Deputat:"...dini radikallar anlamalıdır ki..."

"...digər ölkələrdə müharibə və ya silahlı qarşıdurmalar yaradan dövlətlərə sığınmaq, onların mənafeyini müdafiə etmək olmaz"



"Dövlətin təhlükəsizlik orqanları din pərdəsi altında anti-Azərbaycan siyasəti aparan qüvvələrin mənbəyini, haradan maliyyələşdirildiyini bilir. Sadəcə, Azərbaycan kifayət qədər tolerant, multikultural dəyərləri özündə daşıdığından həmin şəxslərə qarşı tərbiyəvi metodlar tətbiq olunur”.

Bunu "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılmasından, dindarların guya sıxışdırılması barədə iddialardan danışarkən millət vəkili Fəzail İbrahimli deyib. 

O bildirib ki, belə qüvvələrin təbliğatı Azərbaycanın geosiyasi üstünlüyünü, inkişafını həzm edə bilməməyin, məkrli niyyətlərin təzahürüdür:

"Dinimizə, əxlaqımıza, mədəniyyətimizə böyük hücum var. Bu hücum tək istiqamətli deyil, şimaldan, qərbdən, şərqdən və cənubdan baş qaldırır. Çünki Azərbaycan MDB məkanında yeganə respublikadır ki, ərazisində heç bir xarici hərbi baza yoxdur, müstəqil xarici siyasət yeridir, ərazisini qoruyur və s. Bu isə bizi istəməyən qüvvələrə sərf etmir.

Yaxın Şərqdə və digər münaqişə zonalarında baş verən proseslər hər kəsə məlumdur. Müharibənin baş qaldırması, insanların qətlə yetirilməsi, qaçqın düşməsi bütün dünyanın müzakirəsindədir. Ona görə, dini radikalllar anlamalıdır ki, digər ölkələrdə müharibə və ya silahlı qarşıdurmalar yaradan dövlətlərə sığınmaq, onların mənafeyini müdafiə etmək olmaz. Dünyanın qarşıdurmalar vəziyyətində olduğu bir vaxtda Azərbaycanın sabitlik içərisində yaşaması, iri layihələrə imza atması böyük dövlətləri qıcıqlandırır. Hər bir Azərbaycan insanı ölkənin sabitliyinin qorunmasına çalışmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxt uzatdığı və s. kimi iddialar irəli sürülür.

Aysel Aslan