Deputat əfvin olacağına ümidlidir

“Əslində “Bakı 2015 I Avropa Oyunları” kimi möhtəşəm bir tədbir öncəsi əfv sərəncamının imzalanması çox yaxşı olardı”



Mərhum dövlət başçısı Heydər Əliyevin doğum günü və "Bakı 2015 I Avropa Oyunları” öncəsi amnistiya aktının imzalanacağı haqda müxtəlif məlumatlar yayılıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov isə açıqlamasında məlumatlara aydınlıq gətirib. Amnistiya üçün qanunvericilik təşəbbüsü də yoxdur. Hazırda növbəti əfvlə bağlı işlər getdiyini vurğulayan millət vəkili deyib ki, ənənəvi olaraq bayramlar və xüsusi günlərdə cənab prezident İlham Əliyev əfv sərəncamı imzalayır. Çox güman ki, bu dəfə də əfv sərəncamı imzalanacaq. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da açıqlamasında may ayında amnistiya yox, əfv sərəncamı gözlədiklərini bildirib: "Sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyev bu il martın 18-də əfv sərəncamı imzalayıb. Sərəncam 101 məhkuma şamil olunub. Onlardan 90 nəfər həbsdən buraxılıb, 7 nəfərin cəriməsi bağışlanıb, 4 nəfər isə islah işlərindən azad olunub”. Millət vəkili Çingiz Qənizadə isə ümummilli lider Heydər Əliyevin doğum günü və "Bakı 2015 I Avropa Oyunları” öncəsi amnistiya aktının və ya əfv fərmanının imzalanıb-imzalanmayacağına dair məlumatlı olmadığını deyib: "Amma şübhəsiz ki, bir millət vəkili və hüquq müdafiəçisi olaraq, əfvin hər zaman tərəfdarı olmuşam və hər zaman da dəstəkləmişəm”. Əfv sərəncamının prezidentin konstitusion hüququ olduğunu vurğulayan millət vəkili deyib ki, əfv haqqında əsasnaməyə görə, cəzasının yarısını çəkmiş məhbuslar əfvə düşə bilər: "Amma bu da qanun deyil. Hər şey prezidentin şəxsi iradəsindən asılıdır. Ölkə başçısı istəsə, cəmi 1 ayın məhbusunu da azad edə bilər. Bu hüququ ona Konstitusiya verib. Əslində "Bakı 2015 I Avropa Oyunları” kimi möhtəşəm bir tədbir öncəsi əfv sərəncamının imzalanması çox yaxşı olardı”.

Şəymən