“Donuz qripi” qapımızı döydü

Səhiyyə Nazirliyi ciddi hərəkətə keçməlidir
Mütəxəssislər deyir ki, bu ağır infeksiyanın müalicəsi üçün Azərbaycanda şərait var

"Ancaq biz mümkün qədər "donuz qripi”nin Azərbaycanda lokallaşmasının qarşısını almalıyıq”


"Donuz qripi” virusunun ölkəmizdə yayılma təhlükəsi hər gün bir az da artır. Təhlükəli epidemiya artıq Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində də sürətlə yayılır. Qarabağdakı separatçı rejimin "Səhiyyə Nazirliyi” 4 xəstəliyə yoluxma faktını təsdiqləyib. Xəstələrdən 2-si ağır durumda olduğu üçün həkim nəzarəti altında saxlanılır.

Hazırda Qarabağda soyuqdəymə diaqnozu ilə xəstəxanalara yerləşdirilən 70 nəfər "donuz qripi”i şübhəsi ilə tibbi nəzarət altında saxlanılır. Məlumata görə, "donuz qripi”nə görə işğal altındakı Xankəndi, Şuşa və Xocavənddə məktəblərin əksəriyyəti bağlanıb və tibb mərkəzləri gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, ölkə daxilində virusa qarşı profilaktik tədbirlər sürətlə davam etdirilir. "Donuz qripi”nə yoluxma halı baş verərsə, bu xəstələrin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yerləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva bildirib. Şöbə müdiri deyib ki, qonşu ölkələrdə H1N1 ("donuz qripi”) virusunun yayılması ilə əlaqədar "donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən imzalanan 8 dekabr 2015-ci il tarixli əmrinə əsasən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir şöbə ayrılıb, bu şöbədə 8 boks tipli palata var. Bu bokslar mənfi təzyiqli palatalardır, hava daim ventilyasiya sistemi ilə təmizlənir və virus ətrafa yayılmır. Eyni zamanda dərman və xüsusi fərdi qoruyucu vasitələr tədarük edilib, personal təlimatlandırılıb: "Xüsusi işçi qrup yaradılıb ki, əgər "donuz qripi” epidemiyası olarsa, xəstələr müraciət edərsə, iş necə təşkil ediləcək. Laborator diaqnostika üçün də vasitələrimiz var”. S.Mustafayeva qeyd edib ki, qrip əlamətləri olan insanlar ilk mərhələdə poliklinikalara müraciət etməli, poliklinikalarda qan analizi götürülməli, laborator analiz təşkil olunur. Əgər xəstənin "donuz qripi” olduğu təsdiqini taparsa, bu halda həmin xəstələr, ağır pnevmoniya ilə fəsadlaşmış insanlar Ağciyər Xəstəlikləri İnstitutuna göndərilməlidir. Lakin bəzən ağır vəziyyətdə olan insanların poliklinikalara deyil, birbaşa Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etməsi də istisna deyil: "Bu zaman biz xəstə ilə bağlı diaqnostika burada təşkil olunacaq. Onu da deyim ki, Ağciyər Xəstəlikləri İnstitutu ilə bərabər Azərbaycanda bir çox xəstəxanalarda "donuz qripi” xəstələri üçün xüsusi palatalar ayrılıb”. Azərbaycanda "donuz qripi”nin müalicəsinin mümkün olduğunu vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bunun üçün səhiyyəmizin imkanları yetərlidir. Müalicə şəraiti var: "Amma ən yaxşı müalicə profilaktikadır. Biz mümkün qədər "donuz qripi”nin Azərbaycanda lokallaşmasının qarşısını almalıyıq. Virus hava-damcı yolu ilə yayıldığından epidemiya xarakterlidir və onun fikrincə, Səhiyyə Nazirliyi ciddi hərəkətə keçməlidir. Transsərhəd zonalarında, sərhəd keçid məntəqələrində adamlar ciddi yoxlanılmalıdır, şübhəli adamlar karantində saxlanmalıdır, əhaliyə mütəmadi tövsiyələr verilməlidir, camaata deyilməlidir ki, gur olan yerlərdə görünməkdən çəkinsinlər. Yeraltı ticarətləri bir müddət saxlamaq olar. Qapalı yerlərdə virusun yayılma ehtimalı çoxdur. Qripə yoluxanlar, temperaturu olan xəstələr kollektivdən ayrılıb yataq rejiminə keçirilməlidir və həkim nəzarətinə götürülməlidir. Bu virus Türkiyədə, Gürcüstanda geniş yayılıb. Həmin ölkələrdən isə daimi miqrasiya olduğu üçün "donuz qripi”nin Azərbaycana keçməsi tam realdır. Əgər günü sabah kimdəsə "donuz qripi” aşkarlansa, buna təəccüblənmək lazım deyil. Çünki bizimlə qonşu olan ölkələrin hamısında bu problem var”.

"Donuz qripi”nin çox ağır infeksiya olduğunu vurğulayan professor bu virusu adi qripdən fərqləndirən əlamətləri sadalayıb: "Yüksək temperatur, bel, əzələ ağrıları, ürəkbulanma, qusma kimi əlamətlərlə başlayır, sonra yuxarı tənəffüs yollarının katarı və s. əlamətlər müşahidə edilir. Virus orqanizmdə toxumaları çox sürətlə dağıtdığından vaxtında tədbir görülməsə, xəstəlik ölümlə nəticələnir. Bu virus ilk dəfə 2008-ci ildə Meksikada aşkarlanıb. Bu gün də bir çox ölkələrə yayılmaqda davam edir. Rəsmi məlumatda Azərbaycanda "donuz qripi” daşıyıcısı aşkar olunmadığı qeyd olunur. Amma mənə elə gəlir ki, olmamış deyil. Ona görə də, biz bu virusla mübarizədə çox ciddi tədbirlər görməliyik. Həm əhali maarifləndirilməli, həm də tibbi təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Görülən profilaktik tədbirləri yetərli hesab etmirəm. Bizdə soyuqdəymədən, pnevmoniyadan ölənlər olur, amma heç də bu xəstəliyə hansı infeksiyanın və ya virusun səbəb olduğu araşdırılmır. Hansı ki, bu məsələ araşdırılmalı və adi soyuqdəymənin bu qədər ağır olmasının səbəbləri öyrənilməlidir. Əgər ölkədə "donuz qripi” virusuna yoluxan varsa, bu, açıqlanmalıdır ki, profilaktik, karantin tədbirlər görülə bilsin”. Vaxtında üstünə düşülərsə, "Donuz qripi”ndən müalicə olunmağın mümkün olduğunu vurğulayan ekspert deyib ki, bunun üçün güclü immun sisteminə sahib olmaq lazımdır. Onun sözlərinə görə, immun sistemi zəif olanlar, şəkərli, bronxial-ağciyər xəstəlikləri olan adamlarda xəstəlik daha ağır keçir: "Diaqnoz qoyulmasının gecikməsi də ölüm ehtimalını artırır. Azərbaycanda isə diaqnoz qoymaq üçün tibbi-texniki imkanlar var”.

Şəymən