Deputatdan ordumuzun 25 minlik heyətlə təliminə münasibət: "... məqsədli təşkil edildiyi şübhəsizdir"




"Ordu quruculuğunu həyata keçirərkən onu faktiki fəaliyyətlə, təlim və məşqlərlə, konkret məqsədləri, vəzifələri dinc dövrdə həyata keçirməklə formalaşdırmalıyıq”.

Bunu "Sherg.az”a ölkəmizdə keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışarkən millət vəkili Zahid Oruc deyib. 

O xatırladıb ki, düşmən də işğal altındakı Dağlıq Qarabağ ərazisində zamanla hərbi təlimlər təşkil edir:

"Bu təlimlər zamanı informasiya aləminə elə xəbərlər yeridilir ki, guya müasir hərbi texnika, hazırlıqlı şəxsi heyət formalaşıb, güclü hərbi imkanlara malikdirlər. Əvvəllər istər-istəməz sərhəd bölgələrdə yaşayan insanlarda narahatlıq təəssüratı doğururdu. Lakin bilirik ki, psixoloji savaşın hissəsi məlumatları kütləviləşdirmək, təxribatçı səviyyəyə qaldırmaqdır.

Bu gün Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsi o anlama gəlir ki, dünyanın hər yerində silahlı qüvvələr ən ciddi döyüş hazırlığı vəziyyətində də hazırlıq vəziyyətində olmalıdırlar. Ordunun döyüşə hazırlıq vəziyyətinə gələ bilməsi 4 gün vaxt alır. Dəqiq taktiki mövqelər tutmaq, konkret hədəflərə irəliləmək müəyyən zaman aparır. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, təlim məşqlər çox vacibdir.

Genişmiqyaslı təlimlərə daha çox kontingent qoşulur, müxtəlif növ qoşun birləşmələri burada iştirak edəcəklər. Birinci Qarabağ müharibəsinə qəfil yaxalandıq. Birləşmələrin nizam-intizamından söhbət getmirdi. Buna rəğmən koordinasiyanın qurulması, ən çətin vəziyyətdə əlaqələrin sıradan çıxarılmaması, birləşmələr arasında kontaktın bərqərar olması vacib məsələdir”.

Azərbaycanda və Ermənistanda seçki prosesinin getdiyini xatırladan Z.Oruc vurğulayıb ki, çoxları bu məqamda genişmiqyaslı hərbi təlimləri müharibə qərarı kimi dəyərləndirir:

"Azərbaycanın müharibəyə hazırlaşması, torpaqlarını bu yolla qaytarması hansısa ekspertin mediaya söylədiyi fikirlərlə baş tutan deyil. Bir var, başqa dövlətlərdən tapşırıqlar gəlir, müharibəyə başlayırsan, bu, yad müharibədir. Öz müharibəsini aparmaq isə tamam başqa şeydir. Dövlət öz mövqeyini müəyyən edir və məhz həmin anda zərbə vurulur. Ona görə, hərbi təlimlərin gələcəyə yönəlik olduğu, məqsədli təşkil edildiyi şübhəsizdir. Bu, Ermənistan cəmiyyətində, xüsusilə Qarabağda təsərrüfat həyatından tutmuş, mənəvi-psixoloji hazırlığa qədər təsir göstərir. Azərbaycanda isə əhalinin ruhunu yüksəldir.

Arzulayaq ki, həmin 25 min nəfərlik heyət işğal altındakı ərazilərimizə hücum etsin. Atəşkəsi pozub, müharibəyə başlasın və ərazilərimizi azad etsin”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən 17-dək Müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Aysel Aslan