"Donuz qripi" ölkəmizdə də təşviş yaradıb

Xəstəliklə əlaqədar bəzi xəstəxanalarda xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib
"Xəstənin virusa yoluxmasını yalnız laboratoriyada müəyyən etmək olur. Aptek satıcılarının tövsiyələrinə uymayın"


Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı 9-a çatıb.
Təhlükəli virusun növbəti qurbanının da həyatını xilas etmək olmayıb. Müalicəyə baxmayaraq, Poti Şəhər Xəstəxanasına kəskin respirator infeksiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilən təxminən 40 yaşlı qadın vəfat edib.

Ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidzenin açıqlamasına görə, 158 nəfərin H1N1 virusuna (donuz qripi) yoluxması aşkar edilib. Yaranmış vəziyyət fonunda Gürcüstan Səhiyyə Nazirliyi paytaxt Tbilisidə beş ilkin tibbi yardım müəssisəsinin fövqəladə iş rejiminə keçməsi ilə bağlı qərar qəbul edib. Son rəqəmlərə görə, ölkə əhalisinin hər 100 minindən 256-sı qrip virusuna yoluxub.

Dünyada sürətlə yayılan və sərhədlərimizə kimi gəlib çatan "donuz qripi” istər-istəməz Azərbaycanda da təşviş yaradıb. Səhiyyə Nazirliyindən verilən məlumatda isə deyilib ki, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, "donuz qripi" aşkar olunmayıb: "Mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.

Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonlarının Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib”.
Nazirlikdən bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında "donuz qripi" xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd-keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.

Anbaan Gürcüstan KİV-lərini izlədiyini vurğulayan həkim-pediatr Vaqif Qarayev "Şərq”ə açıqlamasında hökumətin rəsmi səviyyədə virusun mövcudluğunu və bu qripdən 9 nəfərin dünyasını dəyişdiyini təsdiqlədiyini deyib: "Son məlumatda xəstəxanaların xüsusi rejimlə işləyəcəyi bildirilib, amma Gürcüstanın Səhiyyə Nazirliyinin rəsmiləri ölkədə "donuz qripi” ilə bağlı vəziyyətin yaxşılığa doğru getdiyini, xəstəliyin azalma tendensiyasının müşahidə edildiyini qeyd edirlər. Bu iki xəbərin biri-birini təkzib etməsi müəyyən şübhələr yaradır. Çox güman ki, rəsmilərin bu açıqlaması əhalinin təşvişə düşməməsinə hesablanıb”.

Mövsümlə əlaqədar yuxarı tənəffüs yollarını zədələyən virusların sayının artmasının təbii olduğunu vurğulayan həkim deyib ki, bu, dünyanın hər yerində baş verir: "Maraqlısı odur ki, Azərbaycanda adi zökəmi, boğaz ağrısını, öskürəyi də qrip adlandırırlar. Halbuki hər soyuqdəymə qrip sayılmır, qrip xüsusi viruslar tərəfindən törədilən ayrıca xəstəlikdir. Bu virusun 3 növü var - A, B, C. Bu xəstəlik həm gedişatı, həm də əlamətləri ilə çox ciddi bir xəstəlikdir. Virusun fəsadlaşdıqda ölüm təhlükəsi yaranır. Vaxtilə yüz minlərlə insanın həyatına son qoyub. Müasir tibbin imkanları geniş olduğundan vaksinlər, peyvəndlər vasitəsilə ölüm sayı maksimum dərəcədə azalıb”.

Qripin adi soyuqdəymə və kəskin virus infeksiyalarından fərqləndiyini vurğulayan həkim deyib ki, onlar elə də ağır nəticə vermir. Qrip virusu Ümumdünya Səhiyyə Təşkilatının nəzarətində olan bir xəstəlikdir: "Hansı ölkədə qrip daşıyıcısı aşkarlanırsa, mütləq bu təşkilatı məlumatlandırmaq lazımdır. Xəstəlik epidemiya həddinə çatacağı təqdirdə yerli hökumət və ÜST qrip əleyhinə mübarizə tədbirlərinə başlayır. Çünki bu virusların yayılma sürəti və yoluxduruculuq qabiliyyəti həddindən artıq yüksəkdir. Bildiyiniz kimi, son zamanlarda qrip törədən bəzi viruslar aşkar edilməkdədir. Onlardan "quş qripi”, "donuz qripi”ni qeyd etmək olar. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu qriplər öldürücüdür, xüsusən də epidemiya olduqda”.

Konkret olaraq "donuz qripi”nin əlamətlərinə gəldikdə isə V.Qarayev H1N1 virusu adı verilən bu xəstəliyin qripin A növünə daxil olduğunu deyib:

"Qripin bu növünün fərqi odur ki, hərarət həddindən artıq çox olur və günlərlə davam edir. Digər əlamətlər qripdən fərqli olmur, yəni boğaz, əzələ, sümük ağrıları, zəiflik, süstlük olur. "Donuz qripi”nin ağırlaşması təhlükəlidir, öldürücüdür”. Davamlı yüksək qızdırma, fasiləsiz öksürək, əzələ-oynaq ağrıları olan xəstələr mütləq həkimə müraciət etməlidir. Bu virus ağır hallarda təngnəfəslik və qusmaya səbəb olur. Ən təhlükəli ağırlaşması isə pnevmoniya, böyrəklərdə nefritdir. Ürəkləri zəif olan insanlarda ürəyin fəaliyyəti dayanır. Qrip virusuna vaxtında müdaxilə olunmazsa, bu kimi xoşagəlməz ağırlaşmalar qaçılmaz olur və nəticədə ölüm halı baş verir.

Sadaladığım əlamətləri özündə hiss edən şəxs dərhal xəstəxanaya yerləşdirilməlidir. Çoxlu miqdarda maye qəbul etməli, olduğu otağı təmiz saxlamalıdır. Xəstənin virusa yoluxmasını isə yalnız laboratoriyada müəyyən etmək olur. Aptek satıcılarının tövsiyələrinə uymayın. Onlar yalnız antibiotiklər təklif edirlər. Çünki bizim aptekçilərlə marketdəki satıçılar arasında heç bir fərq yoxdur. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etmək əlavə problemlər yaradır”.

Azərbaycanda "donuz qripi”nə qarşı profilaktik tədbirlərin keçirildiyini vurğulayan həkim əsassız, süni təşvişin əleyhinə olduğunu deyib:

 "Ancaq istənilən halda əhali arasında ciddi maarifləndirmə işi aparılmalıdır. Sərhəddən verilən xəbərlərə istinadən Gürcüstanla Azərbaycan arasındakı miqrasiya axını nəzarətə götürülüb, əksepidemik tədbirlər görülür. Düşünürəm ki, daha ehtiyatlı olmalıyıq. Hələlik ölkəmizdə real təhlükə olmasa da, istənilən halda özümüzü qorumalıyıq. Azərbaycandan Gürcüstana, oradan isə geri qayıdan insanların sayı həddindən artıq çoxdur. Əvvəla, bu axını dayandırmalıyıq. Hazırkı mərhələdə "donuz qripi”nə qarşı ən yaxşı müdafiə üsulu Gürcüstana getməməkdir. Ən yaxşı əvvəla insanların sıx olduğu yerlərdən mümkün qədər imtina etmək, ictimai nəqliyyatdan az istifadə etmək, qoruyucu maskalardan istifadə etmək lazımdır. Bu viruslara yoluxma daha çox gigiyenik qaydalara əməl etmədikdə baş verir. İnsanın ən çirkli üzvü əlləridir, bunun üçün əlləri vaxtaşırı sabunla yumaq lazımdır. Həmçinin xəstə olduqda çalışmaq lazımdır ki, evdən bayıra çıxılmasın, bu həm xəstənin, həm də digərlərinin sağlamlığı üçün vacibdir. Xəstə uşaqlar isə ümumiyyətlə bağça və məktəbə getməməlidir. Çünki uşaqlarda virusla bağlı ağırlaşmalar daha çox və uzunmüddətli olur. Valideynlər diqqətli olmalıdır. Virusa yoluxma halları daha çox uşaq bağçaları və məktəblərdə baş verir. Qrip virusu hava-damcı yolu ilə - öskürək və asqıraqla keçir. Bu isə o deməkdir ki, bir sinifdə bir uşaq 1 dəfə asqırmaqla bütov bir sinfi qripə yoluxdura bilər. 

Anaların bir arqumenti var ki, uşaq evdə qalanda işə gedə bilmirlər. Lakin bu fikri ciddi hesab etmirəm. Xəstəlik vərəqi deyilən bir şey var. Sahə həkimləri tərəfindən analar üçün xəstəlik vərəqi yazılmalıdır. Ancaq bu məsələdə anaları da günahlandırmaq çətindir. Çünki iş yerləri onların evdə olduqları günə görə ödəniş etmirlər. Bu problemin kökündə isə həmkarlar təşkilatının olmaması dayanır. Bağçalarda da eyni vəziyyətdir. Tərbiyəçilərdən soruşanda ki, "qızdırmalı uşağı niyə qəbul etmisiniz?", "anası gətirib atdı” deyir”.

Şəymən