Diqqətə alın: Qorxulu hal yaşanır...

“Xalqımızı aşağılayan ictimai rəy yaratmamalıyıq və bunu edənlərə də imkan verməməliyik”
Çünki bu, düşmənin siyasi texnologiyasıdır ki, insan öz xalqı haqqında aşağılayıcı dəyərlər formalaşdırsın və özü öz gözündən düşsün
İyulun 1-də Bakıda "Etika - Bakı 2015” Forumu keçirilib. Forumla bağlı məlumat verən Etika Akademiyasının rəhbəri Günel İbrahimin sözlərinə görə, tədbirin əsas məqsədi vətəndaş cəmiyyətini inkişaf etdirmək, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğatına diqqət yönəltmək olub.
"Əgər ailədə kobud münasibətlər varsa, bu, böyük etik pozuntudur”
Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova da bildirib ki, etika çox böyük məfhumları özündə əhatə edən istiqamətdir: "Özümüzlə vətəndaş arasında heç bir fərq görməməliyik. Bu, etikanın ən böyük üstünlüyüdür”. E.Süleymanova deyib ki, etik davranış qaydalarında ayrı-seçkiliyə yol verilməməlidir: "Əgər ailədə kobud münasibətlər varsa, bu, böyük bir etik pozuntudur. Etik davranış dedikdə yalnız etik materialları düşünməliyik. Mümkün qədər bu qaydalar çox təbliğ edilməlidir. Bizim məcburi köçkünlərimiz başqa ölkələrə dağılmadı, özümüzə sığındı. Bu da etik davranışın bir nümunəsidir”.
"Parlament etik davranış qanunu qəbul etməlidir”
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye isə bəyan edib ki, etik qaydaların həyata keçirilməsi əsas prinsiplərdən biridir: "Hər kəs buna öz nöqteyi-nəzərindən yanaşır. Hesab edirəm ki, parlament tərəfindən də bəzi qərarlar qəbul edilməlidir. Digər tərəfdən isə biz o qərarları icra etməsək, onun qanun kimi qəbul edilməsi mənasızdır”.
"Etik davranışlar sahəsində fəaliyyət proqramı hazırlanmalıdır”
Forumu və ümumiyyətlə, cəmiyyətimizdəki etik davranışları dəyərləndirən tanınmış sosioloq alimi, professor Əhməd Qəşəmoğlu deyib ki, bir dəfə forum keçirmək, üç-beş adamı danışdırmaq və qanun qəbul etmək çıxış yolu deyil: "Forumun keçirilməsini həyəcan təbili kimi qəbul etmək olar. Düşünürəm ki, belə forumlar ictimai rəyin formalaşmasına hardasa təkan verir. Amma qarşımızda olduqca ciddi məsələlər var. Bütün ölkə boyu etik normaların, mədəni davranış formalarının bərpa olunmasına böyük ehtiyac duyulur. Çıxış yolu bu sahədə kompleks tədbirlərin görülməsidir. Bunun üçün də ciddi fəaliyyət proqramları hazırlanmalıdır. Necə ki, biz regionların inkişafı ilə bağlı proqramlar qəbul edirik, eləcə də dövlət səviyyəsində etik fəaliyyət proqramları hazırlanmalıdır. Min illərdir, bütün dünya təcrübəsi, müdrik insanlar, dini kitablar deyirlər ki, hansı cəmiyyətdə mənəvi amillər və dəyərlər qarşılıqlı olursa, orada toplum özü-özünü tənzimləyir, bir ahəng prosesi gedir. Əksinə, hansı cəmiyyətdə mənəvi dəyərlər zəifləyirsə, daranış formaları aşağı düşürsə, istər-istəməz kriminal vəziyyət artır, xoşagəlməz hadisələr çoxalır. Biz də görürük ki, cəmiyyətimizdə cinayət hadisələri artır, tərbiyəsiz hərəkətlərə yol verilir, ailə zəminində qətllər törədilir, dava-dalaşlar edilir və s. Bütün bunlar göstərir ki, biz kifayət qədər qısa zamanda ciddi işlər görməliyik”.
"Proqram hazırlanmayana qədər görülən işlər, keçirilən forumlar epizodik xarakter daşıyacaq”
KİV-in etik davranışların təbliğ olunmasındakı rolundan danışan sosioloq mütəxəssis kimi bütün televiziyaları izlədiyini deyib. Amma o, düşünür ki, bu məsələdə media təkbaşına hansısa qərarlar qəbul edə bilməz: "Burada alimlərin, mütəxəssislərin, görkəmli ziyalıların ümumi fikrini almaq lazımdır. Hər şeyi mətbuat və televiziya həll etməlidir fikri doğru deyil. Öncə qarşımıza ciddi məqsədlər qoymalı, strategiyaları müəyyən etməliyik. Məqsəd və strategiya formalaşandan sonra KİV-lər də biləcək ki, onların üzərinə konkret hansı məsuliyyətlər düşür. Yoxsa hərənin özündən bir şey ixtira etməsi, ümumi işə ziyan verər. Belə şeylər dünyanın hər yanında var. İstər BMT, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində mütəmadi olaraq etik fəaliyyət proqramları hazırlanır. BMT-nin tez-tez keçirilən sammitlərində mən də dəfələrlə iştirak etmişəm. Sosioloq olaraq deyirəm ki, bu sahədə dövlət səviyyəsində geniş fəaliyyət proqramının hazırlanması bizə hava-su kimi lazımdır. Bu proqram hazırlanmayana qədər görülən işlər, keçirilən forumlar epizodik xarakter daşıyacaq. QHT-lər bir iş görəcək, media tamam ayrı iş görəcək və ümumi nəticə arzu etdiyimiz səviyyədə olmayacaq”.
Ə.Qəşəmoğlu cəmiyyətlər arasında müqayisə aparmağın doğru yanaşma olmadığını bildirib: "Müqayisələrin aparılması doğru olmamaqla bərabər çıxış yolu da deyil. Çünki biz Şərq dünyasını təmsil edən Azərbaycan xalqıyıq, mühitimiz tamam fərqlidir və orqanizm, sistem kimi öz xüsusiyyətlərimiz var. Bir insanı başqası ilə müqayisə etmək uğur gətirməz. Özümüzün etikamızdan yola çıxaraq işlər görməliyik. Xalqımızı aşağılayan ictimai rəy yaratmamalıyıq və bunu edənlərə də imkan verməməliyik. Çünki bu, düşmənin siyasi texnologiyasıdır ki, insan öz xalqı haqqında aşağılayıcı dəyərlər formalaşdırsın və özü öz gözündən düşsün. Qorxulu haldır. Əgər kimsə deyirsə ki, "bu xalq düzəlməz, yüz ilə əvvəl necə idisə, indi də elədir” və s. bunlar hamısı bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməyə xidmət edir.
"Xaotik tədbirlərlə arzuolunan nəticələr əldə etmək mümkün olmayacaq”
Sosioloqun sözlərinə görə, nəzərdə tutulan fəaliyyət proqramı hazırlanarsa, xalq öz dəyərlərinə hörmət edəcək, milli şəxsiyyətinə ehtiramla yanaşacaq. O zaman mətbuatımız da öz işini biləcək. Əgər ondan sonra bu sahəyə xələl gələn cəhətlər olarsa, biz ona qarşı mübarizə apararıq. Hələlik isə məsələlər bir az xaotik şəkildə gedir. Ancaq xaotik tədbirlər görməklə arzuolunan nəticələr əldə etmək mümkün olmayacaq. Düzdür, ölkədə başdan-başa abadlıq işləri gedir, qısa müddət əvvəl möhtəşəm Avropa Oyunları keçirildi. Həmçinin, müxtəlif sahələrdə balanslaşdırılmış siyasət aparılır. Yəni ölkəmizə imic gətirən çoxlu cəhətlərimiz var. Lakin xalqımızın davranışı arzuolunan səviyyədə deyil. Xalqın davranışının formalaşmasında əsas üç faktor rol oynayır. Birincisi, mühit, ikincisi, informasiya, üçüncüsü isə dəyərlərdir. Biz mütləq bu üç amili nəzərə alaraq hərəkət etməliyik”.
İsmayıl