“Guya ki, bu, fiqura üçün, rahat doğuş üçün yaxşıdır”
Dünən Milli Məclis Avropa Parlament Forumu ilə birgə, ana və uşaq ölümləri mövzusuna həsr olunan "dəyirmi masa” keçirib.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirdə deyib ki, son illər Azərbaycanda istər ana, istərsə də uşaq ölümü göstəriciləri xeyli dərəcədə azalıb. Deputatın sözlərinə görə, göstəricilərin azalması o demək deyil ki, bu sahədə problemlər yoxdur:
"Bu səpkili problemlər var. Amma dövlət tərəfindən tədbirlərin görülməsi məsələnin həllinə gətirib çıxaracaq. Mən bir durumu qeyd etmək istəyirəm. Bəzən ana və uşaq ölümlərinin bütün məsuliyyətini həkimlərin üzərinə qoyurlar. Bu, doğru yanaşma deyil”.
Ə.Əmiraslanov qeyd edib ki, hər bir ölkənin əsas inkişaf göstəricilərindən biri də ana və uşaq ölümü göstəricisidir: "Ölkəmizdə ana və uşaq sağlamlığının qorunmasına dövlət səviyyəsində qayğı var, kadr təminatı sahəsində ciddi tədbirlər görülüb.
Komitə sədrinin sözlərinə görə, dünyadakı bütün ana ölümlərinin 50 faizi Afrika qitəsində yaşayanların payına düşür: "İnkişaf etmiş ölkələrdə bu göstərici 1 faizdir. Hər bir ana və uşaq ölümü böyük faciədir. Əgər uşaq ölümünün göstəricilərinin coğrafiyasına nəzər salsaq görərik ki, ölkələr arasında böyük fərqlər var. 1990-cı ilin məlumatına görə, bir gündə dünyada 5 yaşına çatmamış 18 min uşaq dünyasını dəyişirdi. Əslində, bu ölümlərə təsir edən tibbi faktorlar var. Bu gün də uşaq ölümlərinin əsas səbəbləri pnevmaniya, malyariya və sairdir. Çox təəssüflə qeyd etmək istərdim ki, uşaq ölümlərinin 55 faizi səhiyyə xidmətləri ilə bağlıdırsa, 45 faizi qida çatışmazlığı ilə bağlıdır. Şübhəsiz ki, bunlar hamısı çox mürəkkəb məsələlərdir. Bu gün bütün dövlət rəhbərləri bu barədə fikirləşirlər”.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, sağlamlıq və təhsil olmayan yerdə inkişafdan danışmaq olmaz: "Bu kimi tədbirlərdə diqqət daha çox problemlərin həllinə yönəldilməli və səylərin birləşdirilməsinə çalışılmalıdır. Parlament bütün istiqamətlərdə qanunlar qəbul etməklə yanaşı, konkret sahələri də tənzimləyən qanunlar qəbul edib. Hazırda səhiyyə sahəsi üzrə kifayət qədər ciddi qanunverici bazamız mövcuddur”.
"Dəyirmi masa”da iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən Ailə Strategiyası hazırlanıb. Onun sözlərinə görə, bu strategiyada ailənin, qadınların sağlamlığı kimi məsələlər əhatə olunub: "Bu gün Azərbaycanda ailənin, onun hər bir üzvünün hüquqlarının müdafiəsi sahəsində ən güclü qanunvericilik bazası formalaşdırılıb. Biz bir çox məsələlərdə müxtəlif təcrübələri öyrənirik.
Amma bizə də çox müraciətlər edilir ki, Azərbaycanın təcrübəsi bir çox ölkələrdə öyrənilsin. Bizə hətta beynəlxalq təşkilatlar da müraciət edirlər ki, onların nümayəndələri Azərbaycana gələrək təcrübəmizi öyrənsinlər. Ən vacibi odur ki, icra strukturları, qanunvericilik qolları, məhkəmə sistemi arasında çox güclü əməkdaşlıq qurulsun. Bizim də gücümüz ondadır ki, Azərbaycanda bu 3 struktur bir-biri ilə çox yaxşı əməkdaşlıq edir. Çünki qanun nə qədər mükəmməl hazırlansa da, o, işlək olmazsa, heç bir faydası olmayacaq”.
"Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir”. Bu sözləri isə millət vəkili Musa Quliyev deyib. O, təəssüflə qeyd edib ki, qeysəriyyə əməliyyatlarının sayı artıb: "Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir. Guya ki, bu, fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidir”. O, eyni zamanda qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsinin çox yanlış olduğunu vurğulayıb: "Bu bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır”.
Anar