Yadigar Məmmədli: “Ümid edirəm ki, diffamasiya haqqında aparılan son mücadilələr də ən qısa zamanda parlamentin qanunu qəbul etməsinə gətirib çıxaracaq”
“Diffamasiya haqqında” qanunun buzu əriyir
Elçin Şıxlı: “Bu qanun Azərbaycan jurnalistikası üçün, söz azadlığı üçün əhəmiyyəti olan qanun ola bilər”
Yadigar Məmmədli: “Ümid edirəm ki, diffamasiya haqqında aparılan son mücadilələr də ən qısa zamanda parlamentin qanunu qəbul etməsinə gətirib çıxaracaq”
Yadigar Məmmədli: “Ümid edirəm ki, diffamasiya haqqında aparılan son mücadilələr də ən qısa zamanda parlamentin qanunu qəbul etməsinə gətirib çıxaracaq”
Elçin Mirzəbəyli: "İnformasiya məkanımız o qədər genişlənib ki, ona nəzarət etmək və təsir altında saxlamaq qeyri-mümkündür”
Aydın Quliyev: "Hesab edirəm ki, qanunun qəbul edilməməsi bir sıra hallarda Azərbaycanın beynəlxalq təşkilatlarla fikir ayrılıqlarına, müəyyən problemlərə səbəb olur”
Uzun müzakirələrin aparılmasına baxmayaraq "Diffamasiya haqqında” qanunun qəbul olunması məsələsi hələ də ləngiyir. Sanki gözəgörünməz bir qüvvə Azərbaycanda bu qanunun qəbuluna mane olur. Bütün media cameəsi isə səbirsizliklə "Diffamasiya”nın qəbul olunmasına ümid verəcək "yaşıl işıq” gözləyir.
Qeyd edək ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin ötən iclasında uzun zamandır qəbul olunması gözlənilən "Diffamasiya haqqında” qanun layihəsini yenidən gündəmə gətirib.
Millət vəkili çıxışı zamanı "Diffamasiya haqqında” qanunun qəbul olunmasının zəruri olduğunu qeyd edib.
MŞ sədri bildirib ki, jurnalist yazdığı yazıya görə, həbs edilməməlidir: "Narahatlıq başadüşüləndir, mediada müxtəlif materiallar dərc olunur. Amma faktiki olaraq ölkədə heç kim Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmayıb. Azərbaycan Mətbuat Şurası da bunu əsas tutaraq konkret təkliflər hazırlayıb, ATƏT-in Bakı ofisi ekspertizasından keçib. İlkin variant kimi Mətbuat Şurasının Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim etdiyi layihə əsas götürülə bilər”.
Maraqlıdır, bu qanunun qəbulu Azərbaycan jurnalistikasına nə verəcək? Bu, jurnalistlərə yönəlik basqı və təzyiqi azalda, onların həbsi yolunda hüquqi maneə rolu oynaya bilərmi?
"Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bu qanunun işlək olacağı təqdirdə, müsbət nəticə verəcəyini vurğulayıb: "Əgər "Diffamasiya haqqında” qanun qəbul edilərsə, buna sevinəcəm. Bu, çox ciddi qanundur. Bu qanun Azərbaycan jurnalistikası üçün, söz azadlığı üçün əhəmiyyəti olan qanun ola bilər. Lakin bu da bir həqiqətdir ki, bizdə bəzi qanunların həyata keçirilməsində problemlər var. İnanmaq istəyirəm ki, bunun nə isə bir əhəmiyyəti olacaq. Lakin gerçək vəziyyətdən baxanda qorxuram ki, bu, rəfdə qalan, işləməyən qanun ola bilər. Belə olmağını isə əsla istəmirəm”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də "Diffamasiya haqqında” qanunun ən qısa zamanda qəbul olunacağı qənaətindədir: "Azərbaycan jurnalistlərini ən çox narahat edən məsələlərdən biri də, məhz "Diffamasiya haqqında” qanunun ləngiməsi məsələsidir. İndiki halda bu məsələnin Milli Məclisdə Əflatun Amaşov tərəfindən yenidən gündəmə gətirilməsini təqdirəlayiq hal hesab edirəm. Əslində Azərbaycanda sözügedən məsələ ilə bağlı bir neçə dəfə qanun layihəsi hazırlanaraq, MM-in müvafiq komitəsinə də təqdim olunub. Amma təəssüflər olsun ki, vəziyyət dəyişməyib, qanun layihəsi hələ də parlamentdə müzakirəyə çıxarılmayıb”.
"Diffamasiya haqqında qanun”un elə də böyük əhəmiyyətə malik olmadığını dilə gətirən həmkarlarının da olduğunu təəssüflə vurğulayan Y.Məmmədli hesab edir ki, adıçəkilən qanunun qəbul olunması, nəinki biz jurnalistlər, hətta cəmiyyətin inkişafı və demokratik şəraitin güclənməsi üçün daha böyük töhfələr verə bilər. Çünki bu qanun layihəsində, əsas diqqət 147-148-ci cinayət maddəsinin götürülməsinə deyil, eyni zamanda məmurların jurnalistlərə məhkəmə iddialarının qarşısının alınmasına yönəlib. Ümid edirəm ki, diffamasiya haqqında aparılan son mücadilələr də ən qısa zamanda parlamentin qanunu qəbul etməsinə gətirib çıxaracaq.
Y.Məmmədlinin fikrincə, Azərbaycanda jurnalist söz azadlığına malik olsa da, cəmiyyətdə müdafiə sistemimiz formalaşmayıb. Yəni cəmiyyət tərəfindən müdafiə olunmuruq və bəzən məhkəmələrdə məmurların təsirləri jurnalistləri bir çox şeydən təcrid edir. Bəs jurnalist nə edir?
Kimə xidmət edir? Təbii ki, jurnalist xalqa xidmət edir. Lazımi anda isə cəmiyyət və qanun jurnalisti müdafiə etmir. Jurnalistlərə olan basqılar öz çözümünü tapmalıdır. Amma hər halda, bu gün yeni mediada, ələlxüsus da sosial şəbəkələrdə demokratik fikir yürütmək üçün heç bir əngəl yoxdur. Birmənalı olaraq bu bir faktdır. Amma düşünürəm ki, yeni medianın tənzimlənməsi və KİV-in etik davranış kodeksi haqqında qanun qəbul olunmalıdır. Bunların qanunda təsbit olunması, ölkədə jurnalistikanın inkişafına böyük imkanlar açacaq”.
Qəbul olunacağı təqdirdə "Diffamasiya haqqında” qanunun nə dərəcədə effektiv olacağına gəldikdə isə liqa sədri deyib ki, layihənin fəlsəfəsi yazılarına, düşüncələrinə görə jurnalistlərin qeyri-adekvat dərəcədə cəzalandırılmasına qarşıdır. Hər nə qədər sərt olsa da, sözə görə jurnalistlərin həbsini heç bir halda doğru hesab etmirəm. Qanun eyni zamanda, jurnalistlərin məsuliyyətini artırır, cəmiyyətdə şəffaflığın təminatına şərait yaradır.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, Əflatun Amaşovun "Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı təşəbbüsü bundan əvvəl qəbul olunan qanunvericilik aktlarına söykənir. Mətbuatda ayrı-ayrı şəxslərin hüquqlarını poza biləcək yazıların qarşısının alınması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə, eyni zamanda "Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna da müvafiq dəyişikliklər edilib. Demək olar ki, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Odur ki, "Diffamasiya haqqında” qanunun qəbul olunması üçün ortada hər hansı bir problem qalmır. Hansı ki, bu qanunun qəbulu da Azərbaycanda medianın inkişafına yalnız dəstək verə bilər.
E.Mirzəbəylinin sözlərinə görə, "Diffamasiya haqqında” qanunun qəbulundan sonra ondan irəli gələn müvafiq mexanizmlər olacaq ki, bu da mətbuatda baş verə biləcək hər hansı bir problemin qarşısını almaq üçün daha çevik addımların atılmasını nəzərdə tutacaq. Burada əsas məsələ qanun qəbul olunduqdan sonra ondan sui-istifadə etməməkdir. Qanun qəbul ediləcəyi şəraitdə söz və fikir azadlığından sui-istifadə hallarının qarşısının alınması üçün müvafiq hüquq mexanizmlərinin yaradılmasına ehtiyac var, təbii ki, inzibati üsullarla bu problemin qarşısını almaq mümkün deyil. Bu mexanizmin yaranması isə o qədər çevik olmalıdır ki, yaranmış hər hansı bir problem dərhal, qısa müddətdə aradan qaldırılsın. Çünki informasiya ilə oynamaq olmaz və bunu zamanın öhdəsinə buraxmaq da düzgün deyil.
Baş redaktor bu qanunun qəbul edilməsi ilə bağlı cəmiyyətimizdə müəyyən fikir ayrılıqlarının olduğunu söyləyib: "Bəzi insanlar hesab edir ki, qanunun qəbulu tezdir. Bir qrup insanlar isə hesab edir ki, qanunun qəbulu ilə bağlı biz artıq gecikmişik. Yəni cəmiyyətimizdə iki haçalanmış fikir var. Mən düşünürəm ki, əslində hər iki tərəfin arqumentlərində müəyyən obyektiv notlar tapmaq olar”.
Rəsmilərin cəmiyyətin "Diffamasiya haqqında” qanuna hazır olmadığına dair fikirlərinə toxunan baş redaktor onların əksini düşünür: "Artıq bu kimi fikirlər prinsip etibarı ilə öz əhəmiyyətini itirib. İnformasiya məkanımız o qədər genişlənib ki, ona nəzarət etmək və təsir altında saxlamaq qeyri-mümkündür”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Diffamasiya haqqında” qanunun nə vaxt qəbul olunacağı ilə bağlı konkret fikir bildirməyin çətin olduğunu deyib: "Şəxsən mən bu qanun layihəsinin qəbul olunmasının tərəfdarıyam. Bu məsələni Mətbuat Şurasında da dəfələrlə müzakirə etmişik. Amma nə yazıq ki, qanun layihəsinin
qəbulu Mətbuat Şurasından asılı olmadığı üçün layihə ləngiyir. Amma mən bu qanunun qəbulunu iki nöqteyi-nəzərdən əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, qanunun qəbul edilməməsi bir sıra hallarda Azərbaycanın beynəlxalq təşkilatlarla fikir ayrılıqlarına, müəyyən problemlərə səbəb olur. Bundan əlavə, qanunun qəbulu ölkəmizdə jurnalistlərin yalana, böhtana görə məsuliyyətə cəlb olunmasına gətirib çıxaracaq. Hər iki səbəbə görə, qanunun qəbuluna ehtiyac var. Bir müddət bundan əvvəl qanunun qəbul edilməsinə nə cəmiyyət, nə də ki məmurlar hazır deyildi. İndi isə düşünürəm ki, cəmiyyətin böyük bir əksəriyyəti qanunun qəbuluna hazırdır. Ona görə də artıq qanunu qəbul etmək olar”.
"Diffamasiya haqqında” qanun layihəsi ilə bağlı mediada və dövlət qurumlarında vahid fikir olmadığını vurğulayan baş redaktor deyib ki, bu layihənin əleyhinə olan dövlət qurumlarının arqumentləri də çox ciddi və əsaslıdır. Hər nə qədər qanunun mümkün qədər tez qəbul edilməsinin tərəfdarı olsam da, əks fikirlərin arqumentlərini də əsaslı hesab edirəm. Düşünürəm ki, cəmiyyətin mümkün qədər geniş kəsimlərini özündə əks etdirən təmsilçilərin iştirakı ilə bu layihə yenidən müzakirəyə çıxarılmalıdır. Media, qeyri-hökumət təşkilatları, dövlət qurumları, parlament, Prezident Administrasiyasının iştirakı ilə orta yol tapılmalıdır. Əgər qanun vaxtsız qəbul olunsa bundan sösüz ki, sui-istifadə halları ola bilər. Ancaq müəyyən hazırlıqlar prosesini davam etdirəndən sonra qanun qəbul olunarsa, ondan sui-istifadə halları xeyli dərəcədə aradan qaldırıla bilər. Bunun əsas yolu bu qanunun mahiyyəti ilə bağlı izahat işlərinin aparılmasıdır.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb