Dar gündür: Gəlin, pullarınızı vətənə qoyun!

Hacı Zeynalabdin Tağıyevdən başlanan xeyriyyəçilik bu gün niyə görünmür?




İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş davranış xeyriyyəçi üçün savab və mənəvi rahatlıq, ehtiyacı ödənilən şəxs üçün isə yaxşılıq deməkdir. Xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. Dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli və tətbiq edilməlidir. Hər dövrdə zəngin insanları xeyirxah fəaliyyətə, insanpərvər davranışa meyl etdirmək, onları yardımsevərliyə stimullaşdırmaq olduqca mühümdür. Xüsusən, dövlətin və millətin iqtisadi problemlər yaşadığı bir dövrdə xeyriyyəçi şəxslər ölkənin və cəmiyyətin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə yaxından iştirak etməlidirlər.

Əlbəttə, dövlət üzərinə düşəni edir, amma dövlətin və ictimaiyyətin yaratdığı imkanlarla zəngin olanlar zamanı gələndə öz sosial, bir qədər də mənəvi borclarının məsuliyyətini dərk etməlidirlər. Vaxtilə Azərbaycan xeyriyyəçiləri dünyaya səs salıblar. Messenatlarımızın tikdirdiyi binalar, mədəniyyət ocaqları, məscidlər hələ də qalır, istifadə edilir. Bu baxımdan, xalqımız həmişə özünün xeyirxah adamları, ziyalıları, sahibkarları ilə fəxr ediblər. Adı dillər əzbəri olan məşhur messenat Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağamusa Nağıyev və onlarca başqaları sahibkar olmaqla yanaşı, həm də xeyirxah insan kimi tanınıblar. Onlar qazanclarını millətin yolunda xərcləyiblər, gördükləri xeyirxah işlərlə gələcək nəsillərə nümunə olublar. Keçmiş milyonçular, sadəcə öz dövrlərini deyil, gələcək xalqın rifahını da düşünüblər. Hacı Zeynalabdin Tağıyevin Almaniyaya səfər zamanı orada yerləşən bahalı restoranlarından biri ilə bağladığı tarixi müqavilə də bu nəcib düşüncənin bariz nümunəsidir. Nəql olunur ki, məşhur messenatımız restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayıb. Müqavilədə göstərilib ki, yüz il ərzində restorana gələn hər bir azərbaycanlı təmənnasız yeyib-içə bilər. Restoran 100 il ərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız 2011-ci ilin yanvar ayında müqavilənin tarixi bitir. Almaniya səfirliyi Azərbaycan hökumətinə məktub yazaraq bildirir ki, "1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalayıb. İndi aranızda bu müqaviləni uzadacaq biri varmı?” Əslində çox maraqlı və aktual sualdır. Varmı aramızda o müqaviləni uzadacaq azərbaycanlı milyarder? Təəssüflə qeyd etməliyik ki, hazırda Azərbaycanda xeyriyyəçiliklə məşğul olan, qazandığı pulları öz ölkəsində sərf etmək istəyən səxavətli zənginlərin sayı barmaqla sayılacaq qədər azdır. Ötən gün mətbuata açıqlama verən millət vəkili Vahid Əhmədov da ölkənin dar günündə "gizlənmiş” sahibkarları gün üzünə çıxmağa səsləyib. Deputat deyib ki, əgər onlar Azərbaycanın müstəqilliyini istəyirlərsə, xaricdə olan vəsaitlərini ölkəyə gətirsinlər və millətə əl tutsunlar: "Ölkənin iqtisadi inkişafına köməklik etmək lazımdır. Xaricdə vəsait saxlayan insanlar çoxdur. Azərbaycan vətəndaşı, bir deputat kimi müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın. Azərbaycanın investisiyalara ehtiyacı var”.

Xeyriyyəçilik sahəsində araşdırmalar aparmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu "Şərq”ə deyib ki, varlı insanlar hansısa sahəyə pul yatıranda, xeyriyyəçiliklə məşğul olanda həm öz vəsaitlərini artırır, həm də cəmiyyət içində mənəvi baxımdan nüfuz, ad-san qazanırlar. Amma bizdə bu sahə problemlidir: 
"Bunun birinci səbəbi odur ki, Azərbaycanda sahibkarlıq və xeyriyyəçiliklə bağlı qanunvericilik bazası yoxdur. Mən bununla əlaqədar xarici ölkələrin təcrübəsini öyrənmişəm. Əgər əcnəbi ölkələrdə kimsə xeyriyyəçilik edirsə, ölkənin iqtisadi inkişafına fayda verirsə, onlara dövlət qurumları tərəfindən müəyyən güzəştlər edilir. Daxildə və ya xaricdə yaşayan sahibkarlar arasında şəxsi tanışlarım var. Onlarla söhbət əsnasında deyirlər ki, açıq şəkildə kiməsə xeyriyyə məqsədi ilə kömək edəndə, yaxud hansısa iş quranda, dərhal müəyyən orqanlardan deyirlər ki, "qardaş, deyəsən sənin pulun çoxdur?!”. Qurumlar sahibkarlardan əlavə pul, yəni rüşvət tələb edirlər. Ona görə bizim biznesmenlərin əksəriyyəti öz pullarını gizlətməyə çalışırlar. Əgər hansısa biznesmen kasıblara əl tutursa, çox vaxt bunu gizli edir. Çünki nümayişkaranə şəkildə yatırım və yardım etmək zəngin insanlara baha başa gəlir. Son proseslərdə də gördük ki, nə qədər qurum reketçiliklə məşğul olurmuş”. Sosioloq bildirib ki, indi biznesə gələn insanların çoxu mənəvi cəhətdən yetkin insanlar deyillər: "Biznesmenin özü mənəvi baxımdan inkişaf etməlidir. Bu da onun təhsili, imanı və həyat təcrübəsi ilə bağlıdır. Yəni insanın pulu ilə bərabər onun mənəviyyatı da artmalıdır. Təəssüf ki, sahibkarlarımızın çoxu haqqında bunu demək mümkün deyil. Bizim iş adamlarında çox zaman madiyyat mənəviyyatı üstələyir. Halbuki, xeyriyyəçilik məsələsində şəxsi keyfiyyətlər mühüm rol oynayır”. Ə.Qəşəmoğlunun sözlərinə görə, Azərbaycan tarixində nümunəvi xeyriyyəçilik ənənəsi var. Sadəcə, bunun önünü açmaq lazımdır: "Ölkəmizdə qəlbən xeyirxah insanlar var. Allah yolunda və humanizm uğrunda yardım etməyi sevən zənginlər çoxdur. Ona görə də çalışmaq lazımdır ki, bu gözəl keyfiyyətin üzə çıxması üçün müsbət addımlar atılsın”. Professor indiyə kimi mövcud olan bir çox xeyriyyə təşkilatlarının cəmiyyətdə fırıldaqçı kimi tanındığını deyib: "Həmin qurumlar elanlar verərək sahibkarlardan pul topladılar, amma sonra məlum oldu ki, onlar həqiqi xeyriyyəçi deyilmiş, müəyyən işbazlar imiş. Belə saxta "xeyirxahlar” digər həqiqi yardımsevər şəxsləri də gölgədə qoyur. Bu baxımdan, hazırda əhalidə xeyriyyəçi insanlarla bağlı o qədər xoş təəssürat yoxdur”.

İsmayıl