İlk növbədə sərhəd-keçid məntəqələrində güclü nəzarət, həkim-ekspert qrupları işləməlidir
Azərbaycana gələnlər ciddi şəkildə yoxlanmalıdır. O cümlədən də ölkəyə idxal edilən ət və digər qida məhsulları nəzarətdə olmalıdır
Bütün dünyada sürətlə yayılan və Azərbaycan sərhədlərinə kimi gəlib çatan "donuz qripi” istər-istəməz insanlarda təşviş yaradır. Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı ikiyə çatıb.
Gürcüstanın səhiyyə naziri David Sergeenkonun açıqlamasına görə, ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb: "Hər iki şəxs yüksək risk qrupunda olub və təəssüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb".
Qrip virusu ilə bağlı vəziyyətin epidemiya səviyyəsinin yarısına çatdığını vurğulayan səhiyyə naziri ümid edir ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq. Azərbaycandan insanların bu ölkəyə gediş- gəliş intensivliyini nəzərə alanda, onların qripə yoluxma ehtimalları da artır.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədovun "Şərq”ə açıqlamasına görə, Azərbaycanla sərhəd ölkələrdə "donuz qripi” xəstəliyi sürətlə yayıldığı və vəziyyətin gərgin olduğu nəzərə alınaraq, ölkəmizdə epidemioloji tədbirlər gücləndirilib, dezinfeksiya işlərinə start verilib:
"İlk növbədə sərhəd-keçid məntəqələrində güclü nəzarət, həkim-ekspert qrupları işləməlidir. Azərbaycana gələnlər ciddi şəkildə yoxlanmalıdır, yoluxma şübhəsi olanlardan poliklinikalara müraciət edib, lazımi analizləri vermələri tövsiyə edilməli və belə vətəndaşlar həkim nəzarətindən kənar qalmamalıdır. O cümlədən də ölkəyə idxal edilən ət və digər qida məhsulları nəzarətdə olmalıdır. Məndə olan məlumata görə də, əhalinin sağlamlığının qorunması, "donuz qripi"nin ölkədə yayılmasının qarşısının alınması məqsədilə artıq sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır. Səhiyyə nazirliyi də mövcud təhlükədən sığortalanmaq üçün siçan və siçovulların evlərə, binalara girişinə şərait yaradan dəliklərin dezinfeksiyası işinə başlanılıb. Bu günlərdə Xətai və Suraxanı rayonlarında bu tədbirlərin şahidi oldum”.
Qeyd edək ki, xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib. Həmçinin, xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir. Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Şəymən