Deputatdan haqlı iddia: "... Azərbaycan həbsxanasında mahnı oxuyan erməninin vəziyyəti necədir ? !"





"Ermənilərin girovlarımız haqqında məlumat yayılmasını qadağan etməsi onların zəifliyini göstərir”.

Bunu "Sherg.az”a Fransada fəaliyyət göstərən erməni lobbisinin nümayəndələrinin Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı informasiyaların çıxarılmasını tələb etməsinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə söyləyib.

 O diqqətə çatdırıb ki, Avropa demokratik qitədir və bu ölkələrdə həqiqəti əks etdirməyən istənilən informasiya yayılır:

"Dilqəm və Şahbaz məsələsi isə Ermənistana qarşı ciddi arqumentdir. Bu günlərdə Azərbaycan ərazisində həbs edilmiş erməninin video süjeti yayıldı. Vaxtaşırı Dilqəm və Şahbazın da şəklini, videolarını görürük. Baxın, həmyerlilərimiz erməni girovluğunda necə saxlanır, Azərbaycan həbsxanasında mahnı oxuyan erməninin vəziyyəti necədir ? !

Həqiqəti heç bir zaman gizlətmək mümkün deyil. Ermənilər Fransada girovlarla bağlı məlumatları qadağan edəcək, biz başqa tribunadan sözümüzü çatdıracağıq. Tək girovlarla bağlı deyil, ümumilikdə Dağlıq Qarabağ məsələsi həmişə Ermənistanın və erməni millətçi dairələrin üzərində "Demokl qılıncı” kimi asılacaq”.

Qeyd edək ki, Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur. Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb. Bundan sonra həngamə qopub. Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı ifnromasiyaların çıxarılmasını tələb ediblər.

Deməli, Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur. Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Məncə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik.



Aysel Aslan