"Dini radikal qruplara qoşulmaq üçün gedənlər yoxdur" - Azərbaycanda



Cari ilin sonuna sayılı günlər qalıb. 10 gündən sonra Azərbaycana yeni il gəlir. Başa çatmaqda olan 2016-cı il ölkəmiz üçün hərbi, iqtisadi, siyasi, tibbi, sosial və başqa sahələrlə bağlı bir sıra mənfi və müsbət hadisələrlə yadda qaldı. "Şərq”in ötən saylarının birində meymun ilinin dəyərləndirilməsi üçün müxtəlif sahələrin ekspertlərinə, ictimaiyyət nümayəndələri və deputatlara müraciət edərək sorğu xarakterli bir yazı da hazırlamışdıq. Bu dəfə isə il ərzində Azərbaycanın dini mühitində hansı yadda qalan hadisənin baş verdiyini öyrənmək üçün Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli ilə əlaqə saxladıq. 


2016-cı ildə ölkənin dini mühitində bir çox yadda qalan hadisələrin yaşandığını vurğulayan şərqşünasın sözlərinə görə, ilin ən mühüm hadisəsi isə Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili”nin elan olunması və bundan irəli gələrək ölkə boyunca silsilə tədbirlərin həyata keçirilməsidir. O, bu tədbirlərin reallaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük əməyi olduğunu da qeyd edib: 

"Ölkədə aparılan dini maarifləndirmə işinin təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Qafqaz Müsəlmanları İdarəsinin də iştirakı təqdirəlayiq hadisədir”.

Ölkəmizdə milli mənəvi dəyərlərin həqiqi təəssübkeşinin Azərbaycan dövləti olduğunu vurğulayan S.C. Əzimbəylinin fikrincə, Azərbaycanda dünyanın heç bir ölkəsində mövcud olmayan tolerant mühitin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi faktı qürurvericidir: 


"Digər illərdən fərqli olaraq, dini radikalizmə qarşı mübarizə çərçivəsində aparılan maarifləndirmə işi artıq öz bəhrəsini verməkdədir. Beləki, dövlət-din münasibətlərini tənzimləyən Dövlət Komitəsi xüsusi olaraq bölgələrdə həyata keçirdiyi maarifləndirici layihələr dini radikal qrupların zərərsizləşdirməsi ilə nəticələnib. Çox yaxşı haldır ki, son bir ildə Suriyaya, İraqa və digər ölkələrə dini radikal qruplara qoşulmaq üçün gedənlər, demək olar ki, yox dərəcəsindədir. Hesab edirəm ki, 2016-cı il Azərbaycan dövlətinin bütövlüyü və milli maraqları baxımından ən uğurlu hadisə kimi qiymətləndirilməlidir”.
Şəymən