Millət vəkilləri parlamentlə bağlı verilişi bəyənirlər, amma......Suallar çoxdu, necə olacaq, onu yaxın zaman göstərəcək
"Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva İctimai Televiziya və Radio Yayımları Şirkətində veriliş aparacaq. Bu barədə Ü.Abdullayeva özü məlumat verib. Baş redaktor bildirib ki, "Parlament vaxtı” adlanacaq veriliş Avropa Oyunlarından sonra efirə gedəcək: "Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına yardım fondu ilə Milli Məclis arasında imzalanan memorandum əsasında hazırlanıb.
Veriliş parlamentin fəaliyyətini, qəbul olunan qanun layihələrini işıqlandırmaq məqsədi daşıyır. Belə ki, deputatlar, ictimaiyyət nümayəndələri verilişə dəvət olunacaq və parlament tərəfindən qəbul olunan qanunlar müzakirə olunacaq. Bu proqram tamaşaçılara hansı qanunun özündə nəyi ehtiva etdiyini açıq şəkildə izah edəcək”. Məsələ ilə bağlı "Şərq”ə danışan deputatlar parlamentin fəaliyyətinin telekanallarda işıqlandırılmasını müsbət addım kimi dəyərləndiriblər. Parlamentarilərin bununla bağlı müəyyən təklifləri də olub.
Millət vəkili Fazil Mustafa təşəbbüsün yaxşı olduğunu desə də, qaneedici olmadığını düşünür: "Əlbəttə, belə verilişlərin olması parlamentin fəaliyyətinin ictimaiyyətə çatdırılması baxımından müəyyən mənada rol oynaya bilər. Ancaq ən yaxşı variant Milli Məclisin öz televiziyasının yaradılmasıdır. Bəlli bir vaxtlarda parlamentdə gedən müzakirələri əhaliyə olduğu kimi çatdırmaq daha yaxşı nəticə verər. Çünki çox zaman insanlar bizə müraciət edərək deyirlər ki, niyə hansısa məsələyə toxunmursuz, münasibət bildirmirsiniz və s. Amma parlamentin gedişini tam izləsələr görərlər ki, çox ciddi və aktual məsələlərlə bağlı Milli Məclisdə maraqlı müzakirələr gedir və biz də fikirlərimizi deyirik. Ona görə də hesab edirəm ki, parlament televiziyasının olması qurumun fəaliyyəti ilə bağlı daha ciddi məlumatların əldə olunmasına imkan yaradar”.
Millət vəkili İqbal Ağazadə təşəbbüsü dəstəkləyib və təşkilatçılara uğurlar arzulayıb: "Televiziyada bu cür bilgiverici proqramların olması müsbət haldır. Təbii ki, verilişin necə olacağı, parlament qanunlarının hansı tərzdə efirdə izah ediləcəyi mühüm məsələdir. Bunun necə olacağını isə yaxın zamanda görəcəyik”.
Millət vəkili Zahid Oruc da təşəbbüsü alqışlayıb və parlament üzvü kimi həmin verilişlərdə iştirak etməyə hazır olduğunu deyib: "Əminəm ki, efir məclis üzvləri üçün daha yaxşı tribunaya çevriləcək. Ülviyyə xanımı media və televiziya sferasında təcrübəli bir insan kimi tanıyırıq. Düşünürəm ki, parlamentin fəaliyyəti İTV-nin efirində çox böyük uğurla ictimaiyyətə təqdim olunacaq. Əslində parlamentin işinə və millət vəkillərinin müzakirələrinə efirlərdə yer verilməsi olduqca mühümdür. Burda zaman problemindən daha çox operativlik önəmlidir. Fikir verirsizsə, cəmiyyətin sürətlə dəyişən maraqları kontekstində, ictimai maraqlarımız üçün önəm daşıyan məsələlərə münasibətdə millət vəkillərinin birbaşa dilindən səsləndirilən mövqelər çox gec halda öz ünvanına çatır. Cəmiyyət rəyi, ictimai fikir müxtəlif mənbələrdən formalaşan informasiyalar hesabına qurulur və yalnız ondan sonra parlament üzvləri müdafiə mövqeyində çıxış etməyə məcbur olurlar”. Deputat təklif edir ki, parlamentin işi təkcə İTV-dəki verilişlə və ya AZTV-dəki qısa xronika ilə deyil, daha geniş formatda cəmiyyətə çatdırılsın. Efirlərdə müxtəlif qanunların şərh edilməsi, oxucu və şikayətçi məktublarının səsləndirilməsi gözəl olar. Milli Məclis işinin cəmiyyət həyatına nüfuz etməsi informasiya işinin təşkilindən kənarda mümkün deyil”.
İsmayıl