"Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) süd məhsulları ilə bağlı hər həftə zənglər daxil olur”.
Bunu "Sherg.az”a bazarlarda və marketlərdə satılan süd məhsullarının keyfiyyəti ilə bağlı danışarkən AİİB-in sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, əhalini ən çox maraqlandıran məsələ süd-qatıq məhsullarının həftələrlə saxlanmasına baxmayaraq, keyfiyyətini itirməməsidir:
"Xüsusilə, İrandan idxal edilən qaymağın 3 ay yararlılıq müddətinin olması istehlakçıları narahat edir. Bu məhsulların tərkibi barədə istehlakçılar narahatdır. Bəzi hallarda "parter" südlərin üfunət qoxması barədə məlumatlar alırıq.

Yerli istehsalda süd məhsulları kifayət qədər çoxdur. Xaricdən süd məhsullarını idxal etməyimizə ciddi ehtiyac yoxdur. Amma bəzi istehsalçılar, yerli şirkətlər insanları aldatmaq üçün quru süddən məhsullar hazırlayır, tanınmış markaların, məsələn "İvanovka” məhsullarının adı ilə satırlar. Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. "İvanovka” kəndindən heç bir məhsul gətirməyən, onunla əlaqəsi olmayan "Qafqaz” MMC və "Uzun ömür” MMC şirkətləri "İvanovka” adı ilə süd məhsulları istehsal edir. Əsl "İvanovka” məhsulları Bakıda cəmi üç mağazada satılır.
Saxta məhsullar isə təxminən 16 mağazada yerləşdirilib. Yararlılıq müddəti qısa olan, şüşə qablarda satılan süd və süd məhsulları daha keyfiyyətlidir. Cəmi 3 gün yararlılıq müddəti olan südə üstünlük verməyiniz daha məsləhətlidir. Ola bilər, südün yağlılığını yüksəltmək üçün yağ və digər maddələr qatılsın. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən etibarən bu problemlərin aradan qaldırılması üçün tədbirlər görəcək”.
Qeyd edək ki, tanınmış jurnalist, sosioloq Lalə Mehralı feysbuk hesabında aldığı südün bişdikdən sonrakı fotosunu paylaşıb və başına gələnlər barədə bunları yazıb:
Həyətə bir kişi rayondan ağartı məhsulları, meyvə-tərəvəz gətirir. Süd alıb qatıq çalmışam. Südün öz yağını yığıb xama düzəldirlər, əvəzinə bitki yağı qatıblar, qaymaq yerinə maye yağ təbəqəsi yığılıb qatığın üstünə. Mən günəbaxan-qarğıdalı yağı işlətmirəm, zeytun yağı alırıq. Aydındır ki südə zeytun yağı qatmazlar, bu olsa olsa semiçka yağıdır. Donmur, maye haldadır. Qışda rayondan ayda 1-2 dəfə süd-qatıq gətirdirdik, havalar isinəndə mümkün olmur, yolda xarab olur. Fabrik südü heç almırıq, bu da ki belə. İndi süddən-qatıqdan da imtina edək?! "
Məlumat üçün bildirək ki, L.Lehralının bu paylaşımı istifadəçilərin müzakirəsinə səbəb olub. İstehlakçılar satılan süd məhsullarının əksəriyyətinin keyfiyyətində problem olduğunu, tərkibinin məlum olmadığını söyləyiblər.
Fotonu təqdim edirik :
Aysel Aslan