Əməyin istismarı faktı varsa, işəgötürən cəzalandırılmalıdır
Ağdaş rayonunda qəribə hadisə baş verib. Ölkə.az saytı bu qəribə olayı əks etdirən videonu paylaşıb. Videodan görünür ki, bir fəhlə traktorun qoşqusunu kəndirlə darta-darta sürüyür. Traktorun "vəzifəsini” üstlənmiş fəhlələr isə bildiriblər ki, bu, rəhbərliyin tapşırığıdır: "Rəhbərlik deyib ki, yanacağa qənaət edin. Ona görə qoşqunu özümüz dartırıq”.
Bildirilir ki, bu fəhlələr rayon mərkəzinin təmizliyi ilə məşğuldur. Təmizlik işlərini icra etmələri azmış kimi, fəhlələrə traktor qoşqusu da qoşulur. Bu yerdə məşhur Türkiyə aktyoru Kamal Sunalın iştirakı ilə "Kibar Feyzo” filmi yada düşür. Cəmi bir öküzü olduğu üçün Feyzo kotanın o biri gözünə özünü qoşur ki, torpaq yaxşı şumlansın. Lətifəsi bizimkilərdən uzaq, indi Ağdaş fəhlələrini traktor əvəzinə qoşquya qoşurlar.
Belə hadisələr birinci dəfə deyil. Yadınızdadırsa, yeni dərs ilinin başlanmasına az qalmış müəllimləri sinif otaqlarının pəncərələrinin silinməsi işinə cəlb etmişdilər. Müəllimlər də evdən cır-cındır götürüb canı-dildən təmizlik işinə başlamışdılar. Bu olaya "burada pis nə var, müəllim sinif otağının təmizlənməsində iştirak edir” deyənlərlə yanaşı, "bu, qeyri-qanuni əməyi cəlbetmədir. Bəs məktəbin xadimələri yoxdur? Xadimənin maaşını kimsə alır axı...” deyə sərt münasibət bildirənlər də olmuşdu.
Məsələyə münasibət bildirən Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında qeyd etdi ki, konkret hadisə ilə bağlı ekspertiza aparılmalıdır:
- Bu məsələ ilə Əmək Müfəttişliyi məşğul olmalıdır. Aydınlaşdırılmalıdır ki, burada əməyin istismarı faktı var, ya yox. Fəhlənin qoşqu dartması onun sağlamlığına ziyan vuracaq dərəcədədirmi və s. Bu hadisədə texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydaları pozulubmu? Pozulubsa, əlbəttə, işəgötürən cəzalandırılmalıdır. Əmək Məcəlləsində konkret qadınlarla bağlı xüsusi müddəalar yer alır. Qadın işçilər nə qədər yük qaldıra bilər, hansı hündürlüyə, hansı məsafəyədək... Amma kişilərlə bağlı belə müddəalar yoxdur. Fəhlənin işi yalnız onun sağlamlığına zərər vuracaq dərəcədə olmamalıdır. Biz bilmirik, bəlkə o fəhlənin
yanacağı qurtarıb, qoşqu yolda qalmasın, iş axsamasın deyə, məcbur olub özü qoşqunu dartıb. Bunu bilmirik. Amma bu da ola bilər ki, hansısa idarə rəhbəri fəhlələrə yanacağı lazımi miqdarda verməsin, bu səbəbdən də traktoru gərəkən vaxt çərçivəsində işlədə bilməsinlər. Bütün hallarda fakt araşdırılmalıdır.
S.Məmmədov bildirdi ki, bəzən işçilər əmək funksiyasına aid olmayan işlərə cəlb edilir:
- Məsələn, iməcilikləri götürək. Bir də görürsən, işçiləri iməciliyə toplayırlar. Hardasa ağac əkmək, haranısa təmizləmək, abadlıq işləri aparmaq. Xüsusən də, büdcə təşkilatlarının işçiləri iməciliklərə cəlb edilir. Amma iməcilik könüllü olmalıdır. Yaxşı olar ki, iməcilik çağırışları ictimai təşkilatlardan gəlsin. İctimai təşkilatlar bunu edə bilər. Amma büdcə təşkilatında çalışanları müxtəlif işlərə cəlb edirlər. Onlar da boyun qaçıra bilmir. Məcbur olub öz birbaşa funksiyalarından əlavə əməklə məşğul olurlar. Bəzən həkimləri, vergi əməkdaşlarını, digər hansısa büdcə təşkilatının işçilərini yol kənarlarına tökürlər ki, təmizliklə məşğul olsunlar. Əlbəttə, məcburi əməyə cəlbetmə yolverilməzdir. Amma bəzən sakinlər özləri təmizlik işləri ilə könüllü məşğul olur. Bəlkə də başqa çarələri qalmır, ondan. Kommunal xidmət işçilərinin icra etməli olduğu işi sakinlər həyata keçirir. Bunun da səbəbi odur ki, kommunal xidmət işçiləri ya işi yarıtmaz görür, ya da saylarının azlığından başa çatdıra bilmirlər. Çox zaman müşahidə edirik ki, sakinlər özləri binaların bloklarını təmizləyir, qar yağanda hərə əlinə beldən, taxta parçasından alıb yolların buzunu təmizləyir. Bu, sakinlərin, vətəndaşların şəhərin, məhəllələrin təmizliyinə can yandırmaları baxımından müsbətdir. Burda pis bir hal yoxdur. Amma hərənin öz vəzifəsi, öz işi var. Hər kəs gördüyü işin və ya görməli olduğu işin müqabilində əmək haqqı alır.
Məlahət Rzayeva