Deputat: "Gələn il Dağlıq Qarabağ münaqişəsinin həlli..."





"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi danışıqlara ehtiyac var”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Deputat bəyan edib ki, Azərbaycan sülh dövlətidir və bizə bölgəmizdə əmin-amanlıq olması lazımdır:

"Çünki ancaq sülh şəraitində ölkələrin iqtisadi inkişafı, regional layihələrin reallaşması mümkündür. Xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə son danışıqlar da müəyyən irəliləyişdən danışdı, pozitiv açıqlamalar verdi. 

Əlbəttə, hamımız ümid edirik ki, 2019-cu ildə Ermənistanda hakimiyyətə gəlmiş yeni qüvvə münaqişənin həllində konstruktiv mövqe tutsun. Əgər İrəvan üzərinə düşəni edərsə, o zaman gələn il ərzində münaqişənin həlli istiqamətində intensivlik müşahidə oluna bilər”.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı Azərbaycanın 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid etdiyini bildirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da bəyan edib ki, münaqişənin nizamlanması yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq: "Məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır. Bu, təkcə mənim yox, hər bir azərbaycanlının arzusudur. Uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik”.

İsmayıl