Daha Tehrana bel bağlamaq olmaz
Məlum olduğu kimi, fevralın 27-də İranda rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Tehranın "Ararat” klubunda erməni icması ilə görüşüb. Görüşdə ermənicə "Qarabağ Ermənistanındır və Son” yazılmış plakatlar diqqətdən qaçmayıb. Bu cür təxribatçı plakatın qaldırılmasına İran hakim dairələrinin imkan tanıması kəskin reaksiyalar doğurub. Bundan əlavə, ötən həftə Prezident Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. İslam inqilabının 40 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edən Ruhani qədim Azərbaycan ərazilərinin İran torpağı olduğunu deyib. İran prezidentinin iddiasına görə, o torpaqlar 1828-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranan dönəmdə Tehran hakimiyyəti etirazını bildirib və bu ərazilərin İrana birləşməsini tələb edib. Biz bu gün də həmin fikirdəyik. Çünki əhalinin çoxu şiə müsəlmanlarıdır və bu da İranın ərazi baxımdan bir parçası olmaq deməkdir”. Xatırladaq ki, Tehran rejimi Güney Azərbaycanda milli fəalların Xocalı soyqırımı ilə bağlı keçirdikləri yürüş aksiyasına dəfələrlə müdaxilə edib, anım tədbirlərinin keçirilməsinə mane olub. Hətta bu yürüşlə bağlı xeyli sayda fəal həbs olunub. Eyni zamanda işğalçı Ermənistanın müsəlman qonşumuz İran tərəfindən açıq şəkildə dəstəklənməsi də hər dəfə etiraz doğuran məqam olub. İran tərəfinə yanlış mövqeyindən dolayı dəfələrlə xəbərdarlıqlar edilsə də, Tehran hökuməti inadkar yanaşmasından vaz keçməyib.
Cənub qonşumuzun arzuolunmaz davranışları ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Ermənistan rəsmiləri İrana səfərləri zamanı daha çox Azərbaycana qarşı çıxışları ilə yadda qalırlar. Ekspertin sözlərinə görə, İrəvanda hakimiyyətə gələn yeni siyasi qüvvə Rusiyanın xüsusilə enerji daşıyıcıları ilə bağlı asılılığından xilas olmaq, yaxud bunu azaltmaq üçün alternativ variantlar axtarır. Bu istiqamətdə onların ağlına gələn isə heç şübhəsiz, İrandır:
"Ermənistan İslam Respublikasından idxal etdiyi təbii qazın qiymətinin ucuzlaşdırılmasını və həcmini artırmaq istəyir. İran tərəfi isə hələlik bu məsələdə Rusiyanın mövqeyini gözləyir. Elə bu məqsədlə İran-Ermənistan-Gürcüstan-Rusiya dördtərəfli görüşünün keçiriləcəyi planlaşdırılıb. İran və Ermənistan təzyiqlərin edilməsi baxımından eyni vəziyyətdə olmasa da, oxşar şəraitdədir.
ABŞ və Avropa İttifaqı İran və Rusiyaya sanksiyalar tətbiq edib. Moskva İrəvana təzyiqlər göstərərək Rusiyadan qaçma meylinin qarşısını alır. Qərblə yaxınlaşmaq istəyən İrəvan isə Rusiyanın müttəfiqi, ABŞ və İsrailə ölüm istəyən İranla əlaqələri genişləndirmək istəyir. Bu əlaqə sıralamasından belə çıxır ki, Tehran Ermənistanın Moskvadan ayrılmasına dəstək verir. O zaman Rusiya ilə İran arasında müttəfiqliyin üzərinə kölgə düşür. Yox, İrəvan İran və Rusiyanın arasında qalıb inkişaf etmək xəttini tutursa, o zaman Qərbə inteqrasiya ermənisayaq fırıldaqdır”.
Analitikin sözlərinə görə, Nikol Paşinyan İranda Azərbaycana qarşı çıxışı ilə sələflərini təkrarladı:
"O, Tehranda və İsfahandakı erməni icması ilə görüşdə özünü saxlaya bilməyib. Hər iki şəhərdəki "Ararat” idman-mədəniyyət salonunda divardan Azərbaycana qarşı ərazi iddiasını əks edirən böyük bir plakat asılmışdı. Həmin plakatda ermənilər Qarabağın onlara aid olduğunu iddia edirdilər. Bu tədbirdə iştirak edənlər isə İranın vətəndaşı olan ermənilərdir. Həmin ərazi erməni dini azlığına mənsub olsa da, bu çıxışla bəhs etdiyimiz etnik qrupun nümayəndələri İranın xarici siyasətinin "qonşu dövlətlərin daxili işinə qarışmamaq”, "ərazi bütövlüyünün qorunması” və başqa bu kimi əsaslarına qarşı çıxıblar. Bundan başqa, rəsmi Tehran erməni icmasının özbaşınalığına yol vermək, yaxud göz yummaqla Azərbaycan Respublikası ilə ərazi bütövlüyünün toxunulmazlığına, bir dövlətin ərazisində o biri dövlətə qarşı fəaliyyət göstərilməməsinə dair imzaladığı anlaşmalara qarşı çıxıb. Halbuki ermənilər kimi, bəhailər də dini azlıqdır. İran Konstitusiyasında vətəndaşların hüquq bərabərliyi barədə maddə var. Ancaq dini azlıq kimi bəhailər, bir qayda olaraq, Tehran hakimiyyəti tərəfindən təzyiq və təqiblərə məruz qalırlar. Onların öz evlərində, şəxsi mülklərində keçirdikləri dini mərasim, yığıncaqların keçirilməsinin qarşısı alınır. Ancaq İran vətəndaşı olan erməni icmasının nümayəndələrinin Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsinə mane olmurlar. Hətta buna hakimiyyətdən etiraz belə edilmir”.
S.Soltan bəyan edib ki, Paşinyan İsfahanda erməni icması ilə görüşdə "Böyük Ermənistan” ideyasından danışıb. Tarixi saxtalaşdıran Nikol Paşinyan "Böyük Ermənistan”ın nümayəndəsi Arşakilər sülaləsindən danışıb: "Nəzərə almaq lazımdır ki, ermənilər "Böyük Ermənistan”dan danışanda indiki İranın Qərbi Azərbaycan əyalətinə və mərkəzi Urmiya şəhərinə, Şərqi Azərbaycana və Təbrizə, Ərdəbil və başqa bölgələrə iddia edirlər. Yeri gəlmişkən, ötən il martın əvvəllərində İranın Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalanıb. Sənədə əsasən, İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql edəcək. Sənədin imzalanmasından bir az vaxt keçən kimi, Ermənistan mətbuatı Urmiya gölünün qurumasının "qayğısına” qalaraq yazmışdı ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür: "Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir”. Onda Ermənistan mətbuatı "qədim zamanlarda İranın bu ərazilərinin "Böyük Ermənistana” məxsus” olduğunu da yazmışdı.
Onların hazırladıqları qondarma xəritədə də başqa qonşu dövlətlərlə yanaşı, İranın ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilir. Ermənilər üçün İran və ya Azərbaycan Respublikası olsun, fərq etmir. Belə çıxır, İran hakimiyyəti Ermənistanın Qarabağa, Urmiyaya, Təbrizə, Ərdəbilə iddialarını normal qarşılayır? Nəhayət, İran Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı münaqişənin həllində vasitəçi olmaq istəyini dəfələrlə bəyan edib. Ölkə vətəndaşı olan ermənilərin Azərbaycana qarşı fəaliyyəti, habelə Ermənistanın qədim Azərbaycan torpaqlarına iddiasına şərait yaradan Tehran hakimiyyətindən ədalətli vasitəçi olmaz. Onsuz da mövcud vasitəçilərin ədalətsiz mövqeyi kifayət qədərdir”.
İsmayıl