Deputatdan Bako Saakyanın ABŞ səfərinə sərt təpki: "...buraxılmamalı idi"






"Qondarma Dağlıq Qarabağ respublikasının nümayəndələri Ermənistan pasportu ilə Avropaya, Amerikaya gedir, orada qondarma rejimin təbliğatı ilə məşğul olurlar”.

Bu barədə "Sherg.az”a millət vəkili Rasim Musabəyov bildirib. 

O qeyd edib ki, həmin şəxslərə etiraz etdikdə cavab verilir ki, konqresmen və onun köməkçisi istədiyi şəxsi ölkəyə dəvət edə bilər:

"Həmin şəxslər qondarma Dağlıq Qarabağ pasportu ilə Qərb ölkələrinə gedə bilməz. Hər halda biz buna etirazımızı bildirməliyik. ABŞ səfiri qondarma rejimin təmsilçisi Bako Saakyanın səfərinə görə, Azərbaycan XİN-ə çağırılıb, Amerikaya nota verilib. Bizim etirazımıza görə, həmin şəxsin bir də Amerikaya buraxılmayacağını deyə bilmərik.

Ermənistan pasportu ilə xaricə gedən, Dağlıq Qarabağda qeydiyyatda olan şəxsi əslində buraxmamalıdırlar. Nəticə olaraq, yenə ikili standartların tətbiq olunduğunu müşahidə edirik”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib.

Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Aysel Aslan