Dini ekstremizmə qarşı qanunlar sərtləşdirildi

“Ekstremizm fəaliyyətinin Azərbaycanı fəlakətə sürükləməsinə yol verilməməlidir”



Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda bəzi qanunlarda dəyişikliklər edilməsi məsələləri müzakirə edilib. İlk öncə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə "Dini etiqad azadlığı haqqında” qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində Azərbaycanda islam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparıldığı halda 2000 manatdan 5000 manatadək cərimə, yaxud bir ilədək müddətdə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunması təklif edilib. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsinə, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənarda yerləşdirilməsinə görə vətəndaşların 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslərin 8000 manatdan 9000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək cərimə olunmaları öz əksini tapıb. Eyni zamanda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin 2000 manatdan 2500 manatadək cərimə olunmaqla inzibati qaydada Azərbaycan hüdudlarından kənara çıxarılmaları təklif olunub.

Cəzalar sərtləşdirilir

İclasda həmçinin Cinayət Məcəlləsinə dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması halları ilə bağlı təklif edilən dəyişikliklər müzakirə edilib. Dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda dini fanatizm və radikalizm zəminində məcburi dini etiqada, dini mərasim keçirməyə, dini cərəyana qoşulmağa, dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur. Təklif olunan maddəyə əsasən, dini düşmənçilik, radikalizm və ya fanatizm zəminində şəxsi hər hansı dinə, dini cərəyana etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə, dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edən şəxslər 7000 manatdan 9000 manata qədər cərimələnəcək və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına xüsusi cəzalar, o cümlədən ömürlük həbs cəzası təklif olunur.

Cinayət Məcəlləsinə salınması təklif edilən 278.2 maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

2000 manatdan 3000 manata qədər cərimələnəcəklər

İclasda İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi də müzakirə olunub. Maddəyə əsasən Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrinin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq.

Bildirilir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında nəqliyyat vasitələrinin, piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirlərin tətbiqinə, ərazinin müəyyən sahələrinə, obyektlərə nəqliyyat vasitələrini, piyadaları buraxmamağa maneçilik törətməyə görə, fiziki şəxslər 50 manatdan 80 manata qədər cərimə olunacaq, işin halları və pozuntu törədəninin şəxsiyyəti nəzərə alınmaqla bu cəzanın tətbiqi kifayət etmədikdə 15 günədək inzibati həbs ediləcəklər. Vəzifəli şəxslər 450 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimələnəcəklər.

Eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmasına görə də tətbiq ediləcək. Maddəyə əsasən eyni cəzalar dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə və ya nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirməyə maneçilik törətməyə görə də tətbiq edilməlidir. Qeyd olunan cəzalar eyni zamanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədi ilə fiziki şəxslərin mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə daxil olmağa maneçilik törədilməsinə görə tətbiq olunacaq. Maddədə digər buna bənzər hallara görə də eyni cəzaların tətbiq olunması təsbit olunub. Həmçinin qeyd olunur ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi və ya satılmasına görə həmin aparatlar müsadirə edilməklə, 150 manatdan 300 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

"Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub”

"Dini etiqad etməyə məcbur etməklə bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər düzgün anlaşılmalıdır. Söhbət burada kiminsə əlinə ələm götürüb pul yığmağa, yaxud saqqal saxlamağa məcbur etmək kimi əməllərdən gedir”. Bu sözləri müzakirələr zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, kimsə dini ritual yerinə yetirirsə, üzərində dini nişan varsa, yaxud evdə namaz qılır, dini ayin icra edirsə, bu qadağaların onlara dəxli yoxdur: Xaricdə islam dini ilə bağlı təhsil alanların Azərbaycanda dini mərasimləri idarə etmələrinə qoyulan qadağa haqda da danışan komitə sədri deyib ki, Azərbaycanda Bakı İslam Universitetində, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dini təhsil verilir: "Amma bizdə xristian və yəhudi dinləri ilə bağlı dini təhsil verən mərkəz yoxdur. Ona görə də biz qadağanı məhz xaricdə islam dini ilə bağlı təhsil alanların mərasim aparmalarına qoymuşuq. Onu da nəzərə almaq lazımdır ki, qanunun geriyə qüvvəsi yoxdur. Yəni söhbət qanunun qəbulundan sonra xaricdə təhsil alanlardan gedir. Ola bilər ki, həmin insan savadlıdır, amma təhsil aldığı ölkənin müəyyən orqanları ilə əlaqədə olub. Dini mərasimləri vətəninə, ölkəsinə, xalqına bağlı olan insanlar idarə etməlidirlər”.

"Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər”

Müzakirələrə qoşulan millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, bəzi qərb dövlətləri Azərbaycanda dini ekstremizmə qarşı çox sərt, qeyri-adekvat mübarizə aparıldığını bildirir: "Ancaq onlar unutmamalıdırlar ki, Azərbaycanın ətrafındakı region məhz dini ekstremizmə görə qana boyanıb, ölkələr parçalanır. Buna görə də Azərbaycanı ittiham etmək yersizdir. Hər bir vətəndaşın borcudur ki, dövlətinin sabitliyini qorusun. Azərbaycanda dindarlara, o cümlədən şeyximizə böyük hörmət var, ibadət edənlərə heç bir problem yaranmır. Dini ekstremizm fəaliyyətinin Azərbaycanı fəlakətə sürükləməsinə yol verilməməlidir. Ona görə də bu sahədə qanunların sərtləşdirilməsi doğru addımdır”. Deputat həmçinin xaricdə dini qüvvələrin təsirinə düşən vətəndaşlardan da söz açıb: "Xarici dövlətdə hansısa din xadiminin əlini öpüb Azərbaycanda siyasətlə məşğul olmaq yolverilməzdir. Əl öpmək lazımdırsa, hörmətli şeyximizin əlini öpsünlər”.

Müzakirələrdən sonra qanunlara təklif edilən dəyişikliklər layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Bayramoğlu