“Dahi” keçmiş deputatı aldada bilmədi

Nazim Məmmədov “baş redaktoru” otağından qovub



Mediada jurnalist adından sui-istifadə edərək vətəndaşları və müxtəlif təşkilatları aldadan "qələm adamları” haqqında yazılara tez-tez rast gəlirik. Bu dəfə isə jurnalist kimi özünü təqdim edən şəxs eks-deputat, iş adamı Nazim Məmmədovun "qapısını döyüb”.

Nazim Məmmədov sosial şəbəkədə paylaşdığı statusunda: "İndicə 55-60 yaşlarında bir kişini mənim işçimi aldadaraq, otağıma "soxulduğuna” görə qovdum. Utanmaz kimi deyir ki, informasiya almaq istəyirəm” - deyə qeyd edib. N.Məmmədov özünü "Dahi” qəzetinin baş redaktoru Qədirov İbrahim Qürbət oğlu kimi təqdim edən şəxsin onu ümumiyyətlə tanımadığını bildirib.

Bu barədə Nazim Məmmədovun özü ilə əlaqə saxladıq. "Şərq”ə danışan iş adamı, keçmiş millət vəkili həmişə jurnalistlərlə ünsiyyətdə olduğunu, ciddi jurnalistlərin suallarını məmnuniyyətlə cavablandırdığını vurğulayaraq, deyib ki, "jurnalist” eks-deputatın adını çəkib, lakin soyadını bilməyib: "İşlədiyi mətbuat orqanı haqqında soruşdum və başa düşdüm ki, bu şəxs öz mənafeyi naminə jurnalistikanı gözdən salan adamdır. Mən ona münasibətimi bildirdim və jurnalistikanın adına xələl gətirməməsini tövsiyə etdim”.

N.Məmmədov jurnalistlərin informasiya almaq hüququnun dövlət qurumları tərəfindən tənzimlənməsinin vacibliyini önə çəkib: "Belə problemlə üzləşən tək mən deyiləm. Jurnalist adı ilə müxtəlif sahibkarlıq subyektlərini, dövlət və qeyri-dövlət qurumlarını, təşkilatları narahat edən şəxslər kifayət qədərdir. Bu insanlar özlərini kütləvi informasiya haqqında qəbul edilmiş qanunlarla müdafiə etməyə çalışırlar. Təəssüf edirəm ki, ictimai qınaq da bu mənfi halların aradan qaldırılmasına təsir edə bilmir. Mətbuat şurası bu tip jurnalistlərə qarşı tədbirləri gücləndirməlidir. Vətəndaşların belə jurnalistlərin "tələsinə” düşməsinin qarşısını almaq üçün daha çox maarifləndirilmə tədbirləri həyata keçirilməlidir”.

Aysel Aslan