.

İsmayıl