Daha bir qadağa...

Çağırışdan yayınan şəxslər ölkəni tərk edə bilməyəcəklər



Hərbi xidmət keçməyənlər üçün yeni qadağa tətbiq olunub. Onlar Azərbaycanı tərk edə bilməyəcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının dördüncü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov qeyd edib ki, müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb.

O bildirib ki, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim edilib.

Qadağanı şərh edən Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə "Şərq”ə söyləyib ki, Azərbaycan qanunvericiliyinə görə, 18 yaşına çatmış hər bir gənc oğlan hərbi xidmət keçməlidir. Məhz buna görə də, hərbi xidmət keçməyənlər üçün müəyyən məhdudiyyətlər mövcuddur: "Məsələn, belə gənclər hüquq-mühafizə orqanlarına və dövlət qulluğuna işə götürülmürlər. Bir yerə bir neçə namizəd olarsa, xidmət keçənə üstünlük verilir. Digər tərəfdən isə hərbi xidmət keçməyənlərin ölkədən xaricə buraxılmaması da tamamilə düzgün qərardır. Qanun güzəştli olanlara - tələbələr və xəstələrə aid edilmir. Sözsüz ki, məlum addım gənclərimizin hərbi xidmət keçməsinə əlavə bir dəstək olacaq. Onsuz da Azərbaycanda orduya çağırışla bağlı ciddi bir problem yoxdur. Ümumən statistika və müşahidələrim göstərir ki, hər bir gənc hərbi xidmət keçməyə böyük maraq göstərir. Bununla belə müəyyən bir qisim insanlar ola bilər ki, xidmətdən yayınsınlar və yaxud da ölkədən kənarda gizlənərək 35 yaşının tamamını gözləsinlər. Sözügedən qərar ordudan yayınan gənclərin hərbi xidmətə cəlb edilməsi və problemin birdəfəlik yoluna qoyulmasına gətirib çıxaracaq”.

Millət vəkili müdafiə naziri Zakir Həsənovun "Nazir övladları da xidmət keçməlidir” çağırışına da toxunub: "Hesab edirəm ki, cəmiyyətdə bu məsələ şişirdilib. Prinsipcə, Azərbaycanda vəzifəli şəxslərin övladlarının orduya getməməsi problemi yoxdur. Tanıdığım vəzifədə olan şəxslərin övladları xidmət keçib. Düşünürəm ki, Müdafiə Nazirliyi və SHXÇDX bu məsələ barədə açıqlama versələr, yaxşı olar. Çünki cəmiyyətdə belə bir təəssürat yaranır ki, vəzifəlilərin övladları xidmət keçmir. Bu belə deyil. Onların hər biri xidmət keçir və vətən qarşısında borcunu qaytarır. Bu təbəqədə olanlara qarşı kin-küdurət yaratmağın acı nəticələri özünü sonradan çox pis şəkildə göstərə bilər”.

Ayyət Əhməd