Doğuşda ölən anada “donuz qripi” olmayıb

Adil Qeybulla: “Donuz qripi”nin əlamətləri ilə xəstəxanalarda yatan, ağırlaşan, hətta ölən insanların olduğuna dair məlumatları bizdə eşidirik”



Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın qripə yoluxduğu barədə məlumat diqqətləri yenidən ölkədə "donuz qripi” xəstəliyinin olmasına çəkib. Amma Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva açıqlamasında bildirib ki, hamilədən götürülmüş analizlər təhlil olunub.

"Onun "donuz qripi” virusuna yoluxmadığı sübut olunub” deyən L.Rzaquliyevanın sözlərinə görə, anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar: "Ana doğuş zamanı ölməyib. Yəni bu problem hamiləlik və doğuşla bağlı olmayıb. Onda ağır ağciyər xəstəliyi müşahidə edilib və Aciyər Xəstəlikləri İnstitutunda baxılıb. Həkimlər neçə gündür əllərindən gələni edib ki, ana sağ qalsın. İndi onun analizləri göndərilib və hansı ağciyər xəstəliyi olduğu aşkarlanacaq. Məlumat olan kimi ictimaiyyətə informasiya veriləcək. Amma ana "donuz qripi”nə yoluxmayıb”. Komissiya sədri bildirib ki, bu xəstəlik anada əvvəlcədən olmayıb: "Məgər hamilə qrip, sətəlcəm ola bilməz? Hamiləliyi də tez bitiriblər ki, uşağa nəsə olmasın. Uşaq da sağdır, vəziyyəti yaxşıdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova da dünyasını dəyişən ananın "donuz qripi”nə tutulması barədə olan məlumatların yanlış olduğunu deyib. Onun sözlərinə görə, dünyasını dəyişən ana "donuz qripi” olmayıb: "Anada ağır ağciyər xəstəliyi olub. O, pnevmaniyadan dünyasını dəyişib. "Donuz qripi” isə bizim ölkəmizdə heç kimdə aşkar olunmayıb”. Tibb elmləri doktoru, professor Adil Qeybulla isə donuz qripinin Azərbaycana gələ bilməsinin an məsələsi olduğunu bildirib: "Donuz qripi hava damcı yolu ilə yayılan infeksiya olduğuna görə, H1N1 virusunun çox yayğın olduğuna görə bu xəstəlik daim nəzarətdə olmalıdır. Hansı tədbirlərin görülməsindən asılı olmayaraq bu virusun qonşu ölkələrdən Azərbaycana keçmə imkanı kifayət qədərdir. Düzdür, karantin tədbirlərinin, sərhəd keçid zonalarına nəzarətin və digər profilaktik tədbirlərin önəmi çoxdur. Amma bu, donuz qripinin ölkəmizdə yayılmasının qarşısını almaq üçün kifayət deyil. Təsəvvür edin ki, Türkiyə kimi səhiyyəsi qat-qat bizdən yüksək olan bir dövlət də bu problemlə üzləşib və xeyli insan tələfatı yaranıb. Ona görə də "bizdə bu qrip yoxdur və olmayacaq” kimi bəyanat verməkdənsə, məsələyə daha ciddi yanaşmaq lazımdır”. "Donuz qripi”nin Azərbaycanda aşkarlanması faktına gəldikdə isə ekspert deyib ki, statistik rəqəmlər ölkəmizdə "donuz qripi”nə yoluxanların olmadığını bəyan etdiyi üçün konkret fikir bildirmək çətindir: "Azərbaycanda "donuz qripi”nin olub-olmadığını birbaşa Səhiyyə Nazirliyi elan etməlidir. "Donuz qripi”nin əlamətləri ilə xəstəxanalarda yatan, ağırlaşan, hətta ölən insanların olduğuna dair məlumatları bizdə eşidirik. Amma bütün bu iddiaların şayiə, yoxsa həqiqət olduğunu demək çox çətindir. Çünki virus idenfikasiya olunmadan biz birmənalı rəy irəli sürə bilmirik, bu imkan ancaq rəsmi qurumların əlindədir. Əgər Azərbaycanda belə bir hal varsa, mütləq onun qarşısı alınmalıdır. Dərhal tədbirlər görülməlidir. "Bizdə bu qrip yoxdur və olmayacaq” kimi bəyanat vermək yox, məsələyə daha ciddi yanaşmaq lazımdır. Əgər Azərbaycanda "donuz qripi”nin olması sonradan aşkarlansa, bunun fəsadları daha çox olacaq. Nazirlik çox kəskin qınaqlarla üzləşəcək”. Azərbaycanın miqrasiya durumunda olduğunu vurğulayan A.Qeybulla deyib ki, gediş-gəliş nəticəsində ölkəyə daxil olan yoluxmuş şəxslər özləri ilə virusu gətirə bilərlər. Ona görə də, təhlükənin ciddiliyi nəzərə alınmalı və vətəndaşlar düzgün məlumatlandırılmalıdır ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsiz qalmasın.

Şəymən