Daha nə qədər adam öləcək ki?..
...Sərnişinlərin həyatı qumara qoyulmuş ictimai nəqliyyata bir əncam çəkilsin?“Bu sahəyə nəzarət yoxdur, tələb edən də yoxdur. İctimai nəqliyyatı təkcə sahibkarların öhdəsinə buraxmaq olmaz”
Yenə avtobus qəzası, yenə ölən və yaralananlar... Bu "ölüm dəzgahını” bir durduran olacaqmı? Daha nə qədər insan tələfatı yaşanmalıdır ki, faktiki sərnişinlərin həyatı qumara qoyulmuş ictimai nəqliyyata bir əncam çəkilsin?! Bu qədər yazılır, deyilir, ictimai nəqliyyatdakı nöqsanlar, çatışmazlıqlar, real təhlükə aradan qalxmır ki, qalxmır.
Problemləri aradan qaldırmaq istəyinin yoxluğu demək olar hər gün qəzalarla və insan tələfatı ilə nəticələnir.
Dünən də paytaxtda dəhşətli avtobus qəzası baş verdi və təəssüf ki, tələfatsız ötüşmədi.
"Diqlas” önündə qəza
Dünən səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində - 8-ci kilometr bazarının önündə, "Diqlas” ticarət mərkəzinin qarşısında iki avtobus toqquşdu və bir məlumata görə 9, bir məlumata görə isə 10 nəfər yaralanıb, bir nəfərsə dünyasını dəyişib.
Toqquşan avtobuslar 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edənlərdi. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.
Səhiyyə Nazirliyi də Bakıda baş vermiş avtobus qəzasında xəsarət alanların sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, qəza nəticəsində 9 nəfər xəsarət alıb.
Onlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanaya, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.
Nazirlikdən onu da qeyd ediblər ki, qəza nəticəsində 60 yaşlı qadın dünyasını dəyişib.
Qəzada ölən qadının və xəsarət alanlardan bəzilərinin kimliyi günün ikinci yarısı açıqlanıb. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, qəza nəticəsində Qurbanov Abbas, Əliyeva Mehri, Qurbanova Tamella, Kərimova Gülmərcan, Zeynalova Gövhər, Ağamirzəyeva Əzizə, Babazadə Fatma Zahid qızı və naməlum kişi xəsarət alıb.
APA-nın hadisə yerində olan əməkdaşı dəqiqləşdirib ki, ölən qadın 60 yaşlı Jitova Svetlana Yuriyevnadır.
Sonrakı məlumatlarda isə xəstəxanaya yerləşdirilən şəxslərdən 6-nın artıq evə buraxıldığı, 2 nəfərinsə hazırda xəstəxanada müalicə olunduğu bildirilirdi.
Qəzalar niyə artır?
İctimai nəqliyyatdakı bərbad vəziyyət heç kəsə sirr deyil. Bunu ictimai nəqliyyatdan gündəlik istifadə edənlər bilir. Və təbii ki, səhər qapısında xidməti və ya şəxsi avtomobili dayanan və o avtomobilin geniş salonunda yayxanıb işə rahat gedən nazir, məmur bundan xəbərsizdi. Bir dəfə ictimai nəqliyyatın problemləri barədə danışan "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev "problemlər o zaman aradan qalxacaq, nə vaxt ki, Ziya Məmmədov və ya başqa hansısa nazir, məmur avtobusla işə gedib-gələcək” demişdi. Xülyadır, əlbəttə. Bizim nazir və məmurlar yalnız təzə avtobuslar ölkəyə gətiriləndə minib salonunu gəzir və razılıq edir. Daha sonra xəttə buraxılan bu avtobusun və sərnişinlərin başına hansı oyunlar gəlir, ondan xəbərsiz olurlar. Bir daha bildirək, bəlkə kimsə tərpəndi: avtobuslar sınıx-salxaq, çirkli, nasazdı. Görkəmlərindən "cin hürkür”. Oturacaqları sınıb. 50 saylı marşrut üzrə xəttə buraxılan avtobuslarda sərnişinlər üçün oturmağa vedrə qoyulub! Sürücülər xırda pullar üçün pomidor yeşiklərinin üstündə yer düzəldib. Sürücülərin əksəriyyəti kobud, mədəniyyətsiz, etik davranış qaydalarını bilməyən, ictimai qanunları hər addımda pozan, sərnişinləri təhqir edən, sərnişinlə "it kimi” davranan, üst-başları çirkin içində, tər iyi verən, damağında siqaret, əlində mobil telefon ağzına gələni danışan, söyüş söyən bir qrup vecsizlərdən seçilib. Başqa nə deyək? Yolda biri-biri ilə ötüşür, "qonka”ya çıxır, birisi ondan 1-cə saniyə önə keçibsə, iki sərnişin artıq avtobusa
mindiribsə, arxasınca 7 arxa dönəni də söyür. Cəld mobil telefonu qapıb "əə, məndən qabaqda gedən kimdi? Camaatı doldurdu avtobusa apardı? Onun kimliyini bu saat öyrən mənə de...” qışqırır. Dayanacaqda dəqiqələrlə dayanır, yola düşəndə isə sürəti artırır, "uçur”. Etiraz edənlərə də "sənin istəyinlə oturub-duracam, öz işinlə məşğul ol. Plan verməliyəm ee, plan!” Vətəndaşlarımızı ölümə aparan da məhz bu plandır. Kim qoyub onlara bu planı? Kimə, hara ödəyirlər o pulları? Yığılan pullardan dövlətə vergi ödənirmi? Şadlıq evlərində kamera yerləşdirib müğənniləri pusan Vergilər Nazirliyi ictimai nəqliyyatdakı vergidən yayınmalarla bağlı da araşdırma aparsın. Səhər-axşam avtobuslar dolu gəlib-gedir. Sərnişinlər işə və ya evə getmək üçün avtobusların qapılarından sallaşır. Arvad-kişi biri-birinə qarışır. Nə qədər qazanır bir reysdə bir sürücü və o pullar kimə təhvil verilir? Bu suallara cavab lazımdı.
"Nə nəzarət var, nə də tələb edən”
Nəqliyyat problemləri üzrə ekspert Ərşad Hüseynov dünən paytaxtda baş vermiş avtobus qəzası ilə bağlı "Şərq”ə açıqlamasında ictimai nəqliyyatdakı problemlərin həllini tapmamasından danışdı:
- Bilirsiz, ictimai nəqliyyatı tapşırıblar özəl şirkətlərə, sahibkarlara, onlar da nə sərfəlidirsə, o cür hərəkət edirlər. Bu sahəyə nəzarət yoxdur, tələb edən də yoxdur. İctimai nəqliyyatı təkcə sahibkarların öhdəsinə buraxmaq olmaz. Çünki belədə bax bu cür ağır qəzalar baş verir. Dəfələrlə deyilib ki, avtobus sürücüləri sürət həddini aşır, biri-biri ilə ötüşür, yolda real qəza vəziyyəti yaradırlar. Bugünədək məhz ictimai nəqliyyatın iştirakı ilə xeyli sayda qəza baş verib. Araşdıranda görürsən ki, əksəriyyəti sürücülərin günahı ucbatından, yol hərəkəti qaydalarını pozmaları səbəbindəndi. Bəhanələri də budur ki, plan verməliyik. Bu plan söhbəti artıq əndazəni aşıb. Buna bir əncam çəkilməlidir. "Baku Buss” MMC yaradılıb və burada dövlət nəzarəti var. Bu avtobuslarda kart sistemi tətbiq edilir və sərnişinlər də rahatdır, sürücü də. Bunun bir izahı verilmir ki, niyə ictimai nəqliyyatda kart sistemi tam tətbiq edilmir. Özəl şirkətlərə, ayrı-ayrı sahibkarlara məxsus marşrutlarda çalışan sürücülərin iş prinsipinə fikir verin; həm avtobusu idarə edirlər, bir tərəfdən pul xırdalayırlar, bir tərəfdən telefonla danışırlar. Olublar "çoxfunksiyalı sürücü”. Hər işi "çatdırmaq” istəyirlər, fikir yayınır və qəza baş verir. Bakı Nəqliyyat Agentliyi yaradılıb. Hələ tam fəaliyyət göstərmir. Bəlkə tam fəaliyyətə keçsə, bu problemlər də həllini tapacaq. Gözləyək.
Ə.Hüseynov ictimai nəqliyyatın iştirakı ilə törədilən qəzalarda yol infrastrukturunun lazımi qaydada olmamasını səbəblərdən biri hesab edir:
- İki, hətta 3 zolaqlı yollarda da avtomobillər bir zolaqla ancaq hərəkət edə bilir. Çünki yolların kənarı park edilmiş avtomobillərlə, taksilərlə doludur. Avtobus dayanacaqlarının taksilər, şəxsi avtomobillər tərəfindən zəbt edilməsi problemi neçə dəfə qaldırılıb. Yol polisi, polis patrul xidməti, nəqliyyat müfəttişləri də bir neçə gün reyd keçirir, avtobusların dayanacaqlara yolunu açır, sonra yenə köhnə hamam-köhnə tasdır. Paytaxtın səkiləri marketlər, mağazalar, mebel salonları, ticarət mərkəzləri tərəfindən zəbt edilib. Hamısının girişi-çıxışı birbaşa magistral yola, yolun hərəkət hissəsinə açılır. Nə qədər avtomobil dayanır yol kənarlarında. Sərnişin avtobusu dayanacağa daxil olmaq istəsə də, mümkün deyil. Gözləyirlər, siqnal verirlər, səs-səsə qarışır, nəzarətçi əlində "dubinka” maşın park etdirir. Bazarların, yarmarkaların önündə satış piştaxtalarının əlindən tərpənmək olmur. Bu gün (dünən - red) baş vermiş qəza paytaxtın ən sıx, ən gur yerlərindən birində - 8-ci kilometr bazarının qarşısında baş verib. Ora real qəza yeridir. Bir tərəfdən avtobuslar, bir tərəfdən şəxsi avtomobillər, bir tərəfdən satış obyektləri, iynə atsan yerə düşməz. Bazardır deyə, avtobuslar, avtomobillər mütləq tıxaca düşməli, qəza vəziyyəti yaranmalıdır? Bunu da yerli icra orqanları yoluna qoymalıdır. Yolun hərəkət hissəsi həmişə boş, sərbəst saxlanmalıdır ki, avtomobillərin hərəkətinə maneçilik yaranmasın. Problemlər bir deyil, iki deyil. Təcili bütün ictimai nəqliyyatda kart sistemi tətbiq olunmayınca, qəzalar da azalmayacaq. Çünki 20 qəpik sahibkarların da, sürücülərin də gözünü "tutub”. Eləcə də satış obyektlərindən daha çox gəlir əldə etmək istəyənlər küçələri, səkiləri də satışa çıxarır, nəinki avtomobillər, heç piyadalar üçün də hərəkət etməyə yol saxlamırlar. Paytaxtda əksər binalar yola yaxın tikilir. Hamısının da alt mərtəbələri ya ticarət mərkəzidir, super-marketdir, ya da mebel salonu. Əlbəttə, belə olduğu təqdirdə yolda sıxlıq, tıxac yaranacaq. Qəzalar da baş verəcək, insanlarımız tələf olacaq.
Məlahət Rzayeva