Zahid Oruc: "Azərbaycan qəti şəkildə Ermənistanda təşkil olunan məzhəkə teatrının iştirakçısı olmaq istəməz"
"Azərbaycan qəti şəkildə Ermənistanda təşkil olunan məzhəkə teatrının iştirakçısı olmaq istəməz”.
Bunu Sherg.az-a Ermənistanın aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciətinə münasibət bildirərkən millət vəkili Zahid Oruc deyib.
Deputat qeyd edib ki, hər kəsin bildiyi səbəbdən Azərbaycanla Ermənistan arasında hər hansı diplomatik münasibətlər mövcud deyil:
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, hətta təcavüz aktı törədib.Yalnız müəyyən beynəlxalq tədbirlərdə həmin məkanı tribuna kimi seçməkdən kənarda Azərbaycan və Ermənistan arasında iqtisadi, siyasi ticarət və ya insani əlaqələr yoxdur. Bununla bərabər son illər sülh platforması çərçivəsində ayrı-ayrı mənbələr Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, Xocalı soyqırımını genosid aktı kimi tanıdıqlarını qeyd edərək, bu prosesə qoşulurlar. Ondan kənarda hər hansı əməkdaşlıq əlaqələri mövcud deyil. Bu məsələnin hüquqi tərəfidir”.
Ermənistanda keçirilən parlament seçkilərinə münasibət bildirən Z.Oruc seçkilərə rəyimizin tendensiyalı və qərəzli görünməməyi üçün həmin prosesə qiymət verən digər rəsmilərin, Rusiyada yaşayan tanınmış ermənilərin mövqeyini diqqətə çatdırıb.
Deputat bildirib ki, onların hamısı Ermənistandakı seçkilərin absurd teatr olduğu qənaətindədir:
"Ona görə ki, seçki mühiti deyil, əksinə hakim partiyanın və onun cinayətkar üzvlərinin bu prosesə həm maddi, həm inzibati güc baxımından vətəndaşlara təsir və təzyiq, onların ələ alınması, rəqiblərin sıradan çıxarılması üçün vasitədir. Eyni zamanda silahların seçki prosesində iştirak etməsi, rəqibləri fiziki və siyasi cəhətdən yox etmək yönündə atılan addımlar onu deməyə əsas verir ki, nəinki Azərbaycandan eləcə də digər ölkələrdən o prosesə dəyər verməli olanlar aprelin 2-də Ermənistanda xalqın iradəsinə əks olan seçkiləri təsbit etməlidirlər. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, mövqe bizim dilimizdən səsləndiyi üçün bunu iki dövlət arasında informasiya müharibəsinin tərkib hissəsi saymağa tələsməsinlər, yetərincə xarici ekspertlər erməni mənşəli şəxslər bu prosesdə rəqib qüvvələrə qarşı total təzyiqlərin, əməliyyatların həyata keçirildiyini vurğuladılar. S.Sarkisyan dünən Moskvaya səfər etdi. Əksər insanların mövqeyi belədir ki, həmin parlamentin hansı dövlətin maraqlarını əks etdirəcəyi orada həll olunacaq. Erməni xalqının səsi, mövqeyi nə parlamentin, nə də digər institutların formalaşmasında heç bir rol oynamır. Bunu tam məsuliyyətlə qeyd edə bilərik”.
Qeyd edək ki, aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə müşahidə missiyası göndərilməsi üçün baş nazir Karen Karapetyanın imzası ilə MDB üzvü olan bütün ölkələrə məktub ünvanlanıb. Müraciət ünvanlanan ölkələr siyahısında Azərbaycan da var.
Aysel Aslan