Deputat sərt danışdı:"Müharibə hələ bitməyib..."



"Müharibə şəraitində yaşadığımızdan dövlətimiz öz ordusunu daha da gücləndirir”.

Bunu Sherg.az-a Azərbaycanın ötən il İsraildən "Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi, bu kompleks üçün "Tamir” raketlərini sifariş etməsindən danışarkən millət vəkili Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, Azərbaycan bu gün silahlı qüvvələr üçün tələb olunan bütün silah-sursat, hərbi texnikanı təmin edir:

"Bu sahədə Ermənistanı dəfələrlə qabaqlamağımız göz qabağındadır. Nəzərə almaq lazımdır ki, müharibə hələ bitməyib, düşmənin provokasiyaları dayanmır. Bu baxımdan həm müdafiə, həm hücum xarakterli silahlara böyük ehtiyac var. Suveren müstəqil dövlət kimi Azərbaycanın müxtəlif dövlətlərdən silah almağa, ordunun silahlarını təkmilləşdirməyə haqqı var”.

Qeyd edək ki, Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb. İnstitut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib. Hesabatda o da deyilir ki, Azərbaycan 2016-cı ildə İsrailə "Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün "Tamir” raketlərini sifariş edib.

Aysel Aslan