Diplomatlar geri çəkiləndə, generallar önə çıxır...

Ona görə ümid var ki, bu dəfə həmsədrlərin hazırladığı hesabat fərqli olacaq



ATƏT-in Minsk Qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədrinə Dağlıq Qarabağ münaqişəsi zonasındakı bu yaxınlarda aparılan hərbi əməliyyatlar və hazırkı vəziyyətə dair hesabat təqdim edəcək.

Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz tvitter səhifəsində yazıb və bildirib ki, həmsədrlər bu məqsədlə aprelin 20-də qurumun Berlindəki ofisində olacaqlar. Siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirli deyib ki, ATƏT işğal zonasına iki dəfə faktaraşdırıcı missiya göndərib və hər ikisində ermənilərin bütün avantürası və vandalizmi həmin missiyanın hesabatlarında öz əksini tapıb: "Ayın 20-si də isə həmsədrlər Almaniyanın ev sahibliyi elədiyi toplantıda Qarabağ hesabatı verəcəklər. Əvvəla, onu deyim ki, həmsədrlərin budəfəki hesabatı məsuliyyətlə hazırladıqlarını zənn edirəm. Erməni ordusunun təxribatına cavab olaraq həyata keçirilən 4 günlük hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan ordusu istənilən an işğal altında qalan torpaqlarımızı azad etmək üçün müharibəyə başlaya bilər. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində artıq yeni mərhələnin başladığını iddia etmək olar. Yeni mərhələdə isə tərəflər 24 illik fəaliyyətləri çərçivəsində heç bir nailiyyətə imza atmayan Minsk Qrupundan keyfiyyət dəyişiklikləri gözləyir. Minsk Qrupu ya status-kvonun dəyişilməsi istiqamətində real addımlar atmalı, ya da ki özlərini buraxmalıdırlar. Əks təqdirdə, Qarabağ cəbhəsində savaş labüdləşə bilər. Hər halda onlar bunun fərqinə varmamış olmazlar. Bu mənada Minsk Qrupunun qarşıdakı hesabatlarından gözləntilərim müsbətdir, ən azından onların əvvəlki illərə nisbətən daha obyektiv olacaqlarını hesab edirəm. Əks təqdirdə, münaqişəyə subyektiv yanaşmalar, ünvansız bəyanatlar, tərəflər arasında bərabərlik işarəsinin qoyulması son nəticədə hərbi əməliyyatların genişlənməsinə səbəb ola bilər. Son hadisələr də bir növ mesaj xarakteri daşıdığı üçün Minsk Qrupunun bu hesabatı hazırlayarkən öz məsuliyyətlərini dərk etdiyini zənn edirəm. Əgər bu reallıqlar nəzərə alınmasa, onlar öz əlləri ilə fəaliyyətlərinin üstündən xətt çəkmiş olacaqlar və artıq diplomatik müzakirələrə ehtiyac qalmayacaq. Çünki diplomatlar geri çəkiləndə generallar ön plana keçirlər. Doğrudanmı ATƏT-in Minsk Qrupu təhlükənin bu qədər real, savaşın bu qədər yaxın olduğunun fərqində deyil”. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aqil Abbas isə ATƏT adında bir təşkilat tanımadığı üçün onların verəcəkləri hesabatlara da əhəmiyyət vermədiyini deyib: "Mənim nəzərimdə ATƏT və ya onun Minsk Qrupu deyə bir qurum yoxdur. Onların adı "baş altına yastıq qoyan”lar və ya "impotent”dir.

Şəymən