“...Canın çıxsın təmizliyini apar”
Tahir Kərimli: "Axı onlar da anadı, bacıdı, ölkəmizin vətəndaşıdır. Hamı onlara ürək ağrısı ilə yanaşmalıdır"
Daha bir süpürgəçi qadını maşın vurub. Hadisə Sabunçu rayonun "Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb. Yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Namaz qızı Aslanova Günel Taryel qızı Fərmanovanın idarə etdiyi "Wolskwagen Polo” markalı avtomobillə vurulub. H.Aslanova aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Süpürgəçilərin ölümü ilə nəticələnən qəzalar baş verdikdən sonra məsələ bir neçə gün gündəmdən düşmür. Bu cür bədbəxt hadisələrə son qoyulması üçün müəyyən təkliflər verilir, iradlar bildirilir. Hətta süpürgəçilərə xüsusi geyimlərin verildiyi də deyildi. Guya bu geyimlərlə səhər və gecə saatlarında onların yolda görünməsi mümkün olacaq. Görünən odur ki, geyimlərin heç bir faydası yoxdur. Süpürgəçi xanımlara qarşı "terror”a son qoyulması üçün alternativ çıxış yolları tapılmalıdır.
Baş verənlərlə bağlı "Sherg.az”a danışan millət vəkili Tahir Kərimli təəssüflə vurğuladı ki, süpürgəçilərin ölümü bir neçə gün müzakirə olunur, daha sonra yaddan çıxır.
Deputat məsələ ilə bağlı sərt reaksiyalar verdiyini, hətta buna görə tənqidlərə də tuş gəldiyini bildirdi:
"Əvvəlki ölüm hadisələrindən sonra dedilər ki, süpürgəçilər üçün xüsusi geyimlər veriləcək. Amma özüm dəfələrlə rastlaşmışam ki, dəyişən bir şey yoxdur. Qarşı tərəfdən maşın keçəndə çox təhlükəli durum yaranır. Süpürgəçilər bəzən özlərini qoruya bilmirlər və çox ağır şəraitdə çalışırlar.
İnsan faktoruna ciddi yanaşmaq lazımdır. Elə bir saat seçilməli, xüsusi işarələr qoyulmalıdır ki, süpürgəçilər çalışan zonaya ümumiyyətlə avtomobil daxil olmasın. Görürsən ki, maşınlar az qalır süpürgəçilərin üstünə çıxsın. Əgər yol bir tərəflidirsə, ən azı bir tərəfdən xüsusi işarələr qoyulmalıdır ki, maşınlar ötüb keçsinlər”.
T.Kərimli qeyd edib ki, artıq bir sıra ölkələrdə süpürgəçiləri əvəzləyən maşınlar var:
"Ölkəmizin də təmizləyici maşınları almaq üçün imkanları var. Adətən əmək haqqı az olduğuna görə, yaşlı xanımlar məcbur olub işləyirlər. Axı onlar da anadı, bacıdı, ölkəmizin vətəndaşıdır. Hamı onlara ürək ağrısı ilə yanaşmalıdır. Bu yaxınlarda bir hadisənin şahid oldum. Ağbirçək süpürgəçi xanım sürücüdən maşını bir az kənardan sürməsini xahiş etdi. Sürücünün cavabı isə "canın çıxsın təmizliyini apar” oldu. Bu artıq cəmiyyətin böyük bəlasıdır.
Azərbaycana xüsusi təmizləyici maşınlar gətirilməlidir, nəzarətlər olmalıdır. İcra hakmiyyəti, bələdiyyələr, kommunal təsərrüfat xidmətləri xüsusi şərait yaratmalıdır ki, maşınlar təmizlik aparılan sahəyə qətiyyən daxil olmasın. Yoxsa hər dəfə ölüm hadisəsi olur. Görürsən ki, heç nədən yaşlı bir ana dünyasını dəyişir”.
Yeganə Bayramova