Direktorların dərslik biznesi - Şagirdin kitabını bazara çıxarırlar

Məlahət Mürşüdlü: "Məktəb rəhbərliyi valideynlərə tapşırır ki, filan dərslikləri mağazalardan alın ! "
"Nazirlər Kabinetinin bununla bağlı qərarı var ki, bütün məktəblilər dərslikləri pulsuz əldə etməlidir. Ancaq lazımi proseduraları zamanında doğru-dürüst görməyən məmurların ucbatından valideynlər xərcə düşür"


"Orta məktəblərdə dərs ili başlanmazdan əvvəl dərsliklərlə bağlı planlaşdırmalar aparılır”.

Bu sözləri "Sherg.az”a orta məktəblərdə bəzi dərsliklərin şagirdlərə verilməməsi ilə bağlı məsələyə münasibət bildirərkən Azad Müəllimlər Birliyin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, planlaşdırmanın doğru aparılmaması, vaxtında planın nazirliyə, nəşriyyata təqdim edilməməsi səbəbində dərslik çatışmazlığı meydana çıxır:

"Bu halda müəllimlərimiz, məktəb rəhbərliyi də valideynlərə tapşırır ki, filan dərslikləri mağazalardan alın. İstənilən halda Nazirlər Kabinetinin bununla bağlı qərarı var ki, bütün məktəblilər dərslikləri pulsuz əldə etməlidir. Ancaq lazımi proseduraları zamanında doğru-dürüst görməyən səriştəsiz məmurların ucbatından valideynlər xərcə düşür”.

Kitabların bəzilərinin köhnə nəşrlər olmasına toxunan M.Mürşüdlünün fikrincə, kurikulum sistemi tətbiq ediləndən bu məsələ həllini tapıb:

"Artıq 1-10-cu siniflər üçün kurikulumla dərsliklər tərtib edilir. Ona görə, köhnə dərsliklərin istifadə edilmədiyini düşünürəm. Müəllimlər özü üçün əlavə ədəbiyyat qismində istifadə edə bilər. Lakin şagirdin stolüstü kitabı kurikulum əsasında işlənən dərsliklərdir”.

Qeyd edək ki, bir çox valideynlər məktəblilərə pulsuz dərsliklərin paylanmadığını bildirir. Onların sözlərinə görə, müəllimlər bəzi dərslikləri valideynlərə aldırır.

Aysel Aslan