"Başqa ölkələrin qulu olan radikal qüvvələr dövlətimizə qarşı təxribat həyata keçirərək Fazil Mustafa kimi nüfuzlu şəxsləri təhqir edirlər”.
Bu barədə "Sherg.az”a Milli Məclisin deputatı Fazil Mustafanın fotolarının Rusiyada zibil qutularının üzərinə yapışdırılmasından danışarkən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov bildirib.
O vurğulayıb ki, belə addımı atan şəxslər eyni zamanda Azərbaycan vətəndaşlarını təhqir etmiş olurlar:

"Dini radikalların deputata qarşı bu cür addımı insanlığa sığmayan, çirkin hərəkətdir. Cəmiyyətdə yüksək hörməti olan ziyalının şəklini zibil qutusuna yapışdıran şəxsin özü həmin zibilliyə layiqdir. Belə çirkin addımın səbəbi ancaq bu ola bilər. Deputatın ifadə etdiyi fikirlər kiminsə xoşuna gəlmirsə, bunu etik şəkildə ifadə edə bilər.
Elektron məktub, telefon, yaxud mətbuat vasitəsilə deputatla razılaşmadığını bildirmək, tutarlı arqument varsa, səsləndirmək olar. Amma belə hərəkət etmək artıq vəhşiləşmiş radikal qrupun əməlidir. Ona görə, bu dövlət və azərbaycanlılar tərəfindən pislənməlidir”.
Qeyd edək ki, iki gün öncə deputat Fazil Mustafa sosial şəbəkə profilində dini fanatizmi özündə əks etdirən videogörüntüləri paylaşaraq tənqid edib. Bundan sonra deputata qarşı kampaniya başladılıb. Deputatın fotoları Rusiyada yaşayan inanclılar tərəfindən zibil qutularına yapışdırılıb. Eyni zamanda, Azərbaycanda onun karikaturaları çəkilərək təhqir edilib.
Aysel Aslan