Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir

"Tbilisi və Bakı arasında sərnişin qatarının hərəkətinin bərpası Gürcüstan üçün vacibdir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycandan sərnişin qatarının fəaliyyətə başlayacağı yeganə istisna olacaq.

Nazir turizm sahəsində Azərbaycanın illərdir Gürcüstanın önəmli tərəfdaşı olduğunu qeyd edib.

"Bu gün iki paytaxt yalnız hava yolu ilə birləşdirildiyi zaman dəmir yolu nəqliyyatının bərpası insanlar arasında əlaqələrin, ticarət və iqtisadi münasibətlərin dərinləşməsində, eləcə də yay turizm mövsümündən etibarən turist axınının artmasında mühüm rol oynayacaq", - Kvrivişvili əlavə edib.