Deputatdan real iddia:"Dağlıq Qarabağ münaqişəsi sülh danışıqları ilə həll olunmayacaq"






"Ermənilər işğal altındakı ərazilərimizi yandırmağa adət ediblər. Hətta yanğınlar o qədər güclü olur ki, sərhəd kəndlərimizə, əhalinin əkin, otlaq sahələrinə, təsərrüfatına ciddi ziyanlar dəyir”.

Bu barədə "Sherg.az”a millət vəkili Elman Məmmədov bildirib. 

O vurğulayıb ki, bu yanğınların Azərbaycan tərəfinə təsirlərini azaltmaq üçün Fövqəladə Hallar Nazirliyinin yerli şöbələri təxribatı nəzarət altında saxlayırlar:

"Ermənilər 30 ilə yaxındır, işğal etdikləri ərazilərimizdə nə varsa, yandırıb, talan etdilər. Yeraltı yerüstü sərvətlərimizin hamısı dağıdılıb. Tarixi mədəni irsimiz məhv edilib, vandalizm həyata keçirilir. Müxtəlif beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılır, bəyanatlar verilir. Nə beynəlxalq təşkilatlar düşmənin bu addımları ilə bağlı tədbir görür, nə də düşmən onların müraciətlərini nəzərə alır. Belə məqamda çıxış yolu kimi gücümüzü istifadə edib, yadelliləri torpaqlarımızdan qovmağa qalır. Hələlik əlimizdə olan imkanlar - etiraz bildirmək, bəyanat səsləndirmək, beynəlxalq təşkilatlara müraciət etmək kimi vasitələr öz bəhrəsini vermir. Ona görə, düşmən torpaqlarımızdan çıxarılmalıdır”.

E.Məmmədovun fikrincə, Dağlıq Qarabağ münaqişəsi sülh danışıqları həll olunmayacaq:

"Ermənilərin və onlara dəstək verən qüvvələrin yalnız bir istəyi var. Azərbaycan torpaqlarını işğal altında saxlamaq, cəmiyyətin bunu unutmasına şərait yaratmaq. Torpaqlarımızı öz əllərində saxlayan ermənilər işğal metodu ilə ərazilərini genişləndirdik sonra, Türkiyəyə, Gürcüstana qarşı hərəkətə keçəcəklər. Ona görə, bu dövlətin qarşısını almaq üçün Azərbaycanın yeganə yolu hərbi gücündən istifadə edib, ərazi bütövlüyünü təmin etməkdir”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib. İyulun 7-də günorta saatlarından başlayan yanğınlar Ağdam rayonu Baş Qərvənd kəndi ərazisində müşahidə olunub.

Aysel Aslan