“Donuz qripi” qorxusu var

Şagirdlər sinifdə spirt qoxuyur
Nazirlikdən isə bildirirlər ki, məktəblilərin maskalı gəzməsinə dair heç bir göstəriş verilməyib


Azərbaycanla sərhəd ölkələrdə "donuz qripi” xəstəliyi sürətlə yayıldığı və vəziyyətin gərgin olduğu nəzərə alınaraq, ölkəmizdə epidemioloji tədbirlər gücləndirilib. Bütün məktəblər, məktəbəqədər təhsil müəssisələri, ali təhsil ocaqları, ictimai nəqliyyat vasitələri dezinfeksiya edilib.

Eyni zamanda, sərhəd məntəqələrində də bu işlər gücləndirilmiş şəkildə aparılır. Bütün bu tədbirlər nəticəsində ölkəmizdə epidemioloji vəziyyətin sabit olduğu və "donuz qripi”nin aşkarlanmadığı bildirilib. Bəzi məktəblərdə dezinfeksiya işləri və girişlərdə filtr yerləşdirilməsi ilə yanaşı, şagirdlərə maska taxılması, əllərinin spirtlənərək sinif otağına keçməsi tapşırılıb. Qeyd edək ki, modern.az saytına paytaxt məktəblərinin bir çoxunda "donuz qripi” ilə bağlı tələblər irəli sürüldüyünə dair valideynlər tərəfindən çoxsaylı müraciətlər daxil olub. Belə ki, müəllim tərəfindən valideynlərə məlumat verilir ki, onlar spirt və maska alsınlar. Uşaqlar isə hər dəfə sinifə keçərkən əllərini spirtləyib, sonra dərslərinə başlasınlar.

Təhsil Nazirliyindən isə bildirilib ki, "donuz qripi” xəstəliyinə qarşı mübarizə məqsədilə tədbirlərin görülməsi barədə bu qurum tərəfindən məktəblərə hər hansı göstəriş verilməyib. Eyni zamanda, "donuz qripi” xəstəliyinə yoluxma və ya bununla bağlı şagirdlərin tədris prosesindən uzaqlaşdırılması ilə əlaqədar Nazirliyə heç bir müraciət daxil olmayıb. Nazirlikdən həmçinin deyilib ki, uşaqların əllərinin spirtlənməsi və ya maska taxması haqqında da onlar tərəfindən məktəblərə hər hansı təlimat verilməyib.

Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov da "Şərq”ə açıqlamasında Səhiyyə Nazirliyi tərəfindən şagirdlərin spirt və maska alması ilə bağlı məktəblərə heç bir göstəriş verilmədiyini deyib: "Bu barədə sizə dəqiq heç nə deyə bilmərəm. Yaxşı olar ki, bu xəbərdarlıq hansı məktəbdə edilibsə, həmin məktəbin direktoru ilə əlaqə saxlayıb, onlara bu barədə təlimatın kimdən verildiyini aydınlaşdırasınız. Bəlkə də, hansısa məktəbdə uşaqları yoxlayan həkim bu barədə göstəriş verib ki, qrip virusu keçənə qədər uşaqlar maskalı gəzsinlər. Nazirlik orta məktəblərdə uşaqların maskalı gəzməsinə dair heç bir göstəriş verməyib. Biz bu göstərişi yalnız poliklinikalara vermişik. Ora müxtəlif virus daşıyıcısı olan xəstələr gəlir, kimdə hansı xəstəliyin aşkarlanacağı bəlli belə deyil. Bu mənada poliklinika əməkdaşlarının təhlükəsizliyi üçün onlara maska taxmaq tövsiyə edilib. Həm də ki, ölkədə "donuz qripi” ilə bağlı durum məktəblərə bu cür göstərişlər veriləcək qədər də gərgin deyil. Hər şey nazirliyin nəzarətindədir və bu virusun ölkədə yayılmasına qarşı bütün qabaqlayıcı tədbirlər görülüb”.

Qeyd edək ki, sektor müdiri hazırda ölkəmizdə "donuz qripi” ilə bağlı epidemioloji vəziyyətin stabil olduğunu və bu günə qədər heç bir təhlükənin aşkarlanmadığını qeyd edib: "Yenə də mütəmadi olaraq şübhə doğuran şəxslərin müayinələri aparılır. Hələ ki, bütün nəticələr müsbətdir. Heç bir yoluxma halı qeydə alınmayıb”.

Şəymən