Daxili yazılar azalıb

Mediamız xarici xəbərlərin bolluğuna düşüb
Problemlə bağlı hər baş redaktorun öz arqumenti var



Ölkə mediasının gündəminə bir neçə dəqiqəlik nəzər yetirmək kifayətdir ki, media orqanlarının yerli xəbər istehsalında çətinliklə üzləşdiyini müşahidə edəsən. Xüsusən də son zamanlar Azərbaycan mediası xarici xəbərlərə həddən artıq yer verir. Dərc olunan yerli xəbərlər isə demək olar ki, eyni mövzuları əhatə edir.

Maraqlıdır, yerli media orqanlarının beynəlxalq məsələlərə daha çox önəm verməsi nəylə bağlıdır?
Medianın əsas iş prinsipi xəbər yaymaqdır
"Publika.az” və "teleqraf.com” saytlarının rəhbəri Aynur Camalqızı hər bir media orqanının öz
dəsti-xətti olduğunu deyib: "Elə media orqanları var ki, yerli xəbərlərlə işləyir. Reallıq da bundan
ibarətdir ki, hazırda Azərbaycan xəbər bolluğunda olan məkan və region deyil. Yəni biz ölkə
hüdudlarından kənara çıxmasaq uğurlu fəaliyyət göstərə bilmərik. Onda bizim yazdıqlarımız
maraqsız və sönük olar. Ona görə də media orqanları həm yerli, həm də xarici xəbərlərə önəm
verməlidir. Həmin xəbərlərin içərisindən oxucu üçün ən maraqlı və lazımlıları seçilməlidir. Hər bir
xəbərin aktuallığını nəzərə alaraq yaymaq lazımdır. Fərqi yoxdur, hadisə Azərbaycanda və ya
Amerikada baş verib. Medianın əsas iş prinsipi xəbər yaymaqdır”.
Bəzi media orqanlarının öz işlərini istinad üzərində qurduğunu vurğulayan baş redaktorun sözlərinə
görə, jurnalistika peşəkarlığı baxımından bu da doğru hal deyil: "Hər bir media orqanının kollektivi
olmalıdır. Həmin kollektivdə çalışan əməkdaşlar isə xəbər istehsal etməlidirlər. Hər hansı bir istinad
və "copy paste” üzərində qurulan medianın gələcəyi yoxdur. Özümüz də buna şahid oluruq ki, belə
media orqanları yaranır və tez bir zamanda fəaliyyətlərini dayandırırlar”.

Hadisələr əsasən sosial və kriminal sferalarda yaşanır, onları da nə qədər yazmaq olar?”

Azərbaycanın çox kiçik ölkə olduğunu vurğulayan azvision.az saytının baş redaktoru Vüsal
Məmmədov isə deyib ki, daxildə siyasi proseslər qaynamır, müxalifət yox kimi bir şeydir,
incəsənət, idman həyatı dar miqyasdadır, elm həyatı faktiki yoxdur... İqtisadiyyatda elə də böyük
proseslər getmir, səhmlərin qiyməti düşüb-qalxmır... Hadisələr əsasən sosial və kriminal sferalarda
yaşanır, onları da nə qədər yazmaq olar?”Baş redaktorun sözlərinə görə, maraqlı proseslər dünyada daha çox baş verir: "Nəzərə alsaq ki, indi - qlobalizm dövründə dünya çox balacadır, bütün o proseslərin bizə də dəxli var. Yəni "Apple” şirkəti nəsə etdisə, feysbukda yeni funksiya yarandısa, dollar gücləndisə, qlobal siyasi proseslərdə gərginlik yaşanırsa, bunlar bizim də həyatımıza müəyyən dərəcədə təsir göstərən hadisələrdir. Ona görə də, onları yazmaq normaldır”.

Xarici dövlətlərin kriminal, sosial hadisələrini sensasiya kimi dərc etməyi heç cür qəbul edə
bilmədiyini qeyd edən V.Məmmədov hesab edir ki, Almaniyada, yaxud Türkiyədə kimsə kimisə
zorlayıbsa, öldürübsə, soyunubsa, bunu sensasion başlıqla oxucuya sırımağın bir adı var:
Şarlatanlıq”.

Sanki mediamız iki-üç agentliyin, saytın çiynindədir, qalanları "copy-paste” etmək üçün yaradılıb

Tarix üzrə fəlsəfə doktoru, APA TV-nin xəbər müdiri Cavid İsmayıl isə hesab edir ki, mediada

xarici xəbərlərin bolluğuna iki aspektdən yanaşmaq lazımdır: "Əvvəla, dünya hər gün qloballaşır,
internet bəşər övladının həyatında daha çox rol oynayır. Bu səbəbdən mediada xarici xəbərlərin
sayının artması təbii qarşılanmalıdır. İkinci səbəb isə heç şübhəsiz, tənbəllikdir. Azərbaycan mediası
texniki baxımdan nə qədər inkişaf etsə də, yaradıcılıq baxımından ən pis dövrünü yaşayır. Sanki
mediamız iki-üç agentliyin, saytın çiynindədir, qalanları "copy-paste” etmək üçün yaradılıb. Onlar
oxucunun informasiya tələbatını həm bu yolla, həm də mənasız xarici xəbərlərlə ödəməyə çalışırlar.
Əsas səbəblərdən biri də ölkədə təhsil səviyyəsinin aşağı olmasıdır. Bu üzdən Azərbaycan
jurnalistikasının alt yapısı yetişmir”.

Əksinə, lokal xəbərlər daha çoxdur

"Milli.az” saytının baş redaktoru Anar İmanov isə Azərbaycan mediasının xarici xəbərlərə
həddindən artıq yer verməsi ilə bağlı iddiaları qəbul etmir: "Öz müşahidələrim onu deməyə əsas
verir ki, Azərbaycanda saytlarda həddindən artıq xarici xəbərlərə yer verilmir. Əksinə, lokal
xəbərlər daha çoxdur. Ola bilər, belə təəssürat ondan yaranıb ki, son dövrdə ABŞ və Türkiyə haqda
xəbərlərdə artım var, o da dediyim ölkələrdə olan məlum hadisələrlə bağlıdır. Belə bir hal varsa da
əgər, burada mən heç bir problem görmürəm. ABŞ haqda xəbərlər digər xarici məlumatlara nisbətən
həmişə üstünlük təşkil edib, Türkiyə isə bizim üçün qardaş dövlətdir və bu ölkə haqqında müxtəlif
xəbərlər hər zaman bizim oxucular üçün maraqlıdır”.

Fikir vermisinizsə, bizdə də "Dünya xəbərləri” bölməsi ölkə xəbərlərindən sonra gəlir

Report.az informasiya agentliyinin rəhbəri Murad Əliyevin qənaətincə, dünyada baş verən hadisələr
Azərbaycan oxucusunu indi daha çox maraqlandırır. "Nəzərə alsaq ki, müasir dünyada gedən
qloballaşma ölkəmizdən də yan keçmir, oxucularımız da başa düşürlər ki, regionda və dünyada baş
verən hadisələr ölkəmizdən yan keçmir. Bizim redaksiya da 7 gün 24 saat dünya mətbuatını izləyir,
ən maraqlı dünya xəbərlərini "Report” agentliyinin xəbər lentinə veririk. Lakin işin əsas istiqamətini
xarici saytlardan götürülmüş xəbərlər üzərində qurmaqla sayta nüfuz qazandırmaq olmaz. Misal
üçün, "Report” hazırda strateji ölkələrdə müxbir postlarının yaradılması üzərində çalışır və son
aylarda dərc olunan xəbərlərə əsasən demək olar ki, artıq region ölkələrində baş verən olaylarla
bağlı başqa mənbəyə yox, öz əməkdaşlarımızın qələmindən çıxan xəbərləri dərc edirik.Digər tərəfdən, Azərbaycan cəmiyyətinə ilk növbədə ölkədə baş verən xəbərlər maraqlıdır. Fikir
vermisizsə, bizdə də "Dünya xəbərləri” bölməsi ölkə xəbərlərindən sonra gəlir”.

Ən başlıca problemlərdən biri isə "kopyala+yapışdır” ənənəsinin geniş vüsət almasıdır

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə deyib ki, qloballaşan dünyada artıq
ərazi məfhumu öz məzmununu qismən dəyişir və iqtisadiyyat ilə yanaşı, bu məsələ ən çox mediada
hiss olunur: "Məsələn, ABŞ-da baş verən bir hadisənin ölkəmizdə təsirini görürüksə, artıq həmin
hadisəyə aid xəbər üçün sərhəd anlayışı olmamalıdır. Ancaq bununla yanaşı, ölkə mediamızın
kifayət qədər problemləri var. Ən başlıca problemlərdən biri isə "kopyala+yapışdır” ənənəsinin
geniş vüsət almasıdır. Xəbər istehsalı kifayət qədər deyil. Elə məhz bu səbəbdən, yerli xəbərlərin
azlığı gözə çarpır və saytların lentindəki xarici xəbərlərin çoxluğu hiss olunur. Dünya mediasından
tərcümələrin olması çox vacibdir, bununla yanaşı isə yerli xəbərlərin də hazırlanması, oxucuya
təqdim olunması lazımdır. Həmçinin əksər xəbər saytlarının maliyyə problemi var və jurnalist heyəti
saxlamaqda çətinlik çəkirlər. Buna görə də, xəbər işləyə, istehsal edə bilmirlər”.

Bəzi məmurlar isə abunəlik adı altında saytlarla "əməkdaşlıq” etməyə üstünlük verirlər

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə Azərbaycan mediasının xarici xəbərlərə
həddindən artıq yer verməsi fikri ilə razılaşdığını bildirib: "Son zamanlar belə bir tendensiya nəzərə
çarpır. Bunun da bəzi səbəbləri var. Fikir versəniz, son zamanlar ölkə daxilində gündəlik olaraq bir
neçə mövzu ətrafında xəbərlər yayılır. Bunlar keçmiş MTN-in və RİTN-in rəhbər şəxslərinin cinayət
əməlləri, dolların qalxıb-düşməsi barədə xəbərlərdir. Əgər dollar və Akif Çovdarov olmasaydı, bu
gün saytlarda yerli xəbərlər olmayacaqdı. Məncə bunun bir neçə səbəbi var. Onlardan biri budur ki,
hüquq-mühafizə orqanları istisna olmaqla dövlət qurumlarının əksəriyyətinin mətbuat xidmətlərinin
ancaq adı var, özləri yoxdur, həmin dövlət qurumlarının birinci şəxslərini tapmaq mətbuat xidmətini
tapmaqdan daha asandır. Digər tərəfdən hansısa məmurdan, qurumdan nəsə yazılan kimi, zəng zəng
dalınca gəlir və saytlar xəbəri silməli olurlar. Təəssüf ki, indiyədək bu yazısilmə təcrübəsinə son
qoyulmayıb, haqqında tənqid yazılan hər bir məmur və tanınmış şəxs "yalandır, böhtandır” deyib
təkzib verməkdənsə, yazını sildirməyi xahiş edir. Bəzi məmurlar isə abunəlik adı altında saytlarla
"əməkdaşlıq” etməyə üstünlük verirlər. "Əməkdaşlıq” edən saytlar isə təbii ki, məcburən xarici
xəbərlərlə xəbər lentini doldurmağa məcbur olurlar. Hesab edirəm ki, bu səbəblər aradan qaldırılsa,
media da inkişaf edər, yerli maraqlı xəbərlərin də sayı artar”.

(Davamı olacaq...)

Şəymən

 Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb