"Dalana dirənmişik"- Elçin Şıxlı




"Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, mövcuddur. Bununla bağlı yeni heç bir şey yoxdur. Sadəcə aradabir siyasi konyukturaya uyğun olaraq vəziyyət gərginləşir. Gah Rusiya vəziyyəti gərginləşdirir, gah da Ermənistanın özü seçkiqabağı cəbhədə təxribatlara əl atır". 

Bunu Sherg.az-a son günlər cəbhədə yaşanan gərginliyin daha da şiddətlənməsindən danışarkən "Ayna"- "Zerkalo" qzəetlərinin baş redaktoru Elçin Şıxlı deyib. 

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli yoxdur demək mümkün deyil: 

"Əslində münaqişənin diplomatik həlli var , amma həll olunmur. BMT-nin qətnamələri yerinə yetirilsə, bu, məsələnin həlli deməkdir. Sadəcə olaraq probelmin tənzimlənməsində əsas rolu Rusiya oynayır. Moskvaya da bu vəziyyət və ya status-kvo sərf edir. Yəni bunlar köhnədən olan məsələdir. Şimal qonşumuz Ermənistanı əlində saxlayır, bizi də gərgin vəziyyətə salır. İndi də ümumən vəziyyət elədir ki, hazırda ABŞ -ın yeni prezidenti Donald Trampın başı özünə qarışıb. Rusiyanın əli-ayağı açılıb. Türkiyə isə öz seçkiləri ilə məşğuldur".

Baş yazarın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycanı gücləndirməklə nail olmaq olar: 

" Bu yol Azərbaycanın iqtisadi və demokratik cəhətdən cəlbediciliyinin daha da artırılmasından və humanitar dəyərləri qorunmasından keçir. Bəlkə beləliklə Qarabağda yaşayan erməni görə ki, Azərbaycanda insan haqları belə qorunur. Çətin məsələdir, amma söhbətdi də eliyirik. Qarabağdakı ermənilər də orada qalmır. Hamısı qaçıb gedir. Heç olmasa, orada qalmış adamlar da Ermənistanda deyil, Azərbaycanda yaşamağın daha sərfəli olduğunu görsün. Amma biz uzunmüddətli müharibəyə hazırıqsa, gərək müharibə elan edək. Nəyimiz varsa, ona verib, müharibəyə gedək. Belə baxıram ki, bu da, mümkün ola iş deyil. Həm də indi geosiyasi oyunlar var. 

Çox yaxınlığımızda qaynar nöqtələr var. Münaqişəni başlasaq, iraq- iraq nələr baş verə bilər. Hər halda gərgin və mürəkkəb vəziyyətdir. Yəni bəzi ölkələr Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə imkan verməyəcəklər. Ermənistanın basıldığını görəndə Rusiya və bir başqaları işə girşəcək və yenə də haradasa məsəni saxlayacaqlar. Dalana dirənmişik".

Ayyət Əhməd