Dollar ucuzlaşmayacaq, yalan söhbətdir

Saxta sənəd yayaraq cəmiyyətdə ajiotaj yaratmaq istəyənlərin niyyəti aydınlaşdırılmalıdır




Son günlər sosial şəbəkələrdə Mərkəzi Bank (MB) tərəfindən 18 mart 2016-cı ildən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Məktubda dolların məzənnəsinin yaxın günlərdə 1,2 manat olacağı bildirilir. MB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev isə mətbuata açıqlamasında həmin məktubu yalanlayıb. Qurum sözçüsü qeyd edib ki, o sənəd saxtadır: "İctimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi MB-nin bəyan etdiyi idarə olunan "üzən məzənnə” siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur”. Məsələni dəyərləndirən iqtisadçı-ekspert Samir İsmayıl "Şərq”ə deyib ki, bu, yalan məlumatdır: "Sənədlə tanışam. Onu oxudum və təəccübləndim. Düzdür, inanmadım. Təbii ki, bu cür dezinformasiyalar hansısa məqsədlərə xidmət göstərir. Bunu yayanların niyyətləri araşdırılmalıdır. Ola bilsin, kimlərsə bunu yayır ki, insanlar oxusun və qorxuya düşərək "dollar ucuzlaşmadan manata çevirim " deyib əlindəki dolları dəyişsin. Yəni bu yolla dolları yığmaq məqsədi də güdülə bilər. Amma indi belə şayiələr uzun çəkmir. İKT əsridir. Hər hansı bir yalanı aşkarlamaq elə də uzun vaxt aparmır. Bir sözlə, qeyri-ciddi məsələdir”. Ekspertin sözlərinə görə, sözügedən sənədi ictimai rəyi çaşdırmaq üçün yayıblar: "Hansısa bir dövlət qurumunun adından belə məlumatın yayılması sənədlərin saxtalaşdırılması deməkdir. Araşdırma aparılmalıdır. Bunu yayaraq cəmiyyətdə ajiotaj yaratmaq istəyənlərin niyyəti aydınlaşdırılmalıdır”.

Ayyət Əhməd