Dekabrda Aİ-Azərbaycan əməkdaşlığı üzrə növbəti alt komitənin iclası keçiriləcək





 Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə 4-cü alt komitənin iclası dekabrın ikinci yarısında Bakıda keçiriləcək.
APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel deyib. O bildirib ki, Enerji, ətraf mühit və nəqliyyat alt komitəsinin toplantısı gözlənilir: "Enerji məsələsinin Azərbaycan üçün nə dərəcədə vacib olduğunu bilirik. Biz Azərbaycanla bu sahədə strateji tərəfdaşlıq əlaqəsi qurmuşuq. Bu görüşdə Cənub Qaz Dəhlizi layihəsi müzakirə olunacaq. Lakin bununla yanaşı, nəqliyyat məsələlərinə də diqqət ayrılacaq. Azərbaycan coğrafi baxımdan Asiya ilə Avropa arasında çox üstün mövqedə yerləşir və biz bu görüşdə nəqliyyat dəhlizlərini müzakirə etmək niyyətindəyik".
Aİ nümayəndəsi bu həftə Azərbaycanda bir neçə alt komitənin iclasının keçirildiyini söyləyib: "Çox məmnunuq ki, iki ildən çox davam edən fasilədən sonra biz əməkdaşlığı bərpa edə bildik. Görüşlər çox intensiv keçdi. Pozitiv və konstruktiv mühitdə fikir mübadiləsi aparıldı. Düşünürəm ki, görüşlərin nəticəsi çox müsbət oldu. Ən əsas nəticə isə o oldu ki, biz daha tez-tez görüşməyə qərar verdik”.
D. Şuebel alt komitələrin iclasının növbəti raundunun gələn il Brüsseldə keçiriləcəyini əlavə edib.