Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb
«Donuz qripi»nə qarşı ölkədə heç bir vaksin yoxdur
Baş epidemioloq qrip viruslarına yoluxmamaq üçün əhaliyə ehtiyatlı olmağı və qoruyucu maskalardan istifadə etməyi məsləhət görüb
Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb
Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb
«Donuz qripi» təhlükəsi əhali arasında çaşqınlıq yaradıb. Bir neçə gün öncə həkim-terapevt, hepatoloq Zaur Oruca istinadən ölkəyə «donuz qripi» əleyhinə peyvənd gətirildiyi xəbəri yayılmışdı. Hətta peyvəndin 38 manat dəyərində olduğu da bildirilmişdi. Lakin ölkənin baş epidemioloqu İbadulla Ağayev bu xəbəri təkzib etdi və bildirdi ki, «donuz qripi»nə qarşı heç bir vaksin yoxdur və Səhiyyə Nazirliyinin dərman deposu tərəfindən də heç kəsə heç nə verilməyib. Baş epidemioloq qrip viruslarına yoluxmamaq üçün əhaliyə ehtiyatlı olmağı və qoruyucu maskalardan istifadə etməyi məsləhət görüb. İ.Ağayev qeyd edib ki, əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını almaq iqtidarındadır.
2 il əvvəl vaksin gəlibmiş
Həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında ölkədə ümumi qrip əleyhinə vaksinlərin mövcud olduğunu dedi:
- Vaksinlər ümumi qrip əleyhinədir və həkim məsləhəti ilə ondan istifadə etmək olar. Məndə olan məlumata görə, «Donuz qripi» əleyhinə 2 il əvvəl Fransadan Azərbaycana vaksin gətirilibmiş, lakin istifadə olunmadan geri qaytarılıb. Heç kəs bu vaksini vurdurmaq istəməyib. «Donuz qripi»nə qarşı hazırda ölkədə dezinfeksiya işləri aparılır. Bunlar qabaqlayıcı, sanitar-epidemioloji, karantin tədbirləridir.
Ş.Məmmədov da əhalini sanitar-gigiyenik normalara riayət etməyə, qoruyucu tibbi maskalardan istifadə etməyə çağırdı:
- Vətəndaşlarımız gigiyena qaydalarına əməl etsinlər, əlləri tez-tez, sabunla yusunlar, tibbi maskalardan istifadə etsinlər. Qrip simptomları özünü göstərdikdə ev şəraitində müalicə alsınlar, əhalinin sıx olduğu yerlərə getməkdən çəkinsinlər. Bununla həm özlərini, həm də ətrafdakıları qrip virusuna yoluxmaqdan sığortalaya bilərlər. Xəstələndikdə mətləq həkimə müraciət edilməli, gərəkən analizlər verilməli və müalicə aparılmalıdır.
Sərhəddə tədbirlər gücləndirilib
Bu günlərdə gömrükdə tədbirlər gücləndirilib. Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial "donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O bildirib ki, DGK bu sahədə Səhiyyə Nazirliyi və müvafiq strukturlarla əməkdaşlıq edir: "Biz bu sahədə yüksək nəticələr əldə etmişik. Azərbaycanda əhalinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb və bu gün biz fəaliyyətimizi gücləndirilmiş rejimdə davam etdiririk”. S.Mehdiyev əlavə edib ki, Azərbaycana "donuz qripi”nin daxil olmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparılır, eləcə də nəzarət-buraxılış məntəqələrində karantin zonaları müəyyənləşdirilib.
42 xəstənin vəziyyəti ağırlaşdı
Gürcüstanda isə "donuz qripi”nin güclənəcəyi istisna olunmur.
Gürcüstanda bu virus səbəbindən 42 xəstənin vəziyyəti ağır olaraq qalır. Oxu.Az "Sputnik Qruziya”ya istinadən xəbər verir ki, ölkədə H1N1 qrip virusu tüğyan edir. Son rəsmi məlumatlara görə, 15 nəfər dünyasını dəyişib. Bununla əlaqədar olaraq Gürcüstan rəhbərliyi dövlət məktəblərində və uşaq bağçalarında təhsilin başlanmasını təxirə salmaq qərarı alıb. Qrip virusunun ağırlaşması səbəbindən indiyədək stasionarda 660 xəstə müalicə alır ki, onlardan 42 nəfərinin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Son rəqəmlər göstərir ki, 100 min nəfərdən 253-ü qrip xəstəsidir. Xəstəliklərə nəzarət və ictimai sağlamlıq mərkəzindən qeyd edirlər ki, növbəti statistik rəqəmlər bazar ertəsi, yanvarın 14-də məlum olacaq. "Tamiflu” virus əleyhinə dərmanına gəldikdə, o, ölkənin hər yerində mövcuddur. Qrip diaqnozunun təsdiq edilməsi halında bu dərman vasitəsi dövlət hesabına xəstələrə pulsuz veriləcək. Gürcüstana 13 min "tamiflu” dərman paketi gətirilib. Əlavə dərman ehtiyatı Gürcüstana bu yaxınlarda gətiriləcək.
Xəstəliklərə nəzarət və ictimai sağlamlıq mərkəzində Gürcüstanda qrip virusunun yenidən güclənəcəyini istisna etmirlər. Mütəxəssislər qripə qarşı peyvənd olunmağı məsləhət görürlər. "Peyvənd, adətən, oktyabr-noyabr aylarında vurulur, lakin xəstəlik göstəricisi aşağı düşdükdə risk qrupunun peyvənd etməsi çox vacibdir, çünki Avropada xəstəlik göstəricisi bizimlə müqayisədə artırılıb. Ona görə səyahət zamanı virusun keçəcəyi ehtimalı mövcuddur. Buna görə fevralın sonunda gözlənilən növbəti güclənməni peyvənd olunmuş şəxslər hazırlıqlı qarşılayacaqlar” - deyə səhiyyə naziri David Sergeyenko bildirib.
Məlahət